Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1605/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış (abonent kodu: **********05520) 2100 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1ində yerləşən evdə yaşayır. İddiaçı evinə sərf etdiyi təbii qaza görə hər ay vaxtlı-vaxtında ödəniş etmişdir. Təbii qaz kart sistemi ilə olduğu üçün iddiaçı karta pul yükləyir, yüklədiyi məbləği işlədir və bitdikdə yenə də karta pul yükləyirdi. Cavabdeh İB tərəfindən 2100 manat borcun olduğu, lakin həmin borcun necə və hansı səbəbdən yaranması barədə heç bir məlumat və rəsmi sənəd verilməmişdir. İddiaçının evinə yeni sayğac quraşdırılmış, lakin borcu olduğu üçün həmin kartı aktiv etməmişlər. İddiaçı Cavabdeh İB-nin satış mərkəzindən borcun olmaması barədə rəsmi şəkildə məlumat əldə etmişdir. İddiaçının iki azyaşlı uşağı olmaqla yaşadığı ev 1 otaqdan ibarətdir. 1 otaqlı mənzilə 2100 manat borcun yazılması cəfəngiyatdır. İddiaçı aidiyyəti qurumlara müraciət etsə də müraciəti cavabsız qalmış, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun əvvəlki sayğacı kartla işləmiş və həmin sayğaca görə borcun olması mümkün deyildir. Ona görə də 2100 manat borc məbləği ilə razı deyildir. Sayğacın dəyişilməsi hardasa, 8 ay müddət olardı ki, dəyişilmişdir. Onun yaşadığı ev iki otaqlı olmaqla, hər zaman istifadə etdiyi qazın dəyəri ödənilmişdir. Əvvəl qazın dəyərinin ucuz olduğu bir vaxtda 30 manat pul vəsaiti ödəyirdi. Sayğacın dəyişilməsi zamanı sayğacda qüsurun olması ilə bağlı ona hər hansı bir məlumat verilməmişdir. Sayğac digərlərində olduğu kimi, mənzildən kənarda, həyətdə quraşdırılmış və onun, eyni zamanda, ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçıya məxsus sənədlər sistemə vurulan zaman borcun olması müəyyən olunmuşdur. Baxış keçirilən zaman sayğacda 2100 manat dəyərində olan mənfilik aşkar olunaraq bu barədə iddiaçıya məlumat verilmiş və akt tərtib olunaraq iddiaçının imzası ilə təsdiq edilmişdir. Tərtib olunmuş rəyə əsasən, mexaniki göstəricisi işləsə də, elektron göstərici işləmədiyindən arada olan fərq nəticə etibarı ilə sayğacın mənfiyə işləməsi ilə nəticələnmişdir. Bu səbəbdən də, hazırda, mövcud olan borc 2145 manat təşkil edir. Sayğac kartla istifadə edilsə belə, sayğacda qüsur varsa işləməyə davam edir və mənfiyə doğru işləməyə başlayır. Sayğaca nəzarət Cavabdeh İB-nin səlahiyyəti olsa da elektron sayğaca nəzarət etməyə dair səlahiyyət mövcud deyildir, ona görə də hesab edir ki, sayğaca görə nəzarət etmək abonentin öhdəliyi idi. Bu səbəbdən də, abonent sayğacdan istifadə etdiyinə görə ödənilməmiş qazın dəyərini ödəməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli 1402AZ**********73 saylı sayğaca baxış keçirilmiş, menyular arasında fərq olduğundan sayğac Zenner markalı, G-4 tipli sayğacla əvəz olunmuşdur. -Abonent kodu **********05520 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4 Smart **********145 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2023-cü ilə aid olan borcu 2145.55 manat göstərilmişdir. -Gasrep çıxarışından görünür ki, İddiaçı adına quraşdırılmış qaz sayğacına görə 2160.55 manat borc hesablanmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03467-1 saylı aktından görünür ki, 1402AZ**********73 saylı sayğaca baxış keçirilmiş, sayğacın mexaniki hissəsi keçən qazın həcmini qeyd etmir, göstəricilər arasında fərq var, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində “Alarm-1” rejimi aşkar olunmamış, xətalar təyin edilməmiş, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyildir, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Nəticədə, sayğac istismara yararsız hesab olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ağayev X1 rayonu, Gülməmmədli kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun mənzilindən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. İddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına nəzarət etmək qaz paylayıcısının vəzifəsi olduğu halda “Qaydalar”ın tələblərinə uyğun olaraq, qaz sayğacına 30 gündən bir dəfə olmaqla nəzarət etmək öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş »Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03467-1 saylı aktına əsasən, 1402AZ**********73 saylı sayğaca baxış keçirilən zaman sayğacın mexaniki hissəsinin keçən qazın həcmini qeyd etmədiyi, göstəricilər arasında fərq olduğu, sayğacın yaddaş arxivinin oxunmadığı, sayğacda istismar müddətində “Alarm-1” rejiminin aşkar olunmadığı, xətaların təyin edilmədiyi, sayğacın membranı fasilələr ilə işlədiyindən sınaq qurğusunda sayğacı yoxlamaq mümkün olmadığı müəyyən edilmiş, bununla yanaşı, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilən zaman kənar təsir izlərinin aşkar edilmədiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, tərtib olunmuş akt iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacının qüsur nəticəsində yararsız hesab olunması ilə nəticələnsə də, sayğaca kənar müdaxilələrin olmaması da öz təsdiqini tapmışdır. Bu da öz növbəsində, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmadığını təsdiq edir. Məhkəmə həmçinin, qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş Gasrep ödəniş sənədindən də göründüyü kimi, iddiaçı tərəfindən qaz sayğacına görə kart vasitəsilə mütəmadi olaraq ödənişlər olunmaqla həmin məbləğlər arasında kəskin fərqlər mövcud deyildir. Mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, abonentə qaz sayğacına görə 2145 manat borc hesablansa da, iddiaçı tərəfindən 2100 manat pul vəsaitinin silinməsi xahiş olunmuşdur. Məhkəmə irəli sürülmüş tələblərə mahiyyəti üzrə baxdığından iddia tələbinin təmin edilərək 2100 manat pul vəsaitinin silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamını və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2100 manat cərimə borcu abonent kodu **********05520 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 41 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2100 (iki min yüz) manat borc abonent kodu **********05520 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 41 (qırx bir) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov