Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1571/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 26 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1969-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı xx.xx.1969-cu il təvəllüdlü X3 anadan gəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. 2014-cü ildə atası rəhmətə getmişdir. Ondan sonra anası və bacısı Bağırova Himayət onun himayəsində olmuşdur. 2019-cu ildə anası da rəhmətə getmişdir. Bacısı psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və özünü idarə edə bilmir. Nitq qabiliyyəti yoxdur. Eşitmə qabiliyyəti çox aşağıdır. Yemək yeməsi və təbii ehtiyaclarını kömək olmadan ödəməsi mümkün deyil. Birinci qrup əlilliyi müəyyən edilmişdir. Onu tək nəzatsiz buraxmaq mümkün deyil. Daimi onun nəzarətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçioğlu ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 02 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan, Sisyan rayonu, Vağudi kəndində anadan olmuş, atası Abbas Bağırov, anası Heyvagül Bağırovadır. Mülki iş materiallarında olan xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1969-cu il tarixdə Ermənistan, Sisyan rayonu, Vağudi kəndində anadan olmuş, atası Abbas Bağırov, anası Heyvagül Bağırovadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli 1368 saylı rəyindən görünür ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, bacısı Ərizəçi himayəsində yaşayır, daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli 1368 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Ermənistan, Sisiyan rayonunda anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.1969-cu il tarixdə Ermənistan, Sisiyan rayonunda anadan olmuş X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1571/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1571/2022
26.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver