Məhkəmə qərarları › İş №2(012)-1724/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1724/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1724/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi və borca görə ödənilmiş pul məbləğinin hesaba geri qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********21910) Cavabdeh İB tərəfindən əsassız hesablanmış 3110,40 manat borcun silinməsini və ödənilmiş 145 manat məbləğin hesaba geri qaytarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini 2017-ci ildə almış, daha sonra həmin evə onunla Cavabdeh İB arasında bağlanmış müqavilə əsasında qaz xətti çəkilmiş, Zenner G4 markalı sayğac quraşdırılmışdır. Sözügedən fərdi yaşayış evi 6 il ərzində onun mülkiyyətində olmuş və o, bu dövr ərzində orada yaşamışdır. Lakin o, xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə məqsədilə qızının evində qalmış, son vaxtlar sözügedən evə aradabir baş çəkmişdir. Ona məxsus olmuş Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca xx.xx.2023cü il tarixində onun iştirakı və məlumatı olmadan baxış keçirilmiş, ******* saylı akt tərtib edilərək sayğacın çıxış plasmas borusunun deşildiyi qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. Bundan sonra həmin akta əsasən, 25920 kub metr qaz sərfinə uyğun 3110,40 manat borc hesablanmışdır və ödədiyi 145 manat pul məbləği həmin borcdan silinmişdir. Cavabdeh İB əməkdaşları tərəfindən sözügedən fərdi yaşayış evinə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuşdur və yeni sayğac quraşdırıldıqdan sonra təbii qaz sərfiyyatında dəyişiklik olmamışdır. Sayğac onun nəzarətindən kənarda, çöldə yerləşir və o, sayğaca heç bir müdaxilə etməmişdir. Cavabdeh İB əsassız olaraq ona borc hesablamış və bu barədə ona məlumat verməmişdir. O, ödədiyi məbləğin borcdan silindiyini bildikdən sonra bu barədə məlumatlı olmuşdur. Onun müdaxiləsi olmadığı halda sayğacda olan problemə görə onun cərimələnməsi ədalətsizlikdir. Halbuki, sayğaca nəzarət etmək onun yox, cavabdehin məsuliyyətindədir. Göründüyü kimi onun yaşadığı evdə sayğacın normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 30 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində onun iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 30 aprel 2023-cü il tarixli, ******* nömrəli nömrəli akt etibarlı deyildir. Bundan əlavə o, sözügedən fərdi yaşayış evini 2023-cü ilin oktyabr ayında satmışdır. Hesab edir ki, həmin akt əsasında hesablanmış 3110,40 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, eyni zamanda onun tərəfindən ödənilmiş və əsassız borca silinmiş 145 manat manat pul sayğacın balansına geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********21910) sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-4621/Q009 saylı rəyə əsasən B02AZ**********21 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********21910) 3110,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********21910) Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə əsassız olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat cərimə hesablanmışdır. Lakin iddiaçı iddia ərizəsində əsassız hesablanmış 3110,40 manat borcun silinməsini və borca görə ödənilmiş 145 manat məbləğin Cavabdehndən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, sözügedən akt üzrə ödənişlərdən Cavabdeh tərəfindən nə qədər tutulmalar aparılması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********21910) Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış cərimə əsassız olduğundan, həmin akta görə 3110,40 manat cərimə silinməli və həmin cərimənin silinməsi sözügedən akt üzrə əsassız tutmaların da nəzərə alınmasını özündə ehtiva etdiyindən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə qiymət verilməsi zəruruətini aradan qaldırır. Məhkəmə qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 3110,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********21910) Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar