Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1624/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə 28 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən Abşeron rayonu,Aşağı Güzdək qəsəbəsində yerləşən evinə qanunsuz hesablanmış 279,88 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvan 1 ünvanına yaşayır. İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahəsi 80 kv.m olan fərdi yaşayış evi tikdirmiş, lakin orada yaşamamışdır. Həmin ünvana Cavabdeh ASC tərəfindən su sayğacı quraşdırılmışdır. İddiaçı həmin su sayğacından heç vaxt istifadə etməsə də, ona əsassız olaraq 279,88 manat məbləğində borc yazılmışdır. Bu barədə Cavabdeh ASC-yə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıda qeyd edilənlərə görə təmin edilməlidir. Mülki işin materiallarından olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 50 saylı MKTS tərəfindən verilmiş 08.10.2020-ci il tarixli 165 №-li arayışdan müəyyən edilir ki, həqiqətən də, İddiaçı ünvan 1 ünvanına qeydiyyatdadır və orada yaşayır. Mülki işin materiallarından olan Cavabdeh ASC “Abşeron Su-Kanal” İdarəsi tərəfindən göndərilən 10 mart 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, ünvan 3 ünvanındakı evin sahibi İddiaçı ilə 20.09.2016-cı il tarili 33691602 saylı müqavilə bağlanılmış və 25398 nömrəli akta əsasən dəymiş 240 m3 ziyan hesablanmaqla, **********000 saylı abonent kodu açılmışdır. İstehlakçı tərəfindən 14.11.2016-cı il tarixdə 20 manat, 25.01.2018-ci il tarixdə 60 manat, 12.02.2018-ci il tarixdə 31 manat su sərfinə görə ödənişlər olunmuşdur. 10.03.2021-ci il tarixə adı çəkilən abonentin 279,88 manat su təchizatına görə ödənilməmiş pul borcu vardır. İddiaçının izahatından və işin materiallarından göründüyü kimi,iddiaçının daimi yaşayış yeri ünvan 1 ünvanıdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki tikildə nə o, nə də kənar şəxslər yaşamır və sudan istifadə olunmur.İddia olunan borcun yaranma mənbəyini müəyyən etmək mümkün deyildir. “Sudan istifadə qaydalarının istifadəsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihazlar quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı su larının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzrədə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Beləliklə, işin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hesablanmış borcun hüquqi əsası olmadığından iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən X1 məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evində (abonent kodu: **********000) sudan istifadəyə görə hesablanmış 279,88 manat borc əsassız olaraq hesablanmış borc kimi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən X1 məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evində (abonent kodu: **********000) sudan istifadəyə görə hesablanmış 279,88 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1624/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1624/2021
28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver