Məhkəmə qərarları › İş №2(012)-169/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-169/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-169/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisində 2V-86 reyestrlə təsdiq edilmiş X4 adından cavabdehlərin adlarına verilmiş 25 may 2011-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1997-ci il tarixli,05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1277 saylı bağ torpaq sahəsi onun və atası X4 ümumi mülkiyyətinə verilmişdir. xx.xx.1927-ci il təvəllüdlü atası S.A.Babayev xx.xx.2013-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra cavabdehlər ona qarşı torpaq barədə iddialarla çıxış etməyə başlamışlar. Onlar torpaq barədə tələblərinin əsası olaraq atası tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnaməyə istinad etmişlər. Vəsiyyətnaməni təsdiq etmiş Abşeron rayon 2 saylı notariat ofisindən alınmış vəsiyyətnamənin təsdiq edilmiş surətində atasının adından qeyd edilmiş imza S.A.Babayevin imzası deyil və notariat işində olan şəxsiyyət vəsiqəsinin surətində olan imzası ilə müqayisə etdikdə kəskin fərqlənir. Əgər atası həqiqətən də vəsiyyətnamə qoymuş olsaydı, onda vəsiyyətnamədə qeyd edilmiş imzadan əlavə öz dəsti xətti ilə soyadını da qeyd etməli idi. Bundan əlavə, mübahisə predmeti olan vəsiyyətnamədə vəsiyyətnamə üzrə vərəsələrin ünvanları göstərilmişdir. Vəsiyyətnamədə göstərilən tarixdə atasının artıq 84 yaşı var idi və səhhəti ilə əlaqədar o, hətta yaşadığı ünvanı belə xatırlamırdı. Göründüyü kimi, həmin vəsiyyətnamənin ərsəyə gəlməsinin təşəbbüskarları məhz cavabdehlər olmuşlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 iddia tələbini qəbul etmədilər. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-21BH saylı, 30800118 kodlu şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1997-ci il tarixli, 05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1277 saylı bağ torpaq sahəsi X4 və İddiaçı ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Abşeron rayon 2 saylı DNK-da 2V-01-86 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X6 ona məxsus bütün daşınar və daşınmaz əmlakını övladları X2 və Cavabdeh2 və nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnaməni S.A.Babayevin imzalamasını 2 şahid təsdiq etmişdir. İşdə olan AZ-İ 635775 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/721 saylı rəyindən görünür ki, xx.xx.2011-ci il tarixli vəsiyyətnamədəki “İMZA” qrafasındakı imzalar X6 tərəfindən icra edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflərdən İddiaçılə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bacı- qardaşdırlar. Cavabdeh1 isə mərhum Sabir Babayevin nəvəsidir. İşdən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-21BH saylı, 30800118 kodlu şəhadətnamə ilə Sumqayıt şəhər İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1997-ci il tarixli, 05 saylı qərarı və 19 may 1997-ci il tarixli, 1026 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1277 saylı bağ torpaq sahəsi X4 və İddiaçı ümumi mülkiyyətinə verilmişdir. X8 rayon 2 saylı DNK-da 2V-01-86 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakını övladları X2 və Cavabdeh2 və nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisində 2V-86 reyestrlə təsdiq edilmiş X4 adından cavabdehlərin adlarına verilmiş 25 may 2011-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ona istinad edir ki, qeyd edilən vəsiyyətnamədəki imza onun atasına, yəni mərhum X5 məxsus deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1179.2-ci maddəsinə görə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. “Notariat haqqında” Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin Qanunun 47-ci maddəsinə görə notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19-cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Həmin Təlimatın 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Həmin Təlimatın 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. İşdən görünür ki, mərhum Sabir Babayev özünə məxsus əmlakını övladları X2 və Cavabdeh2 və nəvəsi Cavabdeh1 vəsiyyət etmiş və bu vəsiyyətnamə müvafiq notarius tərəfindən təsdiq edilmişdir. X7 fəaliyyət qabiliyyətli olmuş, vəsiyyətini şüurlu surətdə etmiş və hər hansı təsir (hədə-qorxu və s.) altında qalması notarius tərəfindən müəyyən edilməmişdir. Həmin vəsiyyətnamədəki imza iddiaçı tərəfindən mübahisələndirildiyindən məhkəmənin müvafiq qərardadına əsasən bu xüsusda ekspert tədqiqatı aparılmış və həmin əqddəki imzanın məhz Sabir Babayev tərəfindən icra edildiyi müəyyən edilmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur və yaratdığı nəticələr hüquqa uyğundur. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Vəsiyyətnamələr vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazıldıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki işin tədqiq olunan hallarından aydın olur ki, Sabir Babayev qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə əsasında özünə məxsus əmlakını övladlarına və nəvəsinə (cavabdehlərə) vəsiyyət etmiş, vəsiyyətnamə notarius tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən sadalanan hüquq normalarının pozuntusu halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən iddia rədd edilməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən vəsiyyətnamə tərtib edilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən vəsiyyətnamənin etibarsızlığından söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Adıgözəlova (Babayeva) Minabacı Sabir qızına və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspert tədqiqatının dəyəri kimi 110 manat pul İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar