Məhkəmə qərarları › İş №2(012)-1564/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1564/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1564/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinəXırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30,5 kv.metrdən, köməkçi sahəsi 12,9 kv.metrdən ibarət olan 55 nömrəli mənzilə dair onun adına verilmiş qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30,5 kv.metrdən, köməkçi sahəsi 12,9 kv.metrdən ibarət olan 55 nömrəli mənzilə dair onun adına qeydiyyat vəsiqəsi verilmişdir. O, bu qeydiyyat vəsiqəsinin əsasında adına yeni çıxarış almaq üçün ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İdarə tərəfindən qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Həmin qeydiyyat vəsiqəsində hüququ sahibi "Ərizəçi İbiş oğlu" göstərildyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq "Ərizəçi" kimi qeyd edilmişdir. Məhz bu səbəbi əsas götürərək ona məxsus mənzilin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasından imtina edilmişdir. Bu faktın təsdiqi mənzilə dair onun adına yeni çıxarış almaq üçün vacibdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçinin oğludur. Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30,5 kv.metrdən, köməkçi sahəsi 12,9 kv.metrdən ibarət olan 55 nömrəli mənzilə dair atasının adına qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Onlar uzun müddətdir ki, bu evdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçinin qardaşıdır. ünvan 2 ünvanında yerləşən 55 nömrəli mənzil qardaşınındır və o, bu mənzildə uzun müddətdir ki, yaşayır. Mülki işin materiallarında olan AZE 0******* saylı, xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan 3837 reyestr saylı qeydiyyat vəsiqənin surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 55 nömrəli mənzil Ərizəçi İbiş oğlunun adına tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 3837 reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “Ərizəçi İbiş oğlu” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması İdarənin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. İşdə olan 302133 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 55 nömrəli mənzil Ərizəçi mülkiyyətində olmuşdur. Onun mülkiyyət hüququna dair Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən 3837 reyestr saylı qeydiyyat vəsiqəsi verilmiş, lakin bu sənəd tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin ata adı İviş əvəzinə İbiş yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən 55 nömrəli mənzilə dair 3837 reyestr saylı qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən 55 nömrəli mənzilə dair 3837 reyestr saylı qeydiyyat vəsiqəsinin AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar