Məhkəmə qərarları › İş №2(012)-1718/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1718/2024

18.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1718/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafəsi üzrə komissiyanın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri xx.xx.1978-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2024-cü il tarixə saat 15:30-a təyin olunmuş məhkəmə hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi iştirak etmiş, ərizəçi isə məhkəmə iclasına gəlməmiş, məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixinə saat 11:10-a təxirə salınmış, lakin məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafəsi üzrə komissiyanın nümayəndəsi X3 izahatında göstərmişdir ki, mülki iş üzrə təyin olunmuş 2-ci məhkəmə iclasıdır ki, ərizəçi iştirak etmir. Ona görə də mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmir və mülki iş üzrə ərizənin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.7. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki iş materiallarından göründüyü kimi, 2(012)-1718/2024 saylı mülki iş üzrə 2 (iki) dəfə hazırlıq məhkəmə iclasları təyin olunmasına baxmayaraq ərizəçi məhkəmə iclaslarında iştirak etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçi məhkəmə hazırlıq iclaslarına gəlmədiyindən və maraqlı şəxsin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli № 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar