Məhkəmə qərarları › İş №2(012)-156/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-156/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-156/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 30 dekabr 2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akta görə hesablanmış 941,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə yaşayır. Evinə təbii qazdan istifadə üçün smart tipli sayğac quraşdırılmışdır. 11 avqust 2020-ci il tarixdə həmin sayğac dəyişdirilərək yerinə mexaniki sayğac qoyulmuşdur. Belə izah etmişlər ki, smart kartla işləyən sayğaclar öz ömrünü başa vurmuşdur. Qanunu sevən və qanuna riayət edən bir insan kimi kommunal xərcləri daima vaxtlı-vaxtında ödəmişdir. Bu günə qədər heç vaxt kommunal xidmətlər üzrə borcu və ya gecikməsi olmamışdır. Qazdan istifadə ilə əlaqədar ünvan -Abşeron rayonu, Hökməli kəndi, fərdi ev, Abonent kodu: **********05440 saylı ünvandır. Həmin evə aid qaz sayğacı evdən təxminən 10 metr kənarda, küçədə - yolun kənarında quraşdırılmışdır. O, yalnız qaz bitdikdə, yəni smartkartda olan qazı həmin qaz cihazına yükləmək lazım olanda həmin cihaza yaxınlaşaraq smartkartda olan qazı cihaza yükləmişdir. Smartkart cihazını dəyişərək mexaniki cihazla əvəz edəndən sonra həmin cihaza yaxın getməmiş və evə gələn qaz istifadəsinə dair qəbzlər əsasında ödənişlər etmişdir. Təxminən 2020-ci ilin yanvar ayında Xırdalan şəhərində yerləşən qaz idarəsinə getmiş və işçilərdən xahiş etmişdir ki, onun mexaniki qaz sayğacını smartkartla işləyən sayğacla əvəz etsinlər. Həmin vaxt ona məlum olmuşdur ki, guya onun 941,90 manat qazdan istifadəyə görə borcu vardır. Etirazını bildirərək, borcunun olmadığını qeyd etmişdir. Ona Baş idarəyə müraciət etməsini tövsiyə etmişlər. O, Baş İdarəyə müraciət etmiş, orada ərizə yazmış, həmin ərizə əsasında qaz idarəsinin əməkdaşı gəlib onun iştirakı ilə sayğaca baxış keçirmişdir. Sayğacda və qazın istifadəsində heç bir pozuntu olmadığı barədə onun iştirakı ilə akt tərtib edilmişdir. Ona bildirilmişdir ki, 30 dekabr 2019-cu il tarixdə tərtib edilmiş akt və ona əlavə edilmiş şəkillər başqa abonentə aiddir. Lakin bir müddət sonra ona yenidən borcunun olması barədə məlumat verilmişdir. 09 mart 2021-ci il tarixdə o, yenidən Baş idarəyə müraciət etmişdir. Ona məlumat verilmişdir ki, guya onun 08 fevral 2021-ci il tarixə 941,90 manat məbləğində borcu mövcuddur. 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktda göstərilir ki, guya baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bu yazılanlar tamamilə yalan və əsassızdır. Belə ki, həmin aktda adları qeyd olunmuş qaz idarəsinin işçilərini tanımır, heç vaxt görməmiş, həmin şəxslər onun iştirakı ilə akt tərtib etməmişlər ki, o da həmin aktı imza etməkdən imtina etsin. Bundan başqa, mübahisləndirilən aktda sadəcə onun ad və soyadı qeyd edilmişdir, evə aid şəkillər tamamilə başqa bir abonentə aid evin şəkilləridir. Qeyd olunduğu kimi, həmin aktın tərtib edilməsindən xəbərsizdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, 30.12.2019-cu ildə (həmin hərəkətin yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır) İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi evə quraşdırılmış **********05440 abunə kodlu sayğac yoxlanılmış və yoxlama zamanı “sayğacdan kənar qeyri-qanuni istifadə” müəyyən edilmişdir (həmin akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır). Faktla bağlı Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən həmin akt əsasında 30.12.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “8856 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2019-cu il tarixli ******* №-li Aktdan və “istehlakçı” İddiaçı adına olan **********05440 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “sayğacdan kənar istifadə” səbəbindən itirilmiş qazın miqdarı “8856 m3” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 885,60 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05440) dair hesablanmış 885,60 manat borc silinməli, iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********05440) dair hesablanmış 885,60 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar