Məhkəmə qərarları › İş №2(012)-1602/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1602/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1602/2020 22.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 281 ünvanında tikilən yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 135,8 kv.metr olan 127 saylı, 3 otaqlı mənzilin Cavabdeh2 verilməsinə dair İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia tələbi ilə yanaşı xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və habelə həmin müqavilə əsasında tərtib edilmiş maliyyə arayışının etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə (sədri X3) Cavabdeh1 arasında əldə olunmuş razılığa əsasən Cavabdeh1 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 281 ünvanında yerləşən yeni tikilməkdə olan yaşayış binası üçün İddiaçı MTK-ya beton verməli, İddiaçı MTK isə əvəzində həmin betonun haqqı olan 95060 manat məbləğində pulu digər Cavabdeh1 ödəməli idi. Həmin razılaşmanın təminatı olaraq Cavabdeh1, digər Cavabdeh2 ilə formal xarakterli alqı-satqı müqaviləsi bağlanmasını xahiş etmişdir. Beləliklə də İddiaçı MTK ilə Cavabdeh2 arasında xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 281 ünvanında tikilən binanın başa çatdıqdan sonra B girişi, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135,8 kv.metr olan 127 saylı, 3 otaqlı mənzilin Cavabdeh2 verilməsi barədə müqavilə imzalanmış, lakin cavabdeh tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinə heç bir pul məbləği ödənilməmişdir. Cavabdeh1 razılaşmaya əsasən 2 gündən sonra tanışı Eyvaz adlı şəxsdən sement alıb İddiaçı MTK-ya beton verməyi öhdəsinə götürmüş, buna baxmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və Cavabdeh2 isə formal bağlanmış müqaviləni geri qaytarmamışdır. Nəticə etibarı ilə formal bağlanmış müqaviləyə əsasən Cavabdeh2 mənzil təhvil verilməmiş, o da heç vaxt İddiaçı MTK-dan mənzil tələb etməmişdir. Ona görə də formal olaraq imzalanmış həmin müqavilənin rəsmi qaydada etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixi müqavilə digər bir əqdi pərdələmək məqsədilə bağlandığından yalan əqd hesab olunur. Yalan əqd isə etibarsız əqd olduğu üçün mübahisənin predmeti olan əqd etibarsızhesab edilməlidir. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qüvvədə qala bilməz və etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin həcminin artırılması barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı MTK-nın rəhbəri ilə aralarında dostluq münasibəti olmuşdur. Onlar birlikdə iş görmüşlər. Buna əsasən yeni tikilməkdə olan İddiaçı MTK-ya beton verməli, MTK isə həmin pulun qarşılığında ona ev verməli idi. Lakin razılaşma baş tutmamışdır. Hazırki iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş Cavabdeh2 tanımır. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 ünvan 2 ünvanında tikilən binanın B girişi, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135,8 kv.metr olan 127 saylı, 3 otaqlı mənzilini dəyərini tam ödəməklə almışdır. Müqavilə üzrə mənzilin dəyəri 95060 manat məbləğində müəyyənləşdirilmiş və müqavilə bağlanan gün mənzilin dəyəri Cavabdeh2 tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir. Bununla bağlı həmin tarixdə maliyyə arayışı təqdim edilmişdir. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Cavabdeh2 tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Onlar arasında tikinti materiallarının alqı-satqısı ilə bağlı razılaşma olsa da, lakin sonradan hazırki mübahisə predmeti olan ev məsələsi ortaya düşdüyündən, razılaşmaları baş tutmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan “kooperativ” İddiaçı Mənzil Tikinti Kooperativi ilə “payçı” Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, ünvan 2 ünvanında tikilən binanın başa çatdıqdan sonra, həmin binanın B girişi, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135,8 kv.metr olan 127 saylı, 3 otaqlı mənzili “payçı”ya təhvil verməyi “kooperativ” öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, göstərilən mənzilin ümumi dəyəri 135,8 kv.metr x 700 manat=95060 manat məbləğində müəyyən olunmuşdur. Payçı müqavilə imzalandığı tarixdə mənzilin ümumi qiymətinin tam ödəniş məbləğində ilk haqqı ödəyir. Kooperativ payçıya ödənilən məbləğə görə qəbz verir. Təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini payçı proporsional qaydada tam ödəniş ərzində kooperativin hesablaşma hesabına və ya xəzinəsinə nağd şəkildə ödəməlidir. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 281 ünvanında tikilən yaşayış binasının 3-cü mərtəbəsində, 127 saylı, ümumi sahəsi 135,8 kv.metr olan 3 otaqlı mənzilin dəyərindən 95060 manat İddiaçı Mənzil Tikinti Kooperativinə ödəmişdir. Qalıq borcu yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli müqavilə sadə yazılı müqavilə olmaqla müqavilə tərəfləri “kooperativ” və “payçı” kimi göstərilmişdir. İşdə olan sənədlərdən göründüyü kimi Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə mənzil tikintisini sifariş etmiş, MTK sifarişi qəbul etmiş, razılaşdırılmış muzd ödənilmiş, maliyyə arayışı ilə muzdun tam ödənilməsi təsdiq edilmişdir. Müqavilənin bağlanması müqavilə tərəflərinin heç bir məcbur etmə hallarına məruz qalmayan iradə ifadəsi nəticəsində baş tutmuşdur. Mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəflərinin azadlığı olmuşdur və bu hüquq mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. İddiaçı həmin müqavilənin formal olaraq bağlandığını, uydurma əqd olduğunu, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu, buna görə də əhəmiyyətsiz əqd olduğundan müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb etsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbi üzrə müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq İddiaçı MTK ilə digər Cavabdeh1 arasında olan razılaşmanın təminatı olaraq Cavabdeh2 ilə formal xarakterli alqı-satqı müqaviləsi bağlanmasını, həmin razılaşmaya əsasən Cavabdeh1 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 281 ünvanında yerləşən yeni tikilməkdə olan yaşayış binası üçün İddiaçı MTK-ya beton verməli olmasını, İddiaçı MTK-nın isə əvəzində həmin betonun haqqı olan 95060 manat məbləğində pulu Cavabdeh1 ödəməli olmasını, lakin razılaşmanın baş tutmadığını göstərmişdir. Lakin tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilədə göstərilmiş hallara dair tərəflərin öhdəliklərini əks etdirən hər hansı şərtlər aşkar edilməmişdir. Həmçinin göstərilən razılaşmaya dair İddiaçı MTK ilə Cavabdeh1 arasında ayrıca qaydada bağlanılan hər hansı müqavilənin mövcud olması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə öhdəliyin icrasını borcludan tələb etməyi müəyyən edən razılaşma ayrıca qaydada bağlanılan üçüncü şəxsin xeyrinə müqavilə ilə tənzimlənməlidir. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri xx xxxxxx 2020-ci il tarixdə yaranmışdır, Cavabdeh2 həmin tarixdə üzərinə düşən öhdəlikləri mənzilin dəyərini tam ödəməklə icra etmişdir. Həmin maliyyə arayışının MTK-nın özü tərəfindən verilməsi işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin və bunu əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından, iddiaçının müqavilənin və bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. İddiaçı iddia tələbi üzrə həmçinin müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi ilə yanaşı onların ləğv edilməsini tələb etmişdir. Mülki Məcəllənin 421-ci maddəsində nəzərdə tutulur ki, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən, müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürdüyü, dəyişmiş şəraitin müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilinmədiyi müəyyən edildikdə ləğv edilir. İddiaçı MTK Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə Cavabdeh2 tərəfindən müqavilə şərtlərinin pozulması və müqavilənin ləğv olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda sübutetmə vəzifəsi İddiaçı MTK-nın üzərinə düşsə də, o, öz iddia tələbinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini, eləcə də cavabdehin belə faktların mövcud olmamasını təsdiqləyən faktlar başa düşülür. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddiaçının tələbinin əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddianı əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə, məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar