Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-164/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması və işığın bərpa olunması tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı borcun tutulması və işığın bərpa olunması tələbinə dair ilkin iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hesablanmış 1901.61 manat borcun Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC tərəfindən həmin ünvanda işığın bərpa edilməsinin təmin edilməsi və 2022-ci ilin yanvar ayından bəri ödədiyi 300 manat kirayə haqqının məhkəmə qətnaməsi icra olunanadək Cavabdeh1 QSC tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvandakı elektrik sayğacına görə 1901.61 manat borcun Cavabdeh1 QSC-dən alınıb **********03481 saylı elektrik abunə nömrəsinə ödənilməsi və həmin ünvana "xxxx" ASC tərəfindən elektrik enerjisinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 QSC öz növbəsində, cavabdehlər İddiaçı və "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsi üzrə "xxxx" ASC tərəfindən hesablanmış 1901.61 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Buna dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Sözügedən yaşayış evi İddiaçı xx.xx.2021-ci il tarixli, 998595 saylı alqısatqı müqaviləsi əsasında Cavabdeh1 QSC tərəfindən satılmışdır. Evi alarkən 1901.61 manat elektrik borcunun olduğunu bildikdə İddiaçı Cavabdeh1 QSC-yə müraciət etmiş, lakin müsbət cavab verilməmişdir. Alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Hesab edir ki, xx.xx.2021-ci il tarixdə alınmış fərdi yaşayış evinə aid "xxxx" ASC tərəfindən hesablanmış 1901.61 manat elektrik borcunun ödənilməsi Cavabdeh1 QSC tərəfindən icra olunmalıdır. Bu səbəbdən də, İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də ilkin iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, müqavilə əsasında aldığı mənzildə yaşamadığı halda işığa görə yaranmış borcu ödəməyə borclu deyildir. O, mənzili Cavabdeh1 QSC-dən almış, sözügedən bank satıcı qismində çıxış etmiş və kommunal xidmətlərdən azad olmayan mənzili ona satmışdır. Ona görə də hesab edir ki, yazılmış borc bank tərəfindən ödənilməlidir. O, mənzili alan zaman sayğacların harada yerləşməsi barədə məlumatlı olmamışdır. Müqaviləni oxuyan zaman o, etibarlı yerdən mənzili aldığından güvənmiş və bu cür hadisənin olacağını ağlına gətirməmişdir. Digər kommunal ödənişlərlə bağlı problemlər yaranmamışdır. Mənzilin keçmiş sahibi qazı və suyu qonşudan götürmüş və o, ərizə verərək sayğac quraşdırmış, qazı və suyu bərpa etdirmişdir. İşıq xətti hazırda, məhkəmə qərardadı ilə evinə verilir. Onun mənzili başqa şəxsdən alan zaman kommunal xidmətlərlə bağlı borcun olması barədə arayışın istənilməsi barədə məlumatı vardır, lakin müəssisədən alan zaman arayışı istəmək onun ağlına gəlməmiş və bunu bilsə də banka etibar etdiyindən istəməmişdir. O, işıq idarəsinə müraciət edərək sayğacın quraşdırılmasını xahiş etmiş, lakin borc olduğundan sayğacın quraşdırılmasından imtina edilmişdir. Bankın nümayəndəsi 300 manat kirayə haqqı ilə bağlı sübut təqdim etmədiyini bildirsə də bununla razı deyildir. Belə ki, işıq xətti verilənədək o, şaxtalı vəziyyətdə kirayədə qalmışdır. Ona görə də ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci (Elektrik və istilik enerjisi istehlakçılarının hüquqları) maddəsinə əsasən, istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında hər hansı bir müqavilə mövcud deyil və sonuncuya elektrik enerjisinin verilməsinə dair xidmət göstərilməmişdir. Hesab edilir ki, "xxxx" ASC tərəfindən hesablanmış 1901.61 manat borcun Cavabdeh1 QSC-yə aid edilməsi sonuncunun əsassız maliyyə yükünə məruz qalmasına dəlalət edəcəkdir. İstinad olunan borc məbləğinin hansı istehlakçıya aid olduğu aşkar edilməli və qeyd olunan məbləğin ödənilməsi və s. hərəkətlər əsl borcluya yönəldilməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə3 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 QSC ilkin iddiaçının tələb etdiyi borcu qəbul etmir və ilkin iddiaçı kirayə haqqı olaraq tələb etdiyi ödənişlərə dair sübutlar təqdim etməmişdir. Cavabdeh1 QSC mübahisəli fərdi yaşayış evini hərrac vasitəsilə borc müqabilində əldə etmiş və "xxxx" ASC ilə arasında işıq enerjisindən istifadə olunması ilə bağlı münasibət mövcud olmamış, bank elektrik enerjisindən istifadə etməmiş və borcun olması ilə bağlı ümumiyyətlə, məlumatı olmamışdır. Bütün daşınmaz əmlakla bağlı qeydlər müqavilə bağlanan zaman aşkara çıxır və bu barədə bankda məlumat olsaydı həmin borcu bank borcludan tələb edərdi. Cavabdeh1 QSC "xxxx" ASC-yə sorğu göndərmiş, borcun hansı əsasla, hansı müqavilə münasibətləri əsasında yarandığını, yaranmışdırsa, sözügedən sənədlərin təqdim edilməsi xahiş olunmuş, lakin cavabın verilməsindən imtina edilmişdir. 1901.61 manat borcun hansı dövrdən yaranması banka məlum deyildir. Tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndi ilə bağlı qeyd edir ki, müqavilə bağlanan zaman həmin borcun olması banka məlum olmamışdır. Lakin borc olsa belə bank həmin borcun əsaslı olmadığını iddia etmişdir ki, qarşılıqlı iddia ərizəsini təqdim etmişdir. Hesab edir ki, yaranmış borcla bağlı "xxxx" ASC cavabdehlik daşıyır. "xxxx" ASC Cavabdeh1 QSC-ni borcla bağlı məlumatlandırmalı idi. Hesab edir ki, mənzil satılan zaman prosedur qaydalara riayət olunmuş və araşdırıldığı zaman borcun olması ilə bağlı arayış təqdim olunmuşdur. Güman ki, mənzil satılan zaman borc mövcud olmamışdır. Bank mübahisəli fərdi yaşayış evini Leyla adlı xanımdan almışdır. Akta əsasən müəyyən olunmuşdur ki, müqavilə X1 adına bağlanmış və borc onun adına yazılmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 ilk iddia ərizəsini qismən qəbul edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hesab edir ki, Cavabdeh1 QSCnin ona məlum olmayan borcla bağlı vətəndaş əziyyət çəkməli deyil, ona görə də Cavabdeh1 QSC borcun olması ilə bağlı məlumatı olmalı idi. Cavabdeh1 QSC sənədlərin təqdim edilməsi ilə bağlı müraciət etsə də sözügedən sorğu qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyindən cavab verilməmişdir. Bank mənzilə sahiblənmiş, mənzili vətəndaşa satmış və satan zaman ümumiyyətlə, borcun olması ilə bağlı müraciət etməmişdir. İlk iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, tələbin bank hissəsində tamamilə razıdır. İlk iddiaçı iddia tələbində haqlı olaraq, mənzili müqavilə əsasında almışdır. Mənzillə bağlı borcların olması barədə məlumatın verilməsi birbaşa olaraq satıcının borcudur. Qarşılıqlı iddia ərizəsi ilə isə ümumiyyətlə, razı deyildir. Qarşılıqlı iddia ərizəsi ilkin iddiaçıya verilməli idi, halbuki, "xxxx" ASC cavabdeh qismində çıxış edir. Bank "xxxx" ASC-yə qarşı absurd tələb irəli sürərək həmin borcun "xxxx" ASC tərəfindən silinməsini tələb edir. Cavabdeh1 QSC onunla "xxxx" ASC arasında müqavilə münasibətlərinin olmadığını bildirmiş və bu səbəbdən də, məsuliyyət daşımadığını qeyd etmişdir. Bank mənzili hər hansı bir formada sahiblənmişsə, mülkiyyətin üç formasını yoxlamalı və sonradan satmalı idi. Bu, birbaşa olaraq bankın görməli olduğu məsələ idi. Buna görə də "xxxx" ASC hər hansı bir məsuliyyət daşımır. Yaranmış borcla bağlı qeyd edir ki, kod passiv kod olmuş, passiv olduqda isə "xxxx" ASC buna toxunmur. Kod aktiv olduqda, başqa sözlə, elektrik enerjisindən istifadə edildiyi təqdirdə, "xxxx" ASC borcla bağlı məsələ ilə maraqlanır. "xxxx" ASC hazırda, həmin borcun bank tərəfindən ödənilməsini də iddia etmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Bu, elektrik enerjisindən istifadə qaydaları ilə tənzimlənir, elektroenergetika ilə bağlı ümumiyyətlə əlaqəsi yoxdur. Fərdi yaşayış evi idarəyə satılandan sonra çıxarış əsasında Asan kommunala müraciət edib alınmış mülkiyyət əsasında onun adına keçirilməsini xahiş etməlidir. Bundan sonra isə mülkiyyətə sahib olan şəxslər "xxxx" ASC-nin elektron bazasında addəyişmə zərurəti yaranarsa onun dəyişilməsini tələb etməlidir. Əgər sözügedən borc məbləğinin "xxxx" QSC tərəfindən ödənilməsi müəyyən edilərsə elektrik enerjisinin bərpa edilməsi də mexaniki məsələdir. Ona görə də ilk iddia ərizəsinin qismən təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X3 izahatında göstərmişdir ki, İddiaçı aldığı mübahisəli fərdi yaşayış evinin tikilməsi vaxtını xatırlamasa da atası tərəfindən inşa edilmişdir. 2007-2008-ci ildə həmin yer satılmış, özü isə heç bir həftə belə orada yaşamamışdır. O, öz evində yaşamışdır. O, evi başqa şəxsə satmış, bankla bağlı ümumiyyətlə məlumatı yoxdur. Mübahisəli fərdi yaşayış evi Əli adlı bir nəfərə satılmışdır. Ev satılsa da, evin sənədi ilə bağlı “balaca dəftərçə” var idi. Alqı-satqı ilə ev satılmışdır. Əgər o, həmin evdə yaşamış olsa idi, qaz və su xəttini də çəkib yaşayardı. Borcun olması ilə bağlı isə onun ümumiyyətlə məlumatı yoxdur. İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, bank mənzili satan zaman mənzilin borcunun olub-olmaması ilə bağlı məlumatı mütləq şəkildə yoxlamalı idi. O, həmin evdə ümumiyyətlə elektrik enerjisindən də istifadə etməmişdir. Bu barədə hüquqi anlayışı olmadığından, ilkin və qarşılıqlı iddia ərizələrinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə iclasındа tədqiq оlunmuş: -Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış, 4Ə-2029 reyestr nömrəsi ilə qeydə alınmış, satıcı Cavabdeh1 QSC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan fərdi yaşayış evini alıcıya 26000 manata satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği notariusun bankda açılan hesabı vasitəsilə ödəmişdir. Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin 7-ci bəndinə əsasən, müqavilə təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə borcludur. Müqavilənin 9-cu bəndinə əsasən, satıcı həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Müqavilənin 10-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Müqavilədə aparılmış qeyddən görünür ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. -Abunə kodu **********03481 saylı, abunəçi X1 adına olan abunə haqqında saldodan görünür ki, xx.xx.2008-ci il tarixdə aparılmış qeydiyyat üzrə abunəçinin 1901.61 manat borcu yaranmışdır. -Borcun olmasına dair arayışdan görünür ki, abunə kodu **********03481 saylı, abunəçi X1 adına 2021-ci il tarixinə 1901.61 manat borc yaranmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Bağırov X4 rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, L.Bədirbəyli küçəsi, 5 saylı evdə, X3 isə Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, N.Aslanov küçəsi 44 saylı evdə qeydiyyatdadır. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 QSC arasında Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış, 4Ə-2029 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu, Saray qəsəbəsi, ev 5 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan fərdi yaşayış evini alıcıya 26000 manata satmışdır. Müqavilə üzrə alınmış mənzilin torpaq sahəsi ilə birlikdə dəyəri olaraq 26000 manat pul vəsaiti alıcı tərəfindən notariusun bankda açılmış hesabına köçürülməklə ödənilmiş, müqavilə notarial qaydada təsdiq edildiyi andan bununla da, ilk iddiaçının daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Müqavilə üzrə tərəflər öhdəliklərini icra etməsinə baxmayaraq, sözügedən fərdi yaşayış evinə münasibətdə kommunal borc olaraq, elektrik enerjisindən istifadəyə görə borc ödənilməmiş olaraq qaldığından yeni mülkiyyətçiyə məxsus olan evə elektrik enerjisinin verilməsi dayandırılmış, bu səbəbdən də, ilk İddiaçı kommunal xərcdən azad olan mənzilin satılmasına dair öhdəliyini icra etməyən Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış 1901.61 manat borc ödənişinin bank tərəfindən abunə hesabına köçürülməklə elektrik enerjisinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, alıcı İddiaçı ilə satıcı Cavabdeh1 QSC arasında alqı-satqı münasibətləri yaranmış və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlməklə müqavilə bağlanmış, notarial qaydada təsdiq edilmiş, müqavilə üzrə satılmış daşınmaz əmlakın dəyəri alıcı tərəfindən ödənilmiş, müqavilə təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka dair sənədləri alıcıya verməyə dair öhdəlik götürmüş, həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına dair təminat vermiş, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsini öz üzərinə götürmüş, eyni zamanda, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə alıcının və satıcının səlahiyyətli nümayəndəsinin iştirakı ilə notarial qaydada bağlanmaqla təsdiq edilmiş, müqavilə tərəfləri müqaviləyə imza atmaqla soyadlarının qarşısında müqaviləni imzaları ilə təsdiq etmişdir. Göründüyü kimi, müqavilə bağlanan zaman qanunvericiliyin bütün tələblərinə uyğun olaraq prosedur qaydalara riayət olunmuş, müqavilə tərəfləri müqavilənin bütün qaydaları və şərtləri ilə tanış edilməklə iradə ifadələrinə uyğun olaraq müqaviləni bağlamış, müqavilənin etibarsızlığı satıcı tərəfindən mübahisələndirilməməklə, başqa sözlə, müqavilə ilə “razılaşmışdır”. Lakin hazırda, qarşılıqlı iddiaçı Cavabdeh1 QSC müqavilənin bağlanmasına baxmayaraq, sözügedən borcun bank tərəfindən deyil, elektrik enerjisinin verilməsini təmin edən "xxxx" ASC tərəfindən ödənilməsi olduğunu iddia edərək sözügedən borcun silinməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılması qənaətinə gələrək hesab edir ki, qeyd olunan hal hazırki işin mübahisəsiz tərəfidir. Məhkəmə mübahisəli fərdi yaşayış evinə quraşdırılmış elektrik enerjisindən istifadəyə görə yaranmış borcla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, abonent saldosundan da göründüyü kimi, 1901.61 manat borc məbləği abunə kodu **********03481 saylı, abunəçi X1 adına tərtib olunmuş və qeyd olunan borcun mövcudluğu "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışı əsasında da öz təsdiqini tapmışdır. Beləliklə, mübahisəli fərdi yaşayış evinin, yəni, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinin İddiaçı satılması anına qədər qeyd olunan borc mövcud olmuş, borc mövcud olduğu halda həmin mənzili alıcıya satmış Cavabdeh1 QSC mənzili alıcının sahibliyinə verənədək mənzillə bağlı xərcləri, eləcə də, kommunal xərclərin ödənilməsinə dair öhdəlik götürmüş və qeyd olunan öhdəlik tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10-cu bəndində öz əksini tapmaqla Cavabdeh1 QSC bununla razılaşmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.18. bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən, məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Qaydaların tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mənzilin ilkin sahibi olmuş abunə kodu X1 adına olan abunəçi fərdi yaşayış evini satıb mənzili tərk etməsinə baxmayaraq, sözügedən borcun ödənilməsini təmin etməmiş, bu barədə aidiyyəti quruma müraciət etməmişdir. Həmçinin, “Qaydalar”ın: 8.22. bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 8.23. bəndinə əsasən, məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. “Qaydalar”ın sözügedən tələblərinə əsasən, fərdi yaşayış evinə yeni köçmüş mülkiyyətçi köhnə sakinin istifadə etdiyi elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca dair arayışı tələb etməli olmasına baxmayaraq, məhkəmə hazırki mübahisə ilə bağlı qeyd edir ki, göstərilən halda alıcı İddiaçı həmin arayışı tələb etməsi mümkün deyildir. Belə ki, mənzil alqı-satqısı Cavabdeh1 QSC ilə alıcı İddiaçı arasında bağlanmış və mənzili kommunal xərclərdən azad şəkildə alıcının sahibliyinə vermək barədə öhdəlik götürmüş tərəf də məhz Cavabdeh1 QSC olmuşdur. Göründüyü kimi, qeyd olunan borcun olubolmamasına dair məlumatı araşdırmaq satıcının üzərinə düşmüş və Cavabdeh1 QSC-nin İddiaçı qarşısında həmin vəzifəni icra etmək öhdəliyi yaranmışdır. Bu səbəbdən də, məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini tədqiq edib məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, ilk iddia ərizəsi təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 5 saylı fərdi yaşayış evinə dair elektrik enerjisinə görə yaranmış 1901.61 manat borcun ödənilməsi öhdəliyi Cavabdeh1 QSC-yə aid olduğundan qeyd olunan borc məbləği Cavabdeh1 QSC tərəfindən **********03481 saylı, abunəçi X1 adına tərtib olunmuş abunə hesabına ödənilməli, fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsi isə "xxxx" ASC-yə həvalə edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə ilkin iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 39.02 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1 QSC-dən və "xxxx" ASCdən tutularaq dövlət büdcəsinə keçirilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumunun məbləği qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 5 saylı fərdi yaşayış evinə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış 1901.61 (min doqquz yüz bir manat altmış bir qəpik) manat borc məbləği Cavabdeh1 QSC tərəfindən tutularaq abunəçi X2 məxsus **********03481 saylı abunə hesabına köçürülsün. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 5 saylı fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin təmin edilməsi "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh1 QSC-dən və "xxxx" ASC-dən müştərək qaydada dövlət rüsumuna görə 39.02 (otuz doqquz manat iki qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər İddiaçı və "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov