Məhkəmə qərarları › İş №2(105)-300/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-300/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlər - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-300/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sağlamlığa ziyan vurmağa görə maddi zərərin, mənəvi ziyana görə kompensasiyanın, çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehin üzərinə qoyulması ) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, nümayəndə və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin, mənəvi ziyana görə kompensasiyanın, çəkilən xərclərin əvəzinin ödənilməsi və müalicə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat, ona vurulmuş mənəvi zərərə görə 6000 manat olmaqla, ümumilikdə cəmi 29890 manat, dövlət rüsumu kimi ödədiyi 180 manat pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı Abşeron rayonu, Goradil kəndində yolun kənarı ilə gedərkən Cavabdeh idarə etdiyi, «Qazel» markalı yük avtomobili onu vurmuş və nəticədə, sağlamlığına ağır zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı Abşeron rayon Polis idarəsində istintaq aparılmış və hadisəni törədən Həsənov X1 Rayon Məhkəməsinin 1(012)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Goradil kəndində Fatmayı-Goradil avtomobil yolu ilə Goradil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yolun sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə, yəni Fatmayı-Goradil istiqamətində hərəkət edən piyadanı, yəni iddiaçını avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan iddiaçının baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beynin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpəgicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bildirir ki, Cavabdeh təqsirli cinayəti nəticəsində iddiaçı sağlamlığını itirmiş və hələ bu günə qədər də sağlamlığı bərpa olunmamışdır. Cavabdeh avtomobillə vurduğu ilk 16 günlük müddətdə müalicə almağına iddiaçıya müəyyən qədər kömək göstərsə də sonradan sağlamlığının bərpa olunması üçün heç bir köməklik göstərməmişdir. Xəstəxanada həkimə və ona müalicəni sonadək davam etdirəcəyinə söz versə də sonradan cavabdeh qaydalara riayət etməmiş və müalicənin davamlı aparılmasına heç bir köməklik göstərməmişdir. Halbuki, həkimin bildirdiyinə görə bu tip xəstələrin müalicəsi minimum 7 ay davam etməlidir ki, beyində sonradan bu xəsarət nəticəsində mənfiliyə doğru heç bir patalogiya aşkar edilməsin. Lakin cavabdeh qeyd etdiyi kimi, cinayət istintaqı aparılan zaman 16 gün xəstəxanada, sonradan az müddətdə də evdə dözülməz ağrı vəziyyətində çağırışları nəticəsində müəyyən qədər iddiaçıya köməkliklər etsə də ardını davam etdirməmiş, son nəticədə isə iddiaçıda ağırlaşma halları baş vermişdir. Bunu MRT, EKQ müayinələrindən keçdiyi sənədlər də təsdiq edir. İddiaçı bu günə qədər həkimlərə və dərman vasitələrinə 4000 manat pul xərcləmiş, daha doğrusu, valideynləri xərcləmişlər. Hüquqlarının müdafiəsi üçün 450 manat pul vəsaiti, taksi fəaliyyəti üçün 194.40 manat, avtobus nəqliyyatından istifadəyə görə 80.60 manat, etibarnamələr üçün notariat xərci olaraq 30 manat, 100 manat psixoloqun qəbulu və yardımına, 155 manat MRT maqnitli rezonans müayinəsinə, vəkil sorğularının göndərilməsi və iddia ərizəsinin tərtibinə görə vəkillə bağlamış olduğu müqaviləyə görə 100 manat pul vəsaiti xərcləmişdir. Bundan başqa, Cavabdeh onu avtomobillə vurduğu 11 yanvar 2020-ci il tarixdən bugünki günə qədər sağlamlığını itirdiyinə görə heç bir yerdə işləyə bilməmiş, başqa bir yerdən də gəliri yoxdur. Belə ki, o, gündüzlər fəhlə, axşamlar isə mühafizəçi işləmiş və gündəlik qazancı 25 manat təşkil edirdi. Bu da bir aya 750 manat edir ki, o da 25 aydır ki, işləmir və 18750 manat qazancını itirmişdir. 25 ay müddət ərzində maddi zərərlə bərabər həm sağlamlığını itirməyi, həm də ibtidai istintaqa, məhkəməyə və xəstəxanaya gedib gəlməklə, saatlarla yollarda qalaraq mənəvi ağrı və iztirab çəkmişdir. Ona görə də hesab edir ki, Cavabdeh sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat və mənəvi zərərə görə 6000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərə görə 1000 (min) manat, ödənilmiş dövlət rüsumuna görə 180 (yüz səksən) manat olmaqla, cəmi 1180 (min yüz səksən) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Cavabdeh idarə etdiyi «Qaz 33021» yük markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin tələblərini pozaraq, nəticədə baş vermiş qəza nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol hərəkəti hadisəsini törətmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş hökm əsasında cavabdehin yol-nəqliyyat hadisəsində əməli sübuta yetirilərək təqsirli hesab edilmiş, onun iddiaçıya zərər vurması öz təsdiqini taparaq İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Göründüyü kimi, İddiaçı cavabehin təqsirli hərəkətləri nəticəsində sağlamlığına vurulmuş maddi və mənəvi ziyan tələbinə dair mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı kompensasiyaya görə 1500 manat pul vəsaiti ödənişi olunmuşdur. Bu səbəbdən də iddiaçıya kompensasiya ödənişi edildiyindən, həmçinin 23890 manat maddi ziyan tələbi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia ərizəsi maddi ziyan hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 31, 41, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1108, Mülki Prosessual Məcəllənin 82.3. 82.4, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81, «Əhalinin sağlamlığının qorunması haqqında» 26 iyun 1997-ci il tarixli Qanunun 4, 5, 10, 12, «Tibbi sığorta haqqında» 28 oktyabr 1999cu il Azərbaycan Respublikası Qanununa, «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmiş, məhkəməsinin əsaslandırması və gəldiyi hüquqi nəticə elə məhkəmənin özünün müəyyən etdiyi işin faktiki hallarına uyğun olmamış, subutların qiymətləndiyilməsi ilə bağlı prosesual hüquq normalarına əməl olunmamışdır. İddiaçı olaraq tələbinin əsasını xəstəliyi və hüquqlarının bərpası zamanı xərclədiyi 23890 manat pul vəsaiti və mənəvi zərərə görə 6000 AZN pul, ümumilikdə 29890 AZN pul vəsaiti təşkil edir. Həmin pul vəsaitləri tibbi xidmətlərə, dərman vəsaitlərinin alınmasına, hüquqi yardıma görə ödənişlərə, müalicə və hüquqların bərpası zamanı yol-nəqliyyat xərclərinə aiddir. Bundan əlavə işsiz qaldığı 25 ay gəlir əldə edə bilmədiyi müddətdə itirdiyi maliyyə vəsaiti həmin məbləğə aid edilmişdir. İş materiallarından həmçinin görünür ki, tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut olaraq müxtəlif həkim reseptlərini, tibbi xidmətin göstərilməsinə dair sənədləri, dərman vasitələrinin alınması və onların ödənişinin edilməsinə dair çekləri, həmçinin, sərnişin daşıma xidmətinə görə ödənişin əks olunduğu sms-bildirişlərin fotosunu da məhkəmənın baxışına təqdim edib. Lakin məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə qiymət verərkən qeyd edir ki, iddiaçının əlavə etdiyi həmin sənədlər sübut kimi qəbul edilmiş olsa da digər sübutlarla paralel qiymətləndirilərək iddiaçının iddia tələbinin əsası kimi istinad edilmiş halları sübuta yetirmədiyindən iddia tələbi bu hissədə qəbul edilə bilməz. Məhkəmə öz mövqeyini belə əsaslandırmağa çalışır ki, iddiaçının tələbində müalicə xərci ilə bağlı həmin qəbzlərin həqiqətən də iddiaçı tərəfindən müalicə xərci ilə bağlı dərman vəsaitlərinin alınmasına sərf etdiyi vəsaitlərin onun aldığı xəsarətlərin müalicəsi ilə bilavasitə əlaqəli olmasını, eyni zamanda sərnişin daşınmasına görə göstərilmiş taksi xidmətinə görə ödənilmiş pul vəsaitlərinin həqiqətən də hazırki işlə bağlı iddiaçıya göstərilmiş xidmət olduğu, mülki iş materiallarına əlavə olunmuş hüquqi yardımın göstərilməsi barədə müqavilənin məzmunundan isə iddiaçıya həqiqətən də hazırki işlə bağlı hüquqi yardım göstərilməsi müəyyən olunmur. Bununla yanaşı 25 ay müddətində işsiz qaldığı zamanda gəlir əldə edə bilməməsinə dair mötəbər sübutunu da iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmənin əsassız olan bu mövqeyi ilə heç cür razılaşmaq olmaz. Məhkəmənin yanaşmasından belə çıxır ki, onu maşın vurub baş-beyin xəsarəti almağından sonra bu zədələri müalicə etdirmək əvəzinə o, aidiyyəti olmayan xəstəliyini, yəni baş vermiş hadisə ilə səbəbli əlaqəsi olmayan xəstəliyini müalicə etdirmişdir. Xəsarətlərinin nəticələrini və hüquqlarının bərpası üçün deyil, istirahət və ya səyahət üçün taksi xidmətlərindən istifadə etmiş, 25 ay evdə xəstə yatmaqla müalicə almaq əvəzinə, baş-beyin xəsarəti olduğu halda işləyib pul qazanmış, indi də yalandan deyir ki, xəstə yatdığından ailəsini dolandırmaq üçün işləmədiyindən pul itirmişdir. Hətta məhkəmə daha da irəli gedərək öz mövqeyini belə əsaslandırır ki, müalicə üçün xərclədiyi pul vəsaitləri hazırkı işlə bağlı olmamışdır. Əlbəttə açıq-aydın görünür ki, məhkəmənin bu mövqeyinin heç bir əsası yoxdur, bu səbəbdən hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bundan əlavə məhkəmənin qətnaməsinin əsaslandırma hissəsi ilə müəyyən etdi hissəsində də uyğunsuzluq var. Belə ki, məhkəmə qətnaməsinin bir hissəsində qeyd edir ki, qanunun tələbinə əsasən pasientlər özlərini pulsuz və eyni zamanda, icbari sığorta vasitəsilə müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Yəni məhkəmə belə hüquqi nəticəyə gəlir ki, birmənalı onun cavabdehdən ona vurduğu zərəri tələb etmək hüququ yoxdur, belə ki, bu zərəri dövlət qarşılayır, dövlət xəstəxanalarında, icbari tibbi sığorta ilə ödəməklə. Lakin iddiaçı olaraq o, Qanunun verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməyərək könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanıb. Məhkəmənin mövqeyindən belə çıxır ki, ya tibbi sığortadan istifadə etməli idi, ya da dövlət xəstəxanasında yatmalı idi, lakin heç bir halda özəl xəstəxanada tibbi xidmət alıb, həmin xidmətlərə görə pulun ödənilməsini ona zərər yetirmiş cavabdehdən tələb etmək hüququ yoxdur. Məhkəmənin bu mövqeyi də tamamilə əsassızdır. Çünki qanun dövlət və ya özəl tibbi xidmətdən istifadə etməni xəstənin seçiminə buraxmışdır, ona xəsarət yetirən cavabdeh məgər təklif etmişdir ki, gəl səni dövlət xəstəxanasına və ya özəl xəstəxanaya aparıb müalicə etdirim, o, da onun bu təklifindən imtina edib əsassız olaraq özəl xəstəxanaya gedib. Əvvəllər də, xəsarət alandan sonra da dəfələrlə TƏBİB-ə müraciət etmiş, müalicə almaqdan ötəri ona bildiriblər ki, bütün tibbi xidmətlər TƏBİB tərəfindən qarşılanmır, məsələn, diş həkimləri, psixoloqlar, fizeoterapiya, əməliyyatların əksəriyyəti, protezlər və digər tibbi vasitələr, dərmanlar və s. pulsuz qarşılanmır. Məhkəmə necə bu nəticəyə gəlir ki, ona zərər vurandan deyil, dövlətdən o, bu xəsarətlərin sağaldılmasını tələb etməlidir. Dövlət öz vətəndaşlarının tibbi xidmətini pulsuz qarşılayır, lakin bu o anlama gəlmir ki, cinayət nəticəsində kiminsə təqsirli əməli ilə vurulmuş xəsarəti müalicə etdirmək öhdəliyindən azad etsin və bu xərcləri dövlət özü üzərinə götürsün. Hesab edir məhkəmənin bu hissədə də nəticəsi əsassızdır. Qeyd olunanlar onu göstərir ki, Cavabdeh təqsirli cinayəti nəticəsində iddiaçı olaraq o, sağlamlığımı itirmiş və hələ bu günə qədər də sağlamlığı bərpa olunmamışdır. Halbuki, həkimin bildirdiyinə görə bu tip xəstələrin müalicəsi minimum 7 ay davam etməlidir ki, beyində sonradan bu xəsarət nəticəsində mənfiliyə doğru heç bir patalogiya aşkar edilməsin. Məhkəmə ona sağlamlığına vurulmuş 6000 manat mənəvi zərərlə bağlı da düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hesab edir ki, çəkdiyi əziyyət və iztirabları 1000 manat dəyərləndirməkdə məhkəmə ədalətsizlik etmişdir və bu hissədə də məhkəmə qətnaməsinin əsassız olduğu qənaətindədir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)- 1684/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı oğludur. Cavabdeh oğlunu işdən qayıdanda maşınla vurub və xəstəxanaya aparıb. Oğlu açıq kəllə-beyin travması alıb. Cavabdeh oğlunun müalicəsinə heç bir yardım etmir. Oğlu 7-8 il daimi müalicə almalıdır. Müalicə ilə əlaqədar çəkdiyi xərclərin hamısını yazıb məhkəməyə təqdim etmişdir. Amma ödəniş qəbzlərini saxlamamışdır. Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(012)-1684/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə iddiaçının sağlamlığına ağır zərər vurmuş şəxsin təqsirini və vurulmuş zərərlə səbəbli əlaqəni araşdırmadan iddianı təmin etməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini pozmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində qeyd olunur ki, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ vardır. Yəni şəxsi yalnız tibbi sığortanın aktiv olduğu, habelə pulsuz tibbi xidmət göstərilən yerlərdə müalicə almağa məcbur etmək olmaz. İddiaçı çəkdiyi xərclərin qəbzlərini məhkəməyə təqdim etsə də məhkəmə bunları nəzərə almayıb və iddiaçının pullu xidmətdən istifadə etməsini iddianın təmin edilməməsinin əsası kimi müəyyən etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh mhəkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 31-ci maddəsinin İİ hissəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 41-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 41-ci maddəsinin İİ hissəsinə əsasən, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. «Əhalinin sağlamlığının qorunması haqqında» 26 iyun 1997-ci il tarixli Qanunun: 4-cü maddəsinə əsasən dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. 5-ci maddəsinə əsasən qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən, əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. 10-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12-ci maddənin yeni redaksiyasında isə xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də, sosial müdafiə sistemi müəssisələrində göstərir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. «Tibbi sığorta haqqında» 28 oktyabr 1999-cu il Azərbaycan Respublikası Qanununa və «Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanına əsasən vətəndaşlar icbari tibbi sığortadan istifadə etməklə özlərini müalicə etdirmək hüququndan istifadə edə bilərlər. «Tibbi sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 15-7.1. maddəsinə əsasən tibb müəssisəsinin aşağıdakı hüquqları vardır: 15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək. 15-15.1. maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 33.1. maddəsinə əsasən, kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. 50.1.-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 56.1.-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını, şikayətin dəlillərini yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsi qismən, sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat pulun tutulmasının təmin edilməməsi hissəsində qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, sağlamlığa vurulmuş maddi zərərə (müalicəsi üçün dərman vəsaitlərinin alınmasına) görə 1461 manat pul cavabdehdən tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-196/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 2631.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş şəxsə mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Hökmdən görünür ki, Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi «Qaz 33021» yük markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini) sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsini özündə saxlamalı olduğu halda qanunun həmin tələblərini pozaraq hadisənin qarşını almağa texniki imkanı olmasına baxmayaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yolun sağ ehtiyat hissəsi ilə eyni istiqamətdə, yəni Fatmayı-Görədil istiqamətində hərəkət edən piyada İddiaçı avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə, ehtiyatsızlıqdan İddiaçı baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyninin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Hökmdən görünür ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Hökmdən görünür ki, iş üzrə keçirilmiş MTE və PAB-nin Abşeron rayon şöbəsinin 01 sentyabr 2020-ci il tarixli, 1760 saylı sağlamlığa zərər vurmanın təyininə dair tibbi ekspertizası rəyində göstərilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı üzərində aşkar olunmuş xəsarətlər - baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda qeyd olunan müddətə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İddiaçı aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. Lakin İddiaçı olan xəsarətlərin xarakterinə və müxtəlif lokalizasiyalı olduğunu nəzərə alaraq demək olar ki, aşkar edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində alınması daha inandırıcıdır. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 51 saylı müqavilədən görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq ona hüquqi yardım göstərən vəkil B.Şirinova 180 manat pul ödənilməsinə dair razılığa gəlmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 48 saylı müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə mülki işə görə 100 manat ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil B.Şirinovun hesabına Bakı şəhəri, Binəqədi Rrayon Məhkəməsinə müraciət üçün 191 manat pul vəsaiti köçürmüşdür. Mülki iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən və tibbi reseptlərdən görünür ki, iddiaçı ona göstərilən tibbi yardıma görə və yazılmış dərman vəsaitlərinə görə pul vəsaiti ödəmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 1-141/2022 saylı kompensasiya ödənişinin verilməsi haqqında Qərara əsasən 1500 manat pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Cavabdeh idarə etdiyi «Qaz 33021» yük markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin tələblərini pozaraq, nəticədə, baş vermiş qəza nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol hərəkəti hadisəsini törətmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş hökm əsasında cavabdehin yol nəqliyyat hadisəsində əməli sübuta yetirilərək təqsirli hesab edilmiş, onun iddiaçıya zərər vurması öz təsdiqini taparaq İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı cavabehin təqsirli hərəkətləri nəticəsində sağlamlığına vurulmuş maddi və mənəvi ziyan tələbinə dair mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı Qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş, könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı kompensasiyaya görə 1500 manat pul vəsaiti ödənişi olunmuşdur. Bu səbəbdən də iddiaçıya kompensasiya ödənişi edildiyindən, həmçinin 23890 manat maddi ziyan tələbi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından iddia ərizəsi maddi ziyan hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, məhkəmə cavabdehdən mənəvi zərərə görə 1000 (min) manat, ödənilmiş dövlət rüsumuna görə 180 (yüz səksən) manat olmaqla, cəmi 1180 (min yüz səksən) manat pulun tutulması nəticəsinə gəlməkdə haqlı olmuşduir. Belə ki, işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-196/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi «Qaz 33021» yük markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, nəticədə, ehtiyatsızlıqdan İddiaçı baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti hadisəsini törətmişdir. Qeyd edilən hökm əsasında cavabdehin yol-nəqliyyat hadisəsində əməli sübuta yetirilərək təqsirli hesab edilmiş, onun iddiaçıya zərər vurması öz təsdiqini taparaq İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tələbində tibbi xidmətlərə görə özəl müəssisələrdə xərclənmiş pul vəsaitləri, sağlamlığına dəymiş zərərlə bağlı hüquqi yardıma görə ödənilmiş, həmçinin, yol-nəqliyyat xərcləri ilə bağlı ödənilmiş vəsaitlərlə, həm də işsiz qaldığı 25 aya görə ziyanın ödənilməsini gəlir əldə edə bilmədiyindən ona dəymiş zərəri tələb etmişdir. Birinci instansiya məhkəməsində həmin tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut kimi iddiaçı iddia ərizəsinə müxtəlif həkim reseptləri, tibbi xidmətin göstərilməsinə dair sənədlər, həmçinin, sərnişin daşıma xidmətinə görə ödənişin əks olunduğu smsbildirişlərin fotosunu əlavə etmişdir. Məhkəmə İddiaçı iddia tələbinin sağlamlığına vurulmuş maddi ziyanla bağlı qeyd edir ki, iddiaçının əlavə etdiyi həmin sənədlər sübut kimi qəbul edilmiş olsa da digər sübutlarla paralel qiymətləndirilərək iddiaçının iddia tələbinin əsası kimi istinad edilmiş halları sübuta yetirmədiyindən iddia tələbi bu hissədə qəbul edilə bilməz. Belə ki, iddiaçı tibbi xidmətlərə görə özəl müəssisələrdə xərclənmiş pul vəsaitləri, sağlamlığına dəymiş zərərlə bağlı hüquqi yardıma görə ödənilmiş, həmçinin, yol-nəqliyyat xərcləri ilə bağlı ödənilmiş vəsaitlərlə, həm də işsiz qaldığı 25 aya görə ziyanın ödənilməsini gəlir əldə edə bilmədiyindən ona dəymiş zərəri tələb etsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, pasient tərəfindən özünün hər hansı müalicə-müayinə edilməsi onun seçimindən asılıdır. Belə ki, ölkədə səhiyyə xidmətləri özəl və dövlət tibbi xidmətlərdən ibarətdir. Dövlət səhiyyə xidməti vətəndaşlar üçün pulsuz, özəl tibbi xidmətlər isə ödənişli həyata keçirilir. Yuxarda sadalanan qanunverucilik normalarından müəyyən edilir ki, pasientlər özlərini pulsuz və eyni zamanda, icbari sığorta vasitəsilə müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Göründüyü kimi, iddiaçı Qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş, könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır. Qanunvericilik vətəndaşların tibbi xidmət və dərman yardımı almaq hüququna təminat vermişdir. Hazırki işdən görünür ki, iddiaçı öz istəyi ilə özəl xəstəxanalarda müayinə və müalicə olmuş, icbari tibbi sığortadan istifadə etməmişdir. İddiaçının özəl xəstəxanalarda müalicə alması onun öz istəyindən asılı olduğundan belə olan halda cavabdehdən pul tutula bilməz. Həmçinin hüquqi yardıma görə ödənilmiş, həmçinin, yol-nəqliyyat xərcləri ilə bağlı ödənilmiş vəsaitlərlə, həm də işsiz qaldığı 25 aya görə ziyanın ödənilməsini bildirsə də, qeyd edilən hallara görə sübutlar təqdim etməmişdir. Hüquqi yardımın, eləcə də taksi xidmətindən istifadənin iddiaçının müalicəsi ilə əlaqədar olmasına dair iddiaçı sübutlar təqdim etməmişdir. Eyni zamanda iddiaçı işləmədiyi 25 aya görə zərər tələb etsə də bunun hansı qaydada, hansı əsaslarla hesablanmasını əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sadalanan halları sübut edərək dəlilləri təqdim etmədiyindən bu hissələrdə tələb təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin vurulmuş mənəvi zərərə görə 6000 manat tutulması barədə tələbin qismən təmin edilərək cavabdehdən 1000 manat mənəvi zərərə görə pulun tutulmasına dair gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”na istinad etməklə iddianı həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Sadalanan qanunvericilik normalarından göründüyü kimi şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə də iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi yuxarıda qeyd edilə hökmlə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona 6000 manat həcmində mənəvi zərər dəyməsini bildirsə də həmin məbləğin hansı əsaslarla hesablanmasına dair sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin hadisənin baş verdiyi tarixdən hazırki müddətədək İddiaçı mənəvi sarsıntı keçirməsi istisna deyildir. Belə olan halda da məhkəmə cavabdehdən mənəvi zərərin tutulması zamanı mənəvi zərərin ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınmasının zəruriliyini, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsini, ona qarşı törədilən qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, iztirab keçirməsini, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini nəzərə alaraq Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərə görə 1000 manat pul vəsaitinin tutulmasını məqsədəuyğun hesab etmişdir ki, məhkəmə kollegiyası qeyd edilən məbləği ağlabatan hesab edir. Məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinə istinadən qeyd edir ki, ödənilmiş dövlət rüsumu ilə bağlı 180 manatın da cavabdehdən tutulması barədə gəldiyi nəticədə əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissələrdə gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən də qətnamənin qeyd edilən hissələrdə ləğvi üçün əsas olmadığından həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sağlamlığa vurulmuş maddi zərərə görə cavbdehdən pul tutulmasına dair iddianın təmin edilməməsi hissəsində gəldiyi nəticədə tam haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində poroblemlər yaranmış, sağlamlığı itirilmişdir. İddiaçı iddiasında ona vurulmuş 23890 manat pul vəsaitini onun tərəfindən sərf olunmuş tibbi xidmətlərə görə özəl müəssisələrdə xərclənmiş pul vəsaitləri, dərman vəsaitlərinin alınmasına görə ödənilmiş xərclər, sağlamlığına dəymiş zərərlə bağlı hüquqi yardıma görə ödənilmiş, həmçinin, yol-nəqliyyat xərcləri ilə bağlı ödənilmiş vəsaitlərlə, həm də işsiz qaldığı 25 ay gəlir əldə edə bilmədiyi müddət ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələbində müalicə xərci ilə bağlı qeyd etdiyi məbləğ ödəniş qəbzlərində qeyd edilmiş məbləğlə uyğunluq təşkil etmir, həmçinin, həmin qəbzlərin həqiqətən də iddiaçı tərəfindən müalicə xərci ilə bağlı dərman vəsaitlərinin alınmasına sərf etdiyi vəsaitlərin onun aldığı xəsarətlərin müalicəsi ilə bilavasitə əlaqəli olmasını təsdiq etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, iddiaçının sağlamlığına cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərər dəyməsi iş materialları ilə müəyyən edilir. Belə olan halda iddiaçının daimi malicəyə ehtiyacı olması müşahidə edilir. Bu da təbii ki müəyyən dərmanların alınması, həkim müayinələrindən keçirilməsi deməkdir ki, bunun üçün də iddiaçı tərəfindən müəyyən məbləğlər ödənilməlidir. Qeyd edilən halın araşdırılması üçün məhkənənin 10 fevral 2023-cü il tarixli, 2(105)300/2023 nömrəli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mıhkəmətə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 03 mart 2023-cü il tarixli rəyi alınmışdır. Qeyd edilən rəydən görünür ki, iddiaçıda hal-hazırda yol-nəqliyyat qəzası nəticəsində almış olduğu ağır kəllə-beyin travmasınından sonrakı qalıq əlamətləri, posttravmatik ensefalopatiya vegetativ- visseral paroksizmləri ilə asteno-nevroptik sindrom kimi nevroloji dəyişikliklərin olduğu müəyyən edilir.Bununla əlaqədar İddiaçı yaşadığı ərazi üzrə nevropatoloqun nəzarəti altında olmaqla ambulator müalicəyə ehtiyacı vardır. İddiaçı adına təqdim edilmiş resept blanklarında qeyd edilmiş dərman pereparatarı ona posttravmatik və ümumi nevroloji dəyişikliklərə uyğun olaraq təyin edilmişdir. Bununla da məyyən edilir ki, iddiaçının təqdim etdiyi resept blankarında qeyd edilən dərmanlar onun qəza nəticəsində aldığı zədələrlə bağlı müalicə üçün alınmışdır. İş materiallarında olan dərman reseptlərindən görünür ki, iddiaçıya müalicə üçün qeyd edilən reseptlərdəki dərmanların alınması üçün 1461 manat pul xərcləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müalicə edilməsinə görə alınmış dərmanlar üçün ödənilmiş pul cavadehdən tutulmalıdır. Məhkəmə kollegiyasının qənaətincə mübahisənin hazırkı formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilmiş dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsi qismən, sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat pulun tutulmasının təmin edilməməsi hissəsində qismən - müalicə üçün dərman vəsaitlərinin alınmasına görə ödənilmiş pulun tutulmaması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, sağlamlığa vurulmuş maddi zərərə görə 1461 manat pul cavabdehdən tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(012)-1684/2022 saylı qətnaməsi qismən, sağlamlığa vurulmuş maddi zərərə görə 23890 manat pulun tutulmasının təmin edilməməsi hissəsində qismən - müalicə üçün dərman vəsaitlərinin alınmasına görə ödənilmiş pulun tutulmaması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçının müalicəsi üçün dərman vəsaitlərinin alınmasına görə 1461 (min dörd yüz altmış bir) manat pul cavabdehdən tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlamılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar