Məhkəmə qərarları › İş №2(012)-1645/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1645/2024

15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1645/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış 2427,84 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə sözügedən ünvanda yaşayır. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixdə ******* saylı, 31 mart 2022-ci il tarixdə ******* saylı, 30 dekabr 2022ci il tarixdə ******* saylı, 31 yanvar 2023-cü il tarixdə ******* saylı, 28 fevral 2023-cü il tarixdə ******* saylı və 31 mart 2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktlara əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğacdankənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Ümumiyyətlə, o, hər zaman ödənişlərini vaxtlı-vaxtında etmişdir. Bununla belə, “Azəriqaz İB” tərəfindən qanunsuz aktlar tərtib edilmiş və ona dəymiş ziyan kimi ümumi olaraq 2427,84 manat məbləğində borc hesablanmışdır. Sözügedən aktlar qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən bununla bağlı heç bir məlumatı olmamışdır. “Azərqaz” İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda, aktların yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Onun tərəfindən sayğaca heç vaxt müdaxilə olunmamış, sayğacdankənar xətt qoşulmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, iştirakı təmin olunmamış, qanunsuz, əsassız və saxta olaraq aktlar tərtib edilmiş, iş üzrə lazımi hallar araşdırılmamışdır. Sonradan məlum olmuşdur ki, onun adına əsassız olaraq 2474,84 manat məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlara əsasən hesablanmış 6924,24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlardan görünür ki, həmin tarixlərdə abonent İddiaçı Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00280) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun olmadığı və ya qaz xəttinə kənar qoşulma halları məyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 28 fevral 2022-ci il tarixli, 31 mart 2022-ci il tarixli, 30 dekabr 2022-ci il tarixli, 31 yanvar 2023-cü il tarixli, 28 fevral 2023-cü il tarixli və 31 mart 2023-cü il tarixli tələbnamələrdən görünür ki, İddiaçı 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlara əsasən ümumilikdə 57702 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00280 olan abonentin saldosundan görünür ki, 2022-ci ilin fevral, mart, dekabr, 2023-cü ilin yanvar, fevral və mart ayları üçün qeyd edilən aktlara əsasən qaz sərfiyyatı müvafiq olaraq 12702, 10800, 22608, 3960, 3672, 3960 (cəmi 57702) kub metr həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 1524.24, 1296, 2712.96, 475.20, 475.20, 440.64 manat olmaqla, cəmi 6924.24 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlarla abonentin qaz xəttinə qeyriqanuni qoşulması faktları və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə 28 fevral 2022-ci il tarixli ******* saylı akt əsasında 211,68 manat (5,88 x 10 x 30 = 1764 kub.metr), 31 mart 2022-ci il tarixli ******* saylı akt əsasında 162 manat (7,5 x 6 x 30 = 1350 kub.metr), 30 dekabr 2022-ci il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), 31 yanvar 2023-cü il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr), 28 fevral 2023-cü il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr) və 31 mart 2023-cü il tarixli ******* saylı akt əsasında 110,16 manat (5,1 x 6 x 30 = 918 kub.metr) olmaqla, cəmi 1077,84 manat ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********00280) Abşeron rayonu, Qobu kəndindəki evdə sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktları müəyyən edildiyindən və həmin faktlar üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, 28 fevral 2022-ci il tarixli ******* saylı, 31 mart 2022-ci il tarixli ******* saylı, 30 dekabr 2022-ci il tarixli ******* saylı, 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023cü il tarixli ******* saylı və 31 mart 2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış 5846,4 (6924,24-1077,84) manat borc abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 78,46 manat hissəsi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********00280) Abşeron rayonu, Qobu kəndində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 5846,4 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə 78,46 manat pul Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar