Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1684/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin, mənəvi ziyana görə kompensasiyanın, çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin, mənəvi ziyana görə kompensasiyanın, çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat, ona vurulmuş mənəvi zərərə görə 6000 manat olmaqla, ümumilikdə cəmi 29890 manat, dövlət rüsumu kimi ödədiyi 180 manat pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı Abşeron rayonu Goradil kəndində yolun kənarı ilə gedərkən Cavabdeh idarə etdiyi, Qazel markalı yük avtomobili onu vurmuş və nəticədə, sağlamlığına ağır zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı Abşeron rayon Polis idarəsində istintaq aparılmış və hadisəni törədən Həsənov X1 rayon Məhkəməsinin 1(012)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Goradil kəndində Fatmayı-Goradil avtomobil yolu ilə Goradil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yolun sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə, yəni Fatmayı-Goradil istiqamətində hərəkət edən piyadanı, yəni iddiaçını avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə, ehtiyatsızlıqdan iddiaçının baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beynin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bildirir ki, Cavabdeh təqsirli cinayəti nəticəsində iddiaçı sağlamlığını itirmiş və hələ bu günə qədər də sağlamlığı bərpa olunmamışdır. Cavabdeh avtomobillə vurduğu ilk 16 günlük müddətdə müalicə almağına iddiaçıya müəyyən qədər kömək göstərsə də, sonradan sağlamlığının bərpa olunması üçün heç bir köməklik göstərməmişdir. Xəstəxanada həkimə və ona müalicəni sonadək davam etdirəcəyinə söz versə də, sonradan, cavabdeh qaydalara riayət etməmiş və müalicənin davamlı aparılmasına heç bir köməklik göstərməmişdir. Halbuki, həkimin bildirdiyinə görə bu tip xəstələrin müalicəsi minimum 7 ay davam etməlidir ki, beyində sonradan bu xəsarət nəticəsində mənfiliyə doğru heç bir patalogiya aşkar edilməsin. Lakin cavabdeh qeyd etdiyi kimi, cinayət istintaqı aparılan zaman 16 gün xəstəxanada, sonradan az müddətdə də, evdə dözülməz ağrı vəziyyətində çağırışları nəticəsində müəyyən qədər iddiaçıya köməkliklər etsə də, ardını davam etdirməmiş, son nəticədə isə iddiaçıda ağırlaşma halları baş vermişdir. Bunu MRT, EKQ müayinələrindən keçdiyi sənədlər də təsdiq edir. İddiaçı bu günə qədər həkimlərə və dərman vasitələrinə 4000 manat pul xərcləmiş, daha doğrusu, valideynləri xərcləmişlər. Hüquqlarının müdafiəsi üçün 450 manat pul vəsaiti, taksi fəaliyyəti üçün 194.40 manat, avtobus nəqliyyatından istifadəyə görə 80.60 manat, etibarnamələr üçün notariat xərci olaraq 30 manat, 100 manat psixoloqun qəbulu və yardımına, 155 manat MRT maqnitli rezonans müayinəsinə, vəkil sorğularının göndərilməsi və iddia ərizəsinin tərtibinə görə vəkillə bağlamış olduğu müqaviləyə görə 100 manat pul vəsaiti xərcləmişdir. Bundan başqa, Cavabdeh onu avtomobillə vurduğu 11 yanvar 2020-ci il tarixdə bugünki günə qədər sağlamlığını itirdiyinə görə heç bir yerdə işləyə bilməmiş, başqa bir yerdən də gəliri yoxdur. Belə ki, o, gündüzlər fəhlə, axşamlar isə mühafizəçi işləmiş və gündəlik qazancı 25 manat təşkil edirdi. Bu da bir aya 750 manat edir ki, o da 25 aydır ki, işləmir və 18750 manat qazancını itirmişdir. 25 ay müddət ərzində maddi zərərlə bərabər həm də sağlamlığını itirməyi, həm də ibtidai istintaqa, məhkəməyə və xəstəxanaya gedib gəlməklə, saatlarla yollarda qalaraq mənəvi ağrı və iztirab çəkmişdir. Ona görə də hesab edir ki, Cavabdeh sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat və mənəvi zərərə görə 6000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, o, bağda mühafizəçi vəzifəsində çalışmış, 1 həftə müddətdir ki, evə getmədiyindən ailə üzvlərinə baş çəkmək üçün evə getmək qərarına gəlmiş, mağazaya gedib alış-veriş edib, mağazadan çıxanda yolun qırağı ilə sarı xəttin yanı ilə hərəkət etmişdir. Həmin anda maşın onu vurmuş, sürücü-cavabdeh onu xəstəxanaya gətirmişdir. Cavabdeh məhkəmə iclasında 6000 manat pul vəsaiti verdiyini qeyd etsə də, ona heç bir ödəniş etməmişdir. Baş həkim müalicəsinə görə 7 ay müalicə edilməli olduğunu bildirmiş, lakin cavabdeh 1 ay ona maddi yardım etmişdir. Cavabdeh onu evə gətirmiş, lakin sonradan yardım etməmişdir. O, dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək yardım etməkdən yayınmışdır. Məhkəmə istintaqı ərəfəsində də onun cavabdehlə hər hansı bir barışığı olmamış, cavabdehdən şikayətçi olmuşdur. Məhkəmənin hökmü ilə cavabdeh 2 il müddətinə azadlıqdan məhrum edilmiş, cavabdeh həmin aktdan şikayət versə də, yuxarı instansiya məhkəməsində hökm qüvvədə saxlanılmışdır. Həmin müddətdə o, sığorta olunmamışdır. Hazırda isə sığorta şirkətindən sənədləri yeni götürmüş və şirkət tərəfindən 1500 manat ödənişin edilməsi nəzərdə tutulmuş, lakin hazırda, qəbz onda yoxdur. İddia tələbində qeyd olunmuş 23890 manat pul vəsaitini onunla əsaslandırır ki, iddia ərizəsində ödəniş qəbzləri olsa da, onun tərəfindən alınmış dərman vasitələri, müalicə xərcləri də vardır ki, həmin ödənişlər də sözügedən məbləğə daxildir, həmçinin, o, işsiz olmuş, gəlir əldə edə bilməmişdir. Lakin həmin məbləğlə bağlı bütün ödəniş qəbzləri hazırda, onda yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Görədil kəndində tikinti materialları mağazasını icarəyə işlətmişdir. Onun “Qazel yük” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili olsa da, sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobili demək olar ki, idarə etmir. 11 yanvar 2020-ci il tarixdə Abşeron rayonu Fatmayı qəsəbəsindən yaşadığı evdən Görədil kəndinə getmək üçün piyada olduğuna görə məcbur olub Qazel markalı avtomobili idarə edərək Görədil qəsəbəsi istiqamətində getmişdir. Avtomobildə tək olmuş və avtomobili öz hərəkət zolağı ilə təxminən 20 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt saat təxminən 21 radələri olmuşdir. Avtomobili idarə edən zaman yol hərəkət qaydalarını pozmuş, avtomobilin sağ güzgüsü iddiaçının baş nahiyyəsinə dəymiş və iddiaçı yerə yıxılmışdır. O, avtomobili saxlayıb düşərək iddiaçıya köməklik göstərmiş, KTM xəstəxanasına aparmışdır. O, iddiaçının müalicəsini özü edərək, xəstəxanada qaldığı bir ay müddətində iddiaçı müalicə olunmuş, onun müalicəsini, dərmanlarını, yeməyini o, almışdır. Ondan sonra bir ay da iddiaçını ev şəraitində müalicə etdirmiş və müalicəyə 6000 manat pul xərcləmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-196/2021 saylı hökmü ilə o, Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, qeyd edir ki, o, iddiaçını müalicə etdirmiş, həkimlərə aparmış, lakin həkimə gedən zaman həkim iddiaçıdan soruşduqda iddiaçı ona dişinin ağrıdığını qeyd etmişdir. Halbuki, dişin zədələnmiş başa hər hansı bir aidiyyəti olmamalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 31-ci maddəsinin İİ hissəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 41-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 41-ci maddəsinin İİ hissəsinə əsasən, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-196/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş şəxsə mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Hökmdən daha sonra görünür ki, Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini) sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsini özündə saxlamalı olduğu halda qanunun həmin tələblərini pozaraq hadisənin qarşını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yolun sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə, yəni Fatmayı-Görədil istiqamətində hərəkət edən piyada İddiaçı avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə, ehtiyatsızlıqdan İddiaçı baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyninin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Hökmdən daha sonra görünür ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Hökmdən daha sonra görünür ki, iş üzrə keçirilmiş MTE və PAB-nin Abşeron rayon şöbəsinin 01 sentyabr 2020-ci il tarixli, 1760 saylı sağlamlığa zərər vurmanın təyininə dair tibbi ekspertizası rəyində göstərilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı üzərində aşkar olunmuş xəsarətlər - baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda qeyd olunan müddətə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İddiaçı aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. Lakin İddiaçı olan xəsarətlərin xarakterinə və müxtəlif lokalizasiyalı olduğunu nəzərə alaraq demək olar ki, aşkar edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində alınması daha inandırıcıdır. -Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 51 saylı müqavilədən görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq ona hüquqi yardım göstərən vəkil B.Şirinova 180 manat pul ödənilməsinə dair razılığa gəlmişdir. -Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli 48 saylı müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə mülki işə görə 100 manat ödəmişdir. -Ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil B.Şirinovun hesabına Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət üçün 191 manat pul vəsaiti köçürmüşdür. -Mülki iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən və tibbi reseptlərdən görünür ki, iddiaçı ona göstərilən tibbi yardıma görə və yazılmış dərman vəsaitlərinə görə pul vəsaiti ödəmişdir. -Paşabank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 1-141/2022 saylı kompensasiya ödənişinin verilməsi haqqında Qərara əsasən, 1500 manat pul vəsaiti köçürülmüşdür. -Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Həsənov X1 rayonu Fatmayı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Cavabdeh idarə etdiyi Qaz 33021 yük markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin tələblərini pozaraq, nəticədə, baş vermiş qəza nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol hərəkəti hadisəsini törətmişdir. Hazırda, iddiaçı onun sağlamlığına vurulmuş ziyana görə dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Prosessual Məcəllənin: 82.3. maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)-196/2021 saylı hökmü əsasında, Cavabdeh Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən daha sonra görünür ki, Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, nəticədə, ehtiyatsızlıqdan İddiaçı baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti hadisəsini törətmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş hökm əsasında cavabdehin yol nəqliyyat hadisəsində əməli sübuta yetirilərək təqsirli hesab edilmiş, onun iddiaçıya zərər vurması öz təsdiqini taparaq İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Göründüyü kimi, İddiaçı cavabehin təqsirli hərəkətləri nəticəsində sağlamlığına vurulmuş maddi və mənəvi ziyan tələbinə dair mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddia tələbindən göründüyü kimi, iddiaçı onun sağlamlığına vurulmuş 23890 manat maddi ziyanın və mənəvi zərərə görə 6000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehdən tutulması tələb olunan 23890 manat maddi ziyan tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, iddia ərizəsindən və məhkəmə iclasında iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, iddiaçı ona vurulmuş 23890 manat pul vəsaitini onun tərəfindən sərf olunmuş tibbi xidmətlərə görə özəl müəssisələrdə xərclənmiş pul vəsaitləri, dərman vəsaitlərinin alınmasına görə ödənilmiş xərclər, sağlamlığına dəymiş zərərlə bağlı hüquqi yardıma görə ödənilmiş, həmçinin, yol-nəqliyyat xərcləri ilə bağlı ödənilmiş vəsaitlərlə, həm də işsiz qaldığı 25 ay gəlir əldə edə bilmədiyi müddət ilə əlaqələndirmişdir. Lakin mülki iş materiallarına əlavə olunmuş, həmin tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut kimi iddiaçı iddia ərizəsinə müxtəlif həkim reseptləri, tibbi xidmətin göstərilməsinə dair sənədlər, dərman vasitələrinin alınması və onların ödənişinin edilməsinə dair çeklər, həmçinin, sərnişin daşıma xidmətinə görə ödənişin əks olunduğu sms-bildirişlərin fotosunu əlavə etmişdir. Məhkəmə İddiaçı iddia tələbinin sağlamlığına vurulmuş maddi ziyanla bağlı qeyd edir ki, iddiaçının əlavə etdiyi həmin sənədlər sübut kimi qəbul edilmiş olsa da, digər sübutlarla paralel qiymətləndirilərək iddiaçının iddia tələbinin əsası kimi istinad edilmiş halları sübuta yetirmədiyindən iddia tələbi bu hissədə qəbul edilə bilməz. Belə ki, iddiaçının iddia tələbində müalicə xərci ilə bağlı qeyd etdiyi məbləğ ödəniş qəbzlərində qeyd edilmiş məbləğlə uyğunluq təşkil etmir, həmçinin, həmin qəbzlərin həqiqətən də iddiaçı tərəfindən müalicə xərci ilə bağlı dərman vəsaitlərinin alınmasına sərf etdiyi vəsaitlərin onun aldığı xəsarətlərin müalicəsi ilə bilavasitə əlaqəli olmasını, eyni zamanda sərnişin daşınmasına görə göstərilmiş taksi xidmətinə görə ödənilmiş pul vəsaitlərinin həqiqətən də hazırki işlə bağlı iddiaçıya göstərilmiş xidmət olduğu, mülki iş materiallarına əlavə olunmuş hüquqi yardımın göstərilməsi barədə müqavilənin məzmunundan isə iddiaçıya həqiqətən də hazırki işlə bağlı hüquqi yardım göstərilməsini müəyyən olunmur. Bununla yanaşı, 25 ay müddətində işsiz qaldığı zamanda gəlir əldə edə bilməməsinə dair mötəbər sübutunu da iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə də, iddia tələbindən göründüyü kimi, iddiaçı onun sağlamlığına vurulmuş ziyana görə ödənilmiş pul vəsaitlərinin maddi ziyan olaraq cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsindən məlum olur ki, iddiaçı tərəfindən müayinə, müalicə xidməti özəl xəstəxanada aparılmış və ödənişlər edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, pasient tərəfindən özünün hər hansı müalicə-müayinə edilməsi onun seçimindən asılıdır. Belə ki, ölkədə səhiyyə xidmətləri özəl və dövlət tibbi xidmətlərdən ibarətdir. Dövlət səhiyyə xidməti vətəndaşlar üçün pulsuz, özəl tibbi xidmətlər isə ödənişli həyata keçirilir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Əhalinin sağlamlığının qorunması haqqında 26 iyun 1997-ci il tarixli Qanun”un: 4-cü maddəsinə əsasən dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. 5-ci maddəsinə əsasən qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən, əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. 10-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12-ci maddənin yeni redaksiyasında isə xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də, sosial müdafiə sistemi müəssisələrində göstərir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. “Tibbi sığorta haqqında 28 oktyabr 1999-cu il Azərbaycan Respublikası Qanunu”na və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanı”na əsasən vətəndaşlar icbari tibbi sığortadan istifadə etməklə özlərini müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Qanunun hər iki halında pasientlər özlərini pulsuz və eyni zamanda, icbari sığorta vasitəsilə müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Göründüyü kimi, iddiaçı Qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır. “Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nun: 15-7.1. maddəsinə əsasən, tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: 15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək. 15-15.1. maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir. Göründüyü kimi, qanunvericilik vətəndaşların tibbi xidmət və dərman yardımı almaq hüququna təminat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun: 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 33.1. maddəsinə əsasən, kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. 50.1.-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 56.1.-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Məhkəmə həmçinin, qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş Paşabank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı kompensasiyaya görə 1500 manat pul vəsaiti ödənişi olunmuşdur. Bu səbəbdən də, iddiaçıya kompensasiya ödənişi edildiyindən, həmçinin, 23890 manat maddi ziyan tələbi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhjkəməyə təqdim olunmadığından iddia ərizəsi maddi ziyan hissəsində təmin edilə bilməz. Məhkəmə İddiaçı sağlamlığına vurulmuş 6000 manat mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zrəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”ndakı hüquqi mövqeyə görə, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi\ zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə Plenum Qərarlarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin hadisənin baş verdiyi tarixdən hazırki müddətədək İddiaçı mənəvi sarsıntı keçirməsi istisna deyildir. Belə ki, məhkəmə cavabdehdən mənəvi zərərin tutulması zamanı mənəvi zərərin ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınmasının zəruriliyini, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsini, ona qarşı törədilən qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, iztirab keçirməsini, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini nəzərə alaraq Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərə görə 1000 manat pul vəsaitinin tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı mənəvi zərərə görə 6000 manat pul vəsaitinin nədə ehtiva olunduğunu sübuta yetirə bilmədiyindən iddia ərizəsi mənəvi zərərin 6000 manat tutulması hissəsində qismən təmin edərək 1000 manat pul vəsaitinin tutulması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 180 manat dövlət rüsumu məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 1000 (min) manat, ödənilmiş dövlət rüsumuna görə 180 (yüz səksən) manat olmaqla, cəmi 1180 (min yüz səksən) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov.