Məhkəmə qərarları › İş №2(012)-1615/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1615/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1615/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayonu 1 saylı notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayonu 1 saylı notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC və İddiaçı1 arasında bağlanmış 13 noyabr 2013-cü tarixli, 040HOME091802 saylı kredit müqaviləsi və həmin tarixli 040HQME091802/ASİ ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 ASC arasında 84 ay müddətinə, illik 9 faiz kreditdən istifadəyə görə 93.115 ABŞ dolları məbləğində 13 noyabr 2013-cü il tarixli, Q40HOME091802 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqavilənin təminatı kimi İddiaçı1 ilə Cavabdeh2 ASC arasında 13 noyabr 2013-cü il tarixdə bağlanmış 040HOME091802/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1ində yerləşən 0,0263 ha torpaq sahəsinin dəyəri 10.000 manat məbləğində müəyyən edilmişdir. Halbuki, həmin torpaq sahəsinin üzərində tikilən fərdi yaşayış evinin dəyəri nəzərə alınmalı idi. Lakin bunu bank nəzərə almamışdır. Daha sonra bütün dünyada və o, cümlədən Azərbaycan Respublikasında ABŞ dollarında devalivasiya olduğu üçün Cavabdeh2 ASC üstünlük hüququndan istifadə edərək, 13.11.2013-cü ildə tarixli, 040HOME091802 saylı kredit müqaviləsinin restruksiyasına dair 08.04.2015-ci il tarixli razılaşmaya əsasən borc qalığı 84.200 manat müəyyən edilmiş və krediti qaytarılmaması nəticəsində, həmin kredit müqaviləsi üzrə 69.987,07 manat əsas, 16.657,25 manat faiz, 3.4381,96 manat cərimə borcu yaranmışdır. Bu devalivasiyadan sonra İddiaçı1 əlverişsiz vəziyyətə düşməyindən bank istifadə etmişdir. Belə ki, kredit müqaviləsi üzrə 69.987,07 manat əsas borc üzrə 16.657,25 manat faiz borcu və 34.381,96 manat cərimə borcunun yaranmışdır. Bütün bunlardan sonra İddiaçı1 ünvan 1ində yerləşən 0,0263 ha torpaq sahəsinin üzərində tikdiyi mənzilin hazırkı bazar qiyməti 150.000 manatdır.Əqd vacib əhəmiyyətli yanılma nəticəsində başlanmışdır,bank iddiaçının etimadından sui-istifadə etmişdir. Bundan başqa, onların birgə nikahları dövründə əldə edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi onunla rəsmi nikahda olan X3 iradəsinə zidd olmuşdur. Hesab edirlər ki, X6 ilə Cavabdeh2 ASC arasında 13 noyabr 2013-cü ıl tarixdə bağlanmış kredit və ipoteka müqavilələri etibarsız hesab edilməlidir. Cavabdeh2 ASC həmçinin “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun da tələblərini pozaraq istehlakçı olan iddiaçıya zəruri və düzgün məlumat verməmiş və bununla da onu aldatmışdır. İştirak etdiyi məhkəmə baxışı iclasında İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı Cavabdeh2 ASC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 13.11.2013-cü il tarixli, 040HOME091802 saylı kredit müqaviləsinin və həmin müqavilənin restrukturizasiyasına dair 08.04.2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 69.987,07 manat əsas borc, 34.381,96 manat cərimə, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 121.086,28 manatın tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,0263 hektar torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pulun hesabına 121.086,28 manatın ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdeh İddiaçı1 ümumi qaydada tutulmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-130/2020 saylı 30.09.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 13.11.2013-cü il tarixli, 040HOME091802 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 69.987,07 manat məbləğində əsas borcun, 16.657,25 manat faiz borcun və 1.000 manat cərimə olmaqla, cəmi 87.644,32 manatın tutularaq Cavabdeh2 ASC-yə verilməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 1ində 0,0263 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh İddiaçı1 Cavabdeh2 ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun tələb edilən borca ödənilməsi, ipoteka predmeti olan evin açıq hərracdda ilkin satış qiymətinin 105.500 manat müəyyən edilməsi, ünvan 1ində 0,0263 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayı evi satıldıqdan sonra ən geci bir ay ərzində qeyd olunan evin boşaldılaraq alıcıya təhvil verilməsi, iddia təmin olunduğundan iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manatın İddiaçı1 alınaraq iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdeh İddiaçı1 ümumi qaydada tutulması barədə iddia tələbinin bu hissədə rədd edilməsi, cavabdeh İddiaçı1 iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın tədqiqatının dəyəri olan 150 manatın dövlət nəfinə köçürülməsi və evin qiymətləndirilməsinin aparılması məqsədi ilə keçirilmiş ekspertizanın dəyəri olan 300 manatın alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli, 2(106)-666/2021 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(032)-130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı Abşeron Rayon Məhkəməsinin icraatında olan iddia tələbində qaldırılmış məsələlərə Şirvan Şəhər Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(032)-130/2020 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli, 2(106)-666/2021 saylı qətnamələri ilə mahiyyət üzrə baxılaraq artıq hüquqi qiymət verilmişdir. Bundan başqa, İddiaçı1 və İddiaçı2 yalnız 8 ilə yaxın müddət keçdikdən sonra 13.11.2013-cü il tarixli 040HOME091802 saylı kredit və həmin tarixli 040HOME091802/ASİ saylı ipoteka müqavilələrinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişlər. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. İpoteka predmeti qiymətləndirilmişdir. Hazırki iddia yalnız vaxt qazanılması məqsədi ilə verilmişdir. İddiaçılar iddia müddətini də ötürmüşlər. Göstərilənlərə əsasən iddia əsassız olduğu üçün, həm də iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı2 və Abşeron rayon 1 saylı Notariat Kontoru məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlər digər İddiaçı2 və Abşeron rayon 1 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 noyabr 2013-cü il tarixli 040HOME091802 saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh2 ASC-nin Badamdar filialı tərəfindən İddiaçı1 84 ay müddətinə illik 9% faizlə 93.115 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 noyabr 2013-cü il tarixli 040HOME091802/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən müəyyən edilir ki, X1 rayonu, Masazır kəndi ünvanında yerləşən 0,0263 ha torpaq sahəsini İddiaçı1 satır. Əmlakın satış qiyməti 10.000 manatdır 07 noyabr 2013-cü il tarixli 040HOME091802 saylı kredit müqaviləsinə əsasən İddiaçı1 verilmiş kredit vəsaiti hesabına ödənilir. İpoteka qoyan İddiaçı1 satılan torpaq sahəsini öhdəliyinin təminatı kimi ipoteka saxlayan Cavabdeh2 ASC-yə verir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(032)-130/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 13.11.2013-cü il tarixli, 040HOME091802 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 69.987,07 manat məbləğində əsas borcun, 16.657,25 manat faiz borcun və 1.000 manat cərimə olmaqla, cəmi 87.644,32 manatın tutularaq Cavabdeh2 ASC-yə verilməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 1ində 0,0263 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh İddiaçı1 Cavabdeh2 ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun tələb edilən borca ödənilməsi, ipoteka predmeti olan evin açıq hərracdda ilkin satış qiymətinin 105.500 manat müəyyən edilməsi, ünvan 1ində 0,0263 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayı evi satıldıqdan sonra ən geci bir ay ərzində qeyd olunan evin boşaldılaraq alıcıya təhvil verilməsi, iddia təmin olunduğundan iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manatın İddiaçı1 alınaraq iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdeh İddiaçı1 ümumi qaydada tutulması barədə iddia tələbinin bu hissədə rədd edilməsi, cavabdeh İddiaçı1 iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın tədqiqatının dəyəri olan 150 manatın dövlət nəfinə köçürülməsi və evin qiymətləndirilməsinin aparılması məqsədi ilə keçirilmiş ekspertizanın dəyəri 300 manatın alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli, 2(106)-666/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(032)-130/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilmsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış 07 noyabr 2013-cü il tarixli 040HOME091802 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı1 ünvan 1i ünvanında yerləşən 0,0263 ha torpaq sahəsinin alınması məqsədi ilə illik 9% hesablanmaqla 84 ay müddətinə 93.115 ABŞ dolları məbləğində kredit verilmiş, kredit alan verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank-ipoteka saxlayan ilə satıcı X7 və ipoteka qoyan İddiaçı1 arasında 13 noyabr 2013-cü il tarixli 040HOME091802/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin bağlanmış, həmin müqaviləyə görə ünvan 1i ünvanında yerləşən 0,0263 ha torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. İddiaçılar müqavilələr bağlanarkən cavabdeh tərəfindən əqd bağlanması məqsədilə aldadıldıqlarını və qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığını,bank tərəfindən etimad və vicdansızlıq prinsipinə əməl edilmədiyi, sui-istifadə olduğunu bildirsələr də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilmədilər. İddiaçılar onların cavabdeh tərəfindən aldadılmasının konkret olaraq nədə ifadə olunmasını göstərə və əsaslandıra bilmədi. Eyni zamanda, mübahisələndirilən 13.1.2013-cü il tarixli kredit, alqı-satqı və ipoteka müqavilələrindən də görünür ki, kredit məbləği, onun qaytarılması qaydası və digər şərtləri, habelə alqısatqı və ipoteka müqaviləsinin şərtlərini tərəflər aralarında razılaşdırmışlar. Həmçinin, mübahisələndirilən kredit müqaviləsindən də görünür ki, tərəflər kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının kreditin verildiyi valyutada həyata keçirilməsini aralarında razılaşdırmışlar. Ümumiyyətlə, iddiaçılar, tərəflər arasında imzalanmış mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsini tələb etsələr də, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsasın mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədilər və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmadı.Həmçinin qeyd edilən müqavilələr qüvvədə olan məhkəmə qətnamələri üzrə də, baxışın predmeti olmuş, onlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Eyni zamanda həmin qərarda göstərilir ki, “Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında” sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin milli valyutasında həyata keçirilməlidir. Həmçinin, “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur. İş materialları ilə müəyyən olunur ki, 07 noyabr 2013-cü il tarixli 040HOME091802 saylı kredit müqaviləsinə əsasən kredit tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, tərəflər kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasının kreditin verildiyi valyutada həyata keçirilməsi barədə razılığa gəlmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 347.1-ci vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; 347.2-ci və 347.2.2-ci maddələrinə əsasən şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir vacib əhəmiyyətli yanılmadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi və ipoteka müqaviləsi 13 noyabr 2013-cü il tarixdə imzalanmışdır və müqavilələrin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçılar tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 7 ildən artıq müddət keçdikdən sonra 28.01.2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayonu 1 saylı notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abşeron rayonu 1 saylı notariat ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar