Məhkəmə qərarları › İş №2(012)-1715/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1715/2024

27.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1715/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı – 25 dekabr 1959-cu il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, İ qrup əlil olan həyat yoldaşı X5 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayırlar. X1 1959-cu il təvəllüdlüdür. O, uzun illərdir ki, psixoloji xəstəlikdən əziyyət çəkir və ona xəstəliyinə görə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. X2 xəstəliyi günü-gündən irəliləyir. Həyat yoldaşı tək başına heç bir işini və ehtiyacını ödəyə bilmir, həyat yoldaşının yanında daim ona qulluq edən bir şəxs olmalıdır, əks halda ətrafa və özünə ziyan yetirə bilər. X2 bütün tələbatını ödəməyə o, kömək edir. Həyat yoldaşının səhhəti olduqca pisdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən 20 saylı evdə qeydiyyatda olan və yaşayan xx.xx.1959-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz olduğu üçün ona qəyyum təyin olunması üçün sərəncam verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, 4/2203 nömrəli cavab məktubunda bildirilmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq, psixoloji xəstəlikdən əziyyət çəkən şəxsin qəyyumluğa verilməsi üçün ilk öncə həmin şəxs barədə məhkəmə orqanları tərəfindən fəaliyyət qabiliyyətsiz olması barədə qətnamə qəbul edilməlidir. Qətnaməyə uyğun olaraq həmin şəxsə qəyyum təyin olunur. Bütün bunlara əsasən Maraqlı şəxs tərəfindən ona məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X6 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AZE seriyalı, 09477604 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Qafan şəhərində doğulmuşdur. İş materiallarında olan Abşeron rayonu Mehdiabad qəsəbə soveti tərəfindən 28 noyabr 1985ci il tarixdə verilmiş İV-ЖГ № 253527 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 28 noyabr 1985-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 796 saylı rəyindən görünür ki, X3 MSS-in travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranmış ifadəli şəxsiyyət pozuntusu, anamnezində psixotik pozuntularla formasında psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənəd və hal-hazırkı psixi vəziyyəti (anamnestik məlumatlara görə 1988-ci ildə ermənilərlə münaqişə zəminində başından zədə alması, bununla əlaqədar müalicələrdə olması, aldığı travmadan sonra psixi pozuntuları büruzə verməsi səbəbi ilə əlaqədar psixiatrik qeydiyyata düşərək psixiatrik xəstəxanalarda, həmçinin vəziyyəti ilə əlaqədar AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, davranışında pozuntular müşahidə edildiyi üçün müvafiq dərman preparatlarını qəbul etməsinə baxmayaraq narahatlığı, evdə yersiz hərəkətlərə yol verməsi, ailə üzvlərinə qarşı aqressiv olması, nalayiq ifadələr işlətməsi, fizioloji ifrazatları ilə natəmiz olması, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar. MSS-in üzvi xəstəliyi (travmatik mənşəli) qalıq əlamətləri psixotik xarakterli psixi pozuntularla” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması, hazırkı müayinə zamanı zahirən çox narahat halda olması, verilən sualları cavablandırmaması, koqnitiv xeyli zəifləmə, həmçinin maraq dairəsinin enməsi büruzə verməsi, əhval-ruhiyyəsinin əsasən aşağı olması, affektiv reaksiyalara meyilliliyi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 25 dekabr 1959-cu il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: X3 MSS-in travmatik mənşəli-üzvi xəstəliyi nəticəsində yaranmış ifadəli şəxsiyyət pozuntusu, anamnezində psixotik pozuntularla formasinda psixi xəstəlik müəyyən edilir. 2-ci sual: 25 dekabr 1959-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: X3 hazırki müayinə zamanı müəyyən edilən MSS-in travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranmış ifadəli şəxsiyyət pozuntusu, anamnezində psixotik pozuntularla əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 25 dekabr 1959-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 796 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 25 dekabr 1959-cu il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar