Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-171/2022 11.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 fevral 1999-cu il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1999-cu il təvəllüdlü X7 Ərizəçi oğludur. Nurlan ağır debillik dərəcəsində anadangəlmə kəmağıllıq, nəzərə çarpan davamlı psixopotobənzər davranışlı xəstəliyindən əziyyət çəkir. Bu günə kimi ərizəçi oğlunu tək başına müalicə etdirmiş, ölkə daxili və xarici həkimlərə aparmış, lakin heç bir xeyri olmamışdır. Oğlu Nurlan xəstəliyinə görə hərbi xidmətə də getməmişdir. Belə ki, Nurlanın 3 yaşı olan zaman 1 il Nevroloji dispanserdə, 5 yaşı olan zaman 2 il 7 saylı Nevroloji dispanserdə qalmış və bir neçə xəstəxanada da müalicə almışdır. Ərizəçi ümid etmişdir ki, oğlu sağalıb normal uşaq olar. Bunun üçün o, bütün əmlakını satıb oğlunun müalicəsi üçün xərcləmiş, lakin oğlunun yaşı artdıqca daha da aqressivləşmiş və artıq özünü idarə edə bilmir. Məhkəməyə hazırki ərizə ilə müraciət etməsinin səbəbi, oğlunun sənədləşmə işləri ilə əlaqədar imza edə bilməməsi və sair səbəblər olmuşdur. O nəinki imza edə bilmir, hətta yaşını və adını soruşanda belə deyə bilmir. Sanki körpə uşaqdır, onsuz qala bilmir, daim oğlunun yanındadır və ona qulluq edir. Oğlu Nurlana köməkçi təyin edilməsi üçün ərizəçi Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyəti tərəfindən cavab məktubunda qanunvericiliyə uyğun olaraq məhkəmə orqanları tərəfindən xəstəliyə uyğun olaraq fəaliyyət qabiliyyətsiz hesab olunması barədə qətnamə qəbul edildiyi halda qəyyumluq məsələsinə baxıla biləcəyi qeyd edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən 21 fevral 1999-cu il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə baxışı iclasında maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan AA0012274 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə İmişli rayonunun Yalavac kəndində anadan olmuş X7 xx.xx.2019-cu ildə Abşeron RHK tərəfindən xəstəliklər cədvəlinin İ qr. 20a maddəsinə əsasən (Azər.Resp.NK-nin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmir Birliyi 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən 23 fevral 2021-ci il tarixdə verilmiş 521 nörməli arayışdan görünür ki, X2 rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, ev 10 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2018-ci ildə verilmiş 6439/2018 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İmişli rayonu, Yalavac kəndində yaşayan xx.xx.1999-cu il tarixdə doğulmuş X7 xx.xx.2018-ci il tarixdə “ağır debillik dərəcəsində anadangəlmə kəmağıllıq, nəzərə çarpan davamlı psixopotabənzər davranışlar” diaqnozu ilə həmin xəstəxanada müalicə almış və xx.xx.2018-ci il tarixdə çıxmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/797 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X3 ruhi xəstəliyi ilə əlaqədar onun üzərində qəyyum təyin olunması barədə Ərizəçi müraciətinə Rayon İcra Hakimiyyətinin nəzdnində Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, qəyyum təyin olunmazdan əvvəl qanunvericiliyə uyğun olaraq məhkəmə orqanları tərəfindən xəstəliyinə uyğun olaraq fəaliyyət qabiliyyətsiz hesab olunaraq qətnamə qəbul edilməlidir. Qətnamə qəbul edildiyi halda qəyyumluq məsələsinə baxıla bilər. Ona görə də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2021-ci il tarixli 2863 saylı rəyindən görünür ki, X1 debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 üzərinə qəyyum təyin edilməsinə zərurət vardır. X4 müəyyən edilən kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X1 debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları aşkar olunmuşdur. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. O, anası Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Bu səbəbdən də, məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2021-ci il tarixli 2863 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 fevral 1999-cu il tarixdə İmişli rayonu, Yalavac kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 320, 321, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 fevral 1999-cu il tarixdə İmişli rayonu, Yalavac kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-171/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-171/2022
11.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver