Məhkəmə qərarları › İş №2(012)-1630/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1630/2022

08.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1630/2022 08.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2022 tarixdən etibarən cavabdehdən tutulan aliment məbləğinin artırılaraq 25.07.2009-cu il təvəllüdlü X1 üçün 18 yaşına çatana kimi hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-4431/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qətnaməsi qəbul edildikdən keçən müddət ərzində 1500 manatdan çox ödənilməyən aliment məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4431/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05.05.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrə ilə qeyd edilmiş nikahın pozulması haqqında qətnamə çıxararaq 25.07.2009-cu il təvəllüdlü birgə nikahlarından doğulmuş X6 hər ay 103 manat sabit pul məbləğdə aliment təyin edilmişdir. 2014-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 103 manat, 2022-ci il 01 yanvar tarixindən isə uşaqlar üçün yaşayış minimumu məbləği respublika prezidenti tərəfindən 193 manat müəyyən edilmişdir. Bildirir ki, 103 manata uşağın ay ərzində nəinki geyim, təhsil və s.xərclərini heç qidalanmaq üçün lazım olan minimum maddi ehtiyaclarını belə ödəmək mümkün deyildir. 2014-cü ildən bugünə kimi baxmayaraq ki, hər il yaşayış minimumu artmışdır, o, bugünə kimi artıma uyğun aliment məbləğinin artırılması iddiası tələbini irəli sürməmişdir. Artıq uşağın 12 yaşı vardır və maddi ehtiyacları artdığı üçün aliment məbləğinin də artırılmasına ehtiyac vardır. Üstəlik cavabdeh ticarət və maşın təmiri ilə məşğuldur, real olaraq aliment məbləğini ödəmək imkanları kifayət qədərdir. “Mediasiya haqqında “Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə təkliflə ərizə ilə müraciət olunmuş, lakin cavabdeh tərəf ərizəni qəbul etməkdən imtina etmişdır. Bundan sonra ünvan 1 ünvanda yerləşən 2 saylı mediasiya şurasına müraciət edilmişdir. Digər məsələ isə aliment təyin olunandan hal-hazıra kimi cavabdeh tərəfdən alimenti normal şəkildə ala bilmir. İlk ayları, illəri alimenti ödəməkdən dolayı yolla boyun qaçırdığı üçün cavabdeh tərəf xeyli müddət aliment odəməmişdir. Məhkəmə icraçılarının təsiri nəticəsində cavabdeh tərəf alimenti ödəməyə məcbur olsa da yenədə müxtəlif fəndlərdən istifadə edərək alimenti hər ay üçün ödəməkdən yayınmışdır. Вelə ki, cavabdeh hər 3-4 aydan bir 100 manat aliment ödəyir. Ona görədə indiyə kimi 1500 manatdan artıq aliment məbləği cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4431/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə övladı 25.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 103 manat alimentin ondan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O hazırda fəhlə olaraq işləyir. O, ikinci dəfə ailə qurmuş və ikinci evliliyindən 1 övladı da vardır. Onun valideynləri əlildir və valideynlərinə özü baxır. Odur ki, onun maddi vəziyyəti aşağı olduğundan övladı 25.07.2009-cu il təvəllüdlü X1 üçün hər ay 120 manat aliment ödəyə bilər. Odur ki, o, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 143903 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 11.02.2018-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4431/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05.05.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 25.07.2009-cu il tarixdə anadan olmuş X4 anası X3 himayəsində saxlanılması və yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 15.09.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2022-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla belə nəticəyə gəlir ki, 11.02.2018-ci il təvəllüdlü X2 üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa cavabdehin Abşeron Rayon Məhkəməsinin 2(012)-4431/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qətnaməsi qəbul edildikdən keçən müddət ərzində 1500 manatdan çox ödənilməyən aliment borcunun tutulması lə bağlı qeyd edir ki,bu hissə ilə bağlı əsaslar müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4431/2014 saylı, 23 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 11.02.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Digər hissədə iddia tələbi rədd edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 31 (otuz bir) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar