Məhkəmə qərarları › İş №2(012)-1561/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1561/2024

30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1561/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dair **********23920 nömrəli abonent koduna yazılmış, ümumilikdə, 486 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən onun adına, ümumilikdə, 486 manat məbləğində cərimə yazılmışdır. Belə ki, cərimənin yazılmasına səbəb kimi 29/0305- 00001 3/-35 rəyə əsasən 1202A**********61 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi göstərilmişdir. O, bununla qəti şəkildə razılaşmır, ona görə ki, 2018-ci il tarixdə yazılmış cərimə puluna görə 2024-cü ilin yanvar ayından onun adına olan Smart tipli qaz sayğacına aid karta etdiyi ödənişlərdən 50 faiz pul çıxılır. Belə ki, etdiyi ödənişlərdən pul tutulduqdan sonra onun xx.xx.2018ci il tarixdə tərtib edilmiş sözügedən aktdan və həmin akta əsasən hesablanmış cərimə məbləğindən xəbəri olmuşdur. O, Smart tipli sayğaca aid karta yüklənən pulun çıxılmasının səbəbini öyrənmək üçün Cavabdeh İB-nin Xırdalan şəhərində yerləşən idarəsinə yaxınlaşmış, orada ona xx.xx.2018-ci il tarixli akt, abonentin saldosu və s. sənədlər verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Onu da qeyd edir ki, Cavabdeh İB-nin əməkdaşları onun yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirərkən o, işi ilə əlaqədar Gəncə şəhərində olduğundan evdə olmamış, bu zaman onun həyat yoldaşı Cavabdeh İB-nin əməkdaşlarının gəldiyindən xəbər tutmuşdur. Cavabdeh İB-nin əməkdaşları onun yaşadığı evin sayğacını söküb aparmış, daha sonra köhnə sayğacı yenisi ilə əvəz etmişdirlər. Əlavə olaraq bildirir ki, sayğacın qorunması və sayğaca nəzarət vətəndaşa aid deyildir. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən Sayğacın qorunması və nəzarəti Cavabdeh balansındadır. Belə olan halda sayğaca baxış zamanı göstərilən nüanslar, yəni sayğacın klapanın işləməməsinə, yivli birləşmələrinin korreziyaya uğramasına, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırılmasına, sayğacın elementinin bitməsinə görə vətəndaş yox, Cavabdeh İB nəzarət etməlidir və məsuliyyəti Cavabdeh İB daşımalıdır. Hesab edir ki, Cavabdeh tərəfindən hesablanmış, ümumilikdə, 486 manat məbləğində cərimə pulu əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********23920) Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman 29/0305-00001 3/-35 rəyə əsasən 1202A**********61 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən evə (abonent kodu: **********23920) 486 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən evə (abonent kodu: **********23920) 486 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********23920) Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 486 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********23920) 28 dekabr 2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 486 manat məbləğində cərimə silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar