Məhkəmə qərarları › İş №2(012)-1619/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1619/2023

31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1619/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031196 saylı aktın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 23 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında ona məxsus olan evdə yerləşən elektrik sayğacına baxış keçirərək, 031196 saylı akt tərtib etmişlər. Akta görə evdə olan elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin yan hissəsindən obyektin giriş naqilinin izolyasiyasını pozaraq budaqlama yolu ilə kənar sexi sahəsi S=210 mm 2 aliminium kabel xətti vasitəsilə çəkilmişdir. Daha sonra sayğac enerji qidalanmasından ayrılmaqla fərdi yaşayış evinə elektrik verilişinə məhdudiyyət qoyulmuşdur. Lakin gündəlik tələbata görə elektrik verilişi onun tərəfindən bərpa olunmuşdur. 23 yanvar 2023-cü il tarixli 031196 saylı aktla (sayğac № **********0M, kod **********18236) ona məxsus enerji ödəniş sisteminə 2863,08 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə, aktın tərtibatında da qanunsuzluğa yol verilmişdir. Belə ki, qeyd olunan akt onun və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib edilmiş, sayğaca müdaxilə və ya onun qəsdən dayandırılması ilə bağlı foto, video çəkiliş, hal şahidi və s. ümumiyyətlə pozuntunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 2882,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli NDM 031196 saylı aktın surətindən görünür ki, **********18236 kodlu abonentə məxsus elektrik sayğacına baxış keçirilərkən, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin yan hissəsindən obyektin giriş naqilinin izolyasiyasını pozaraq budaqlama yolu ilə kənar sexi sahəsi S=210 mm 2 aliminium kabel xətti vasitəsilə çəkilmişdir.. Baxış zamanı ölçmə aparılmış, kənar xətt ləğv edilmişdir. Akt abonent tərəfindən imzalanmamışdır. Mülki işin materiallarından olan **********18236 kodlu abonent İddiaçı saldosundan görünür ki, abonent İddiaçı məxsus sayğac oxunması 1675,96 manat, aktlar əsasında cərimə 2641,50 manat, ödəmələr 1448,98 manat, sayğac quraşdırma tarixə borc 204,78 manat, sayğac quraşdırmadan sonra ödəmə 920 manat, karta yüklənən məbləğ 715 manat, borcdan ödəmə 205 manat, Paud sayğaca yazılan akt 2909 manat, borc 2863,08 manat təşkil edir. İşdə olan bildirişdən görünür ki, **********18236 kodlu abonent İddiaçı elektrik enerjisinə görə borcu 2863,08 manat təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı məxsus elektrik sayğacı yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Bununla belə, işdə olan mötəbər sübutlardan görünür ki, abonent tərəfindən elektrik xəttinə kənar qoşulma halı mövcuddur. Abonent elektrik xəttinə sayğacdan kənar qoşulma ilə elektrik enerjisindən istifadə etmiş və dəyərini ödəməmişdir. Lakin istifadə edilmiş elektrik enerjisinin dəyərini mexaniki metodla müəyyən edərkən "xxxx" ASC səhvə yol vermişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli NDM 031196 saylı akta əsasən, cavabdeh şirkət tərəfindən 22176 kvt elektrik sərfiyyatının 2822,9 manat məbləğində hesablanması barədə mövqeyi ilə razılaşmır və hesab edir ki, qeyd edilən akt əsasında abonentə 258,72 ((3234 x 0,08 = 258,72); (11 kvt x (0,7) x 14 saat x 30 gün = 3234) manat cərimə hesablanması daha ədalətlidir. Məhkəmə hesab edir ki, iddiaçıya istifadə etdiyi elektrik enerjisinə görə cavabdeh tərəfindən 258,72 manat cərimə tətbiq edilməli idi. Tətbiq edilən cərimənin 2882,88 manat olduğu nəzərə alınarsa, iddianın 2624,16 manat hissədə əsaslı olması (2882,88-258,72) müəyyən edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə cərimə borcu tətbiq edilərkən abonentə yuxarı həddə, yəni 2624,16 manat çox cərimə tətbiq edilmişdir ki, bu da qanunsuzdur. Məhkəmə hesab edir ki, bu məbləğdə borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abonentə hesablanmış 2624,16 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********18236 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM 031196 saylı akta əsasən abonent İddiaçı hesablanmış borcdan 2624,16 manat silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar