Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1706/2022 21.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X7 X3 Cəmiyyətinin nümayəndələri XXX Orxan Kamal oğlunun və X1, Cavabdeh, Üçüncü şəxs Abşeron rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X2, Üçüncü şəxs X10 Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X7 X3 Cəmiyyətinin Cavabdeh qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6-cı və 7-ci dayaqlarının mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektlərin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 X3 Cəmiyyəti Cavabdeh qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6-cı və 7-ci dayaqlarının mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyriqanuni obyektlərin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həmin iddia ərizəsi üzrə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 X3 Cəmiyyətinin nümayəndəsi XXX Orxan Kamal oğlu iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin İddiaçı MMC-nin X4 balansında və istismarında olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6-cı və 7-ci dayaqlarının mühafizə zonasında (coğrafi koordinatları: 40°27'07.0”N 49°42İ58.0',E və 40°27'09.1”N 49°42İ54.4”E), xətlərin bilavasitə altındakı sahədə “Al Market” şəbəkəsinə məxsus mağaza (VÖEN: **********), bərbər xidməti, ət kəsim, toyuq və süd məhsullarının satışı məntəqəsi fəaliyyət göstərir. Qeyd olunan obyektlər gərginliyi 2000 volt olan elektrik xətlərinin altında, yol kənarında yerləşir və fəaliyyəti ilə həmin ərazidə yaşayan insanların gediş-gəlişini intensivləşdirməklə, həyat və sağlamlıqlarına dair təhlükəni artırır, eləcə də elektrik verilişi xəttinə lazımi texniki xidmətin göstərilməsini çətinləşdirir. Qeyd edir ki, dövlət əhəmiyyətli strateji xətt kimi, uzunluğu 14,7 km olan 220 kV-luq “Müşviq” hava xətti 1961 və 1988-ci illərdə çəkilmişdir. Bu tip xətlər üçün mühafizə zonası Qaydalarının əyilmə nöqtəsindən bir tərəfə ankerin qol məsafəsindən (ankerin qolu-8 metr) sonra 25 metr təşkil edir. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərdə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, cədvəldə göstərilən müstəvidə, Un, kv-xətlərin gərginliyi; L, m-məsafələrdir; anker dayaqlarındakı naqillər bağlanan traveslərinin 7,5-8 metr (ortadan hər tərəfə) uzunluğu ilə birlikdə xəttin koridoru-trassası minimal 8+25+8+25=66 metr təşkil edir. Bu qaydalara əsasən, elektrik şəbəkələrinin istismarçıları tərəfindən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən mütəmadi tədbirlər zamanı, sonuncu dəfə 24.01.2022-ci il tarixdə "xxxx" MMC-nin X4 YGEVX və TX tərəfindən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin mühafizə zonasında, xəttin trassası üzrə elektrik şəbəkəsinin istismarına mane olmaqla birbaşa potensial təhlükə mənbəyi törədən obyektlərin tikintisinin Cavabdeh tərəfindən aparıldığı və ona məxsus olduğu müəyyən etmək mümkün olmuş, Cavabdeh bildiriş təqdim edilmiş və obyektlərdə çalışan işçilərlə keçirilmiş görüşdə qeyd olunan elektrik xəttində baş verə biləcək qəzaların partlayışlara, yanğınlara və bədbəxt hadisələrə səbəb ola biləcəyi onların diqqətlərinə çatdırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2005-ci il tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nda nəzərdə tutulmuş mühüm tələblərin kobudca pozulması halı onlara izah edilmişdir. Odur ki, qeyd olunan xəttin bilavasitə altında inşa edilmiş bu tikililərin xətlərdə planlı şəkildə təmir işlərinin aparılmasına imkan verməyərək və qəza-bərpa işlərinin qısa müddətə başa çatdırılması üçün xüsusi maşın-mexanizmlərdən istifadə olunmasına maneçilik törədərək EVX-nın normal istismarı üçün şəraitin məhdudlaşdırdığı qənaətindədir. Baş verə biləcək qəza hallarında isə işlərin vaxtında aparılmasına çətinlik yaranması səbəbindən Abşeron rayonunun kənd və qəsəbələrində dayanıqlı enerji təchizatında uzunmüddətli fasilələrin yarana biləcəyi və elektrik cərəyanının təsirindən insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin qarşısının alınmasının mümkün olmayacağı istisna edilmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 X3 Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək digər nümayəndə XXX Orxan Kamal oğlunun izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh rəsmi icazələr almadan sözügedən mühafizə zonasında qeyri-yaşayış sahələri, yəni obyektlər inşa etdirmiş və həmin obyektlər hazırda fəaliyyət göstərir. Həmin əraziyə nəzarət edilən zaman qeyd olunan obyektlərin tikintisinin qarşısının alınması ilə bağlı xəbərdarlıqlar edilmiş, aidiyyəti qurumlara müraciət edilmiş, lakin hər hansı bir akt tərtib olunmamışdır. Lakin aktların siyahısı alınanda cavabdehə qeyd olunan obyektlərin ona məxsus olması ilə bağlı məlumat verilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsi ona məxsus deyildir. Onun yalnız Koroğlu küçəsi ərazisində yerləşən obyekti vardır ki, həmin obyekt də mebel sexi kimi fəaliyyət göstərir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsində yerləşən obyektlərin siyahıya alınması ilə bağlı ona müraciət edilmiş və o, bilmədən imza atmışdır. Halbuki, sözügedən obyektlər ona aid deyildir və o, şəkildə qeyd olunmuş obyektlərin kimə məxsus olmasını bilmir. Məhkəmə iclasında üçüncü şəxs X10 Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu Qobu qəsəbəsi Koroğlu küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş obyektlər mühafizə zonasına düşür və Azərenerji ASC-nin səlahiyyətli şəxsləri tərəfindən sözügedən obyektlərin siyahıya alınması ilə bağlı cavabdehə müraciət edilmiş və cavabdeh həmin obyektlərin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs Abşeron rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı X7 Şəbəkəsi MMC-nin sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir və həmin obyektlərin inşa edilməsi ilə bağlı cavabdehə bələdiyyə tərəfindən rəsmi sənəd verilməmişdir. Cavabdehə məxsus olan obyekt Koroğlu küçəsində yerləşir ki, həmin obyekt də mebel sexi olaraq fəaliyyət göstərir. Hazırda iddianın predmeti olan tikilinin kimə məxsus olması barədə məlumatı yoxdur. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mülki iş materiallarına əlavə olunmuş üç ədəd fotoşəkildən görünür ki, sözügedən fotolarda Cavabdeh məxsus olduğu iddia edilən “Al Market”, “Bərbərxana” “kənd təsərrüfatı məhsulları (“toyuq, süd, qatıq məhsulları” kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələri-obyektlər əks olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Hökməli qəsəbəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin mühafizə zonasında qeyri-qanuni inşa edilmiş qeyri-yaşayış sahəsinin olması və həmin tikililərin qanunsuz olaraq qanunvericiliyin tələblərinin pozulmaqla inşa edildiyindən və mühafizə zonasına düşdüyündən, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş həmin qeyriyaşayış sahələrinin cavabdeh tərəfindən sökülərək, torpaq sahəsinin boşaldılmaqla əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə Torpaq Məcəlləsi adlanacaq): 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mühfizə zonaları “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən müəyyən edilir. Belə ki, həmin Qərara əsasən, mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirəcək üç ədəd fotoşəkil təqdim etməsinə və həmin fotoşəkildə həqiqətən də qeyri-qanuni olaraq inşa edildiyi iddia edilən “Al market”, “Bərbərxana” və kənd təsərrüfatı məhsullarının satıldığı mağaza əks olunsa da, həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin bələdiyyənin balansında olması və obyektin Cavabdeh məxsus olması öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh iddia ərizəsində göstərilmiş qeyri-qanuni tikilinin ona məxsus olmadığını izahatında qeyd etmiş, onun yalnız başqa yerdə Koroğlu küçəsi ərazisində yerləşən obyekti olduğunu bildirmişdir. Üçüncü şəxs Abşeron rayonu Hökməli Bələdiyyəsinin nümayəndəsi sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu bildirmiş, torpağın üzərində tikilinin cavabdehə məxsus olmamasını qeyd etmiş, lakin kimə məxsus olmasını isə bilmədiyini göstərmişdir. İddiaçı isə tikintinin cavabdehə məxsus olmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız fotoşəkillərlə kifayətlənmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları yalnız üç ədəd fotoşəkillərə əsaslanmaqla, hər hansı bir akt tərtib etmədən məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, sübutetmə yükü təkzib edənin deyil, sübut etmək vəzifəsi daşıyan tərəfin üzərinə düşdüyü halda, iddiaçı öz tələbinin əsasını təşkil edən kifayət qədər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qanunvericiliyin tələblərinə və Plenum Qərarına istinad edərək qeyd edir ki, iddiaçı X7 Şəbəkəsi MMC iddiaçı tələbində sözügedən obyektin Cavabdeh məxsus olduğunu, bu səbəbdən də həmin qanunsuz tikililərin məhz həmin şəxs tərəfindən sökülməsini tələb etsə də, həmin obyektlərin həqiqətən də cavabdehə məxsus olmasını sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qanunsuz tikilinin Cavabdeh məxsus olması təsdiq olunmadığı təqdirdə həmin tikilinin cavabdehin öz vəsaitin hesabına sökülməsi öhdəliyini də qoya bilməz. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə araşdırması zamanı Abşeron rayonu Hökməli qəsəbəsi Qobu yolu Koroğlu küçəsi ərazisindən keçən mühafizə zonasında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi tələbi irəli sürülsə də, həmin tikililərin məhz Cavabdeh tərəfindən sökülməsi tələb olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan obyektlərin cavabdehə məxsus olmasını təsdiq edən mötəbər sübutlar öz əksini tapmadığından, iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmuş, lakin iddiaçının nümayəndəsi başqa cavabdehin olmadığını bildirmiş, bu səbəbdən də məhkəmə irəli sürülən tələblər üzrə iddia ərizəsinə mahiyyəti üzrə baxmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi cavabdehlərə münasibətdə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən sübuta yetirilmədiyindən əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X7 X3 Cəmiyyətinin Cavabdeh qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, Koroğlu küçəsi ərazisindən keçən 220 kv-luq yüksək gərginlikli “Müşviq” hava xəttinin 6-cı və 7-ci dayaqlarının mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni obyektlərin sökülməsi, sökülmə işlərinə çəkilən xərclərin cavabdehdən tutulması və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1706/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1706/2022
21.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver