Məhkəmə qərarları › İş №2(012)-1658/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1658/2021

04.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1658/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı X4 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv olunması və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 04 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv olunması və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.12.2020-ci il tarixli, NDM-020777 saylı aktın ləğv edilməsi və bu akt əsasında hesablanmış 737,33 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayonu, Goradil kəndi, M.Dadaşov küçəsi 5 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evində yaşayır. Elektrik enerjisinin pulunu vaxtı-vaxtında ödəyir. 16 dekabr 2020-ci il tarixdə həmin evə elektrik enerjisinin verilməsi dayandırılmış, evə daxil olan xətt idarə əməkdaşları tərəfindən kəsilmişdir. Bu barədə idarəyə müraciət etdikdən sonra ona bildirmişdirlər ki, sayğac sxemindən kənar xətt daxil olması səbəbindən 16.12.2020-ci il tarixli, NDM-020777 saylı aktı akt tərtib edilmiş və 737,33 manat cərimə yazılmışdır. Elektrik dirəyinə çıxaraq xətti ayırması isə tamamilə əsassızdır. Qanunsuz şəkildə tərtib olunan akt onun iştirakı olmadan tərtib edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X7 iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, qaydalara əsasən sayğaclara 3 aydan bir baxış keçirilir. Sayğaca baxış keçirilib. İddiaçının qapısı bağlı olub. Qonşu qapını döyüblər. Kirayənişinlərlə birlikdə sayğaca baxış keçirilib, onun iştirakı ilə akt tərtib olunub. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 16.12.2020-ci il tarixli, NDM-020777 saylı aktdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evinə aid elektrik sayğacına baxış keçirilmiş və həmin evə sayğac sxemindən kənar xətt, sayğacı qidalandıran xəttin abonent dayağına bərkidilən hissədən götürülməsi aşkar edilmişdir. Mülki işin materiallarından olan “xxxx” ASC tətəfindən göndərilən 06.01.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, **********00887 saylı kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 16.12.2020-ci il tarixdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması faktı müəyyən edilmişdir. NDM-020777 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası məqsədilə 737,33 manat dəyərində ödəniş sənədi hesablanılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus evdə sayğacdankənar xəttdən elektrik enerjisindən istifsdə olunmuş, bu səbəbdən də, cavabdehin əməkdaşları tərəfindən16.12.2020-ci il tarixli, NDM-020777 saylı akt tərtib olunmuş, itirilmiş enerjinin bərpası məqsədilə 737,33 manat dəyərində ödəniş sənədi hesablanılmışdır. Məhkəmə tərəflərin izahatlarına və işin müəyyən edilən faktiki hallarına məcmu qaydada hüquqi qiymət verərək hesab edir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.12.2020-ci il tarixli, NDM-020777 saylı akta əsasən hesablanan 737,33 manat cərimə borcu yeddi aylıq müddət üçün sərfiyyatı ehtiva etməklə, işin faktiki hallarına uyğun olmadığından həmin məbləğin yeddidə bir hissəsini təşkil edən bir aylıq müddət üçün 105,28 manat müəyyən edilməli, iddia bu hissədə qismən təmin edilərək 632,05 manat cərimə borcu ləğv edilməlidir . İddia tələbinin “aktın ləğv edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, akt sübut növlərindən biridir. Məhkəmə qərar qəbul edərkən sübut növü kimi ona hüquqi qiymət verir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat cavabdeh “xxxx” ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.12.2020-ci il tarixli, NDM- 020777 saylı akta əsasən ünvan 1 ünvanında yerləşən 16 saylı fərdi yaşayış evinə hesablanan 632.05 manat cərimə silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxx” ASC–dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar