Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1699/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X1, Cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinin sədri X6 oğlunun iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinə qarşı “icarə müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinə qarşı “icarə müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 18 may 2018-ci il tarixində Abşeron rayonu Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış torpaq icarə müqaviləsinin daha 1 (bir) il müddətinə uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 18 may 2018-ci il tarixdə Abşeron rayonu Güzdək bələdiyyəsi mişar daşı istehsalı üçün ayrılmış 2 hektar torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəni “xxxx” MMC-yə 1 il müddətinə icarəyə vermişdir. Həmin icarə müqaviləsi üzrə MMC torpaq sahəsini mişar daşı istehsalı üçün istifadə etmiş və müqavilə şərtlərinə uyğun olaraq hər ay 3200 (üç min iki yüz) manat torpaq icarə haqqı ödəmişdir. “xxxx” MMC-nin həmin torpaq sahəsindən bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etməsinə baxmayaraq, Abşeron rayonu Güzdək bələdiyyəsinin 22 oktyabr 2018-ci il tarixli qərarı ilə 18 may 2018-ci il tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 22 oktyabr 2018-ci il tarixli ləğvetmə qərarının etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə həmin qərarı ləğv etmiş, qərar qanuni qüvvəsini almışdır. Bu müddət ərzində müqavilənin şərtləri pozulmuş, iddiaçı həmin torpaq sahəsini istifadə edə bilməmişn və xeyli ziyan dəymişdir. İddiaçı müqavilənin müddətinin uzadılması üçün cavabdehə müraciət etsə də, buna əsassız bəhanə gətirmişdir. Məlumata görə həmin torpaq sahəsi ilə bağlı iddiaçının keçmiş əməkdaşı olan Abbas Hünbətov ilə icarə müqaviləsi bağlanmışdır. Sözügedən torpaq sahəsi isə iddiaçının istifadəsindədir, müqaviləni ləğv edən qərar isə məhkəmə qaydasında ləğv edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış torpaq icarə müqaviləsinin 2022-ci ilin may ayının 18-nə kimi uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, pandemiya ilə bağlı icarəyə götürülmüş torpaq sahəsindən istifadə edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçının işçiləri də mövcud pandemiya şəraitində xəstələndiklərindən işçi qüvvəsi də aktiv fəaliyyət göstərə bilməmişdir. Nəitcədə iddiaçı gəlir əldə edə bilmədiyindən ödənişlər yubanmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinin sədri X4 izahatında göstərdi ki, iddiaçıya müqavilə əsasında 2 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı icarə haqqını bir müddət ödəsə də, sonradan ödənişləri dayandırmışdır. Ona görə də aralarında bağlanmış müqavilənin müddətini uzatmaq fikirləri yoxdur. İddiaçının pandemiya ilə bağlı gətirdiyi dəlil ilə razı deyildir. İddiaçı həmin ərazidə fəaliyyət göstərir. Sonda iddiaya etiraz ərizəsini məhkəməyə təqdim edib, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron rayonu Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış 18 may 2018–ci il tarixli Torpaq icarəsi müqaviləsindən məlum olur ki, Abşeron rayonu Güzdək bələdiyyəsinin 18 may 20018-ci il tarixli 16 nömrəli qərarı ilə mişar daşı istehsalı üçün 2,0 hektar olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəni 1 il müddətinə “xxxx” MMC-yə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə 18 may 2018-ci ildən 18 may 2019cu il tarixədək 1 (bir) il müddətinə gələcəkdə uzatma hüququ ilə bağlanır. Müqavilənin 2.12-ci bəndinə əsasən icaryəçinin icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təəklif vermək hüququ vardır. Müqavilənin 3-cü bəndinə görə bu müqavilədə aşağıdakılar xüsusi hallar sayılır: yanğın, partlayış, subasma, zəlzələ və başqa təbii fəlakətlər, magistral kəmərlərin dağılması və s. Bu hallardan biri baş verdikdə təcili qarşı tərəf məlumatlandırılmalıdır. Məlumat müvafiq dövlət qurumu tərəfindən təsdiqlənməlidir. Xüsusi hallar 6 aydan artıq davam etdikdə tərəflər görüşüb müqaviləni gələcək fəaliyyət ilə əlaqədar razılığa gəlirlər. - “xxxx” MMC-nin Abşeron rayonu Güzdək bələdiyyəsinə ünvanlanmış: 15.04.2019-cu il tarixli ərizədən görünür ki, “xxxx” MMC ilə Güzdək bələdiyyəsi arasında 18 may 2018-ci il tarixdə 2 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti bir il təşkil edir. Lakin, pandemiyanın başlaması ilə əlaqədar onlar torpaq sahəsindən istifadə edə bilməmişlər və bu səbəbdəndə heç bir qazanc əldə edə bilməmişlər. Bu səbəbdən də vergi borclarını ödəyə bilməmişlər. Yeni icarə müqaviləsi bağlandıqdan sonra icarə haqqı və vergi borcları ödəniləcəkdir. 24.12.2019-cu il tarixli ərizədən görünür ki, “xxxx” MMC ilə Güzdək bələdiyyəsi arasında 18 may 2018-ci il tarixdə 2 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti bir il təşkil etmişdir. Lakin pandemiyanın başlaması ilə əlaqədar onlar torpaq sahəsindən istifadə edə bilmişlər. 09.05.2020-ci il tarixli ərizədən görünür ki, “xxxx” MMC ilə Güzdək bələdiyyəsi arasında 18 may 2018-ci il tarixdə 2 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti bir il təşkil etmişdir. Lakin pandemiyanın başlaması ilə əlaqədar onlar torpaq sahəsindən istifadə edə bilmişlər. Abşeron rayonu Güzdək Bələdiyəsinin sədri Həsən Hacıağayev tərəfindən “xxxx” MMC-nin direktoru Ceyhun Əşrəfova ünvanlanmış 20.05.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Güzdək bələdiyyəsinə “icarə müqaviləsinin müddətinin uzadılması” barədə daxil olmuş 09 may 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, tərəflərindən vergi və digər ödənişlər olunmadığı üçün müddətin uzadılması hazırki formada mümkünsüzdür. Ona gör də torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış 18 may 2018–ci il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən 2,0 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. İcarə müqaviləsi 1 il müddətinə mişar daşının istehsalı məqsədilə bağlanmışdır. İddiaçı pandemiya ilə əlaqədar olaraq fəaliyyət göstərə bilmədiyini əsas gətirərək 02 oktyabr 2020-ci il tarixdə həmin müqavilənin müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Azrərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 720.1-ci maddəsinə əsasən icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. 720.2-ci maddəsinə əsasən bu Məcəllənin 720.1-ci maddəsində nəzərdə tutulan hallarda icarəçi tələb edə bilər ki, icarə müqaviləsi bütün halları nəzərə almaqla ağlabatan olan vaxtadək uzadılsın. Əgər icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə razılıq verə bilmirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, hüquq münasibətləri ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilsin. Bu cür davametdirilmə dəfələrlə tələb oluna bilər. 720.6-cı maddəsinə əsasən əgər razılıq əldə edilməzsə, iddiaya əsasən məhkəmə müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtləri haqqında qərar qəbul edir. Lakin məhkəmə cari hüquq münasibətlərinin başlanğıcından hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü maddəsində göstərilmiş müddətlərdən kənara çıxmayan anadək müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi haqqında qərar qəbul edə bilər. Müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi icarəyə götürülmüş torpağın bir hissəsi ilə də məhdudlaşdırıla bilər. Qanunvericiliyin tələblərinə əsasən torpaq icarəsi barədə müqavilənin tərəfi kimi icarəçinin müqavilənin müddətinin uzadılması və ya müqavilə münasibətlərinin davam etdirilməsini tələb etmək hüququ vardır. Hazırdkı halda iddiaçı müqavilə münasibətlərinin 18 may 2022-ci il tarixədək uzadılmasını tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı müəssisənin fəaliyyətinin iqtisadi əsasını həmin sahəsiz saxlaya bilmir və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi üçün mənfi nəticələr törədir. İcarə müddəti zamanı torpaq sahəsindən səmərəli istifadə edə bilməmə mövcud koronovirus pandemiyası da səbəb olmuşdur. Koronavirus pandemiyası nəticəsində dövlət tərəfindən qəbul edilən məhdudiyyət tədbirlərinin borclunun cavabdeh olmadığı haldan irəli gəlməsi kimi və bununla belə, forsmajor halları kimi qəbul edilə bilər qənaətinə gəlmək olduqca ağlabatan görünür. Mülki Məcəllə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməyə imkan yarada bilər. Koronavirus fors-major hal kimi qiymətləndirilə bilər. Fors-major halları tərəflərin iradəsindən kənar baş verən elə bir hallardır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hallar müqavilənin icrasının qeyri-mümkün sayılmasına gətirib çıxarır. Ümumi qəbul edilmiş tərifə görə, forsmajor müqavilədə və ya sazişdə nəzərdə tutulmuş öhdəliklərin, şərtlərin yerinə yetirilməsini qeyri-mümkün edən fövqaladə və qaçılmaz hallardır. Tərəflər arasında bağlanmış müqavilədə də tərəflər fors-major halların nəzərə alınması barədə razılaşmışlar. Tərəflər arasında razılaşma mümkün olmadığından mübahisə məhkəmə predmetinə çevrilmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinin uzadılması tələbi qanuni və əsaslıdır. Yaranmış fors-major hal onun icarə obyektindən yararlanmağa imkan vermədiyindən, iddiaçının fəaliyyətinin iqtisadi əsasını həmin sahə təşkil etdiyindən və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi üçün mənfi nəticələr gətirib çıxardığından icarə müqaviləsinin 18 may 2022-ci ilədək uzadılması iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayonu Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış 18 may 2018-ci il tarixli torpaq icarə müqaviləsinin müddəti 18 may 2022-ci il tarixədək uzadılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1699/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1699/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver