Məhkəmə qərarları › İş №2(012)-1725/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1725/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1725/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilən 1555.20 manat məbləğində cərimənin və xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin ləğv edilməsi, həmçinin cərimənin tətbiqi nəticəsində məndən qanunsuz olaraq tutulan 50 (əlli) manat ödənişin cavabdehdən tutulub mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Azəriqaz İB arasında xx.xx.2017-ci il tarixli 14/11463 saylı Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə Müqavilə bağlanıb. Atası xx.xx.2021-ci il tarixdə dünyasını dəyişib. xx.xx.2023-cü il tarixində Azəriqaz İB-nin nümayəndələri “BRQSD”-nin mühəndisləri Həsənov Rəşad və Abasov Emil tərəfindən Abşeron r, Qobu qəs, Yeni yaşayış ünvanında yerləşən ona məxsus fərdi evin qaz sayğacına (İtron tipli G-4 markalı sayğac, sayğac kodu: 1202AQ**********8, qırılan plombun nömrəsi: ********) texniki baxış keçirilmiş və sayğacın “mənfiyə işlədiyi” aşkar edilmişdir. Həmin mühəndislər bununla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı Akt (bundan sonra “Akt”) tərtib etmiş və Aktda qeyd edilənə əsasən sayğac “mənfiyə işlədiyinə” görə həmin mühəndislər tərəfindən sayğacın plombu qırılmış və yenisi ilə əvəz edilmişdir. Sayğaca texniki baxış keçirilən zaman nə ona, nə də digər ailə üzvlərinə bu məsələ ilə bağlı məlumat verilmədən əvvəlki sayğac həmin 2 (iki) mühəndis tərəfindən özbaşına sökülərək yuxarıdakı Akt tərtib edilmiş və köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Aktdan göründüyü kimi, mühəndislər qaz sayğacını dəyişərkən sayğacın plombuna heç bir kənar müdaxilə edilmədiyini özləri də etiraf ediblər. Bununla yanaşı, yeni sayğac quraşdırıldıqdan sonra həmin 2 (iki) mühəndis Aktı imzalamaq üçün onu çağırdılar. Lakin o onu imzalamaqdan imtina etmişdir. Onlar isə qazı kəsəcəkləri ilə bağlı onu hədələdilər. O, həmin Aktın və bu hərəkətlərinin qanunsuz olduğunu onlara bildirmişdir. Onlar isə bunu gözardı edib fikir vermədilər. Həmin vaxt onun maliyyə imkanı çox aşağı olduğu üçün gündəlik ailə xərclərini çətinliklə ödəyə bilirdi. Evdəki hamilə vəziyyətdə olan həyat yoldaşını düşünürdü. Təki qaz kəsilməsin və ailəsinə soyuq olmasın. Ona görə də məcbur olub Akta imza atmışdır. 2023-cü ilin oktyabr avında qaz pulu ödəyərkən pulun müəyyən hissəsinin sayğaca oturmadığını gördükdə qaz idarəsi ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixli ******* savlı Akta əsasən haqqında cərimə tətbiq edildiyi bildirildi. Onlara, təxminən 1 (bir) il üzərindən keçdikdən sonra belə bir hərəkətin edilməsinin qanunsuz olduğunu qeyd etmışdir. Ona ******* saylı, xx.xx.2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulmasına dair Aktın, xx.xx.2023-cü il tarixli Dəvmis ziyanın bərpasına dair Tələbnamənin və Abonentin saldosunun surətini təqdim etdilər. Bütün bunlar ona, sayğacın dəyişdirilməsindən (xx.xx.2023-cü il tarixli ******* saylı Akt əsasında), təxminən 1 (bir) il keçdikdən sonra yalnız onun müraciətindən sonra ona təqdim edilmişdir. ******* saylı, xx.xx.2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulmasına dair Aktla müəyyən edilmişdir ki, “sayğacın plastmas borusu deşilib”. Həmin Aktdan onun yalnız 2023-cü ilin oktyabr ayında (təxminən 1 (bir) il keçdikdən sonra) xəbəri olmuşdur. Həmin akta onun də adını əlavə ediblər və imza qismində yazıblar ki, guya o onu imzalamaqdan imtina etmişdir. Onun da altında çapla yazılıb ki, “istehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etdi, bir nüsxə ona təqdim edildi”. Halbuki, onun bunların heç birindən xəbəri olmayıb. xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamə ilə müəyyən edilmişdir ki, “Sənaye və qaz cihazlarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 3172-1 saylı Aktına əsasən G-4 markalı 1202AQ**********8 saylı sayğacın çıxış plastmas borusu deşikdir”. Hazırda, bu qanunsuz Akt və onun əsasında tətbiq edilən cərimə ucbatından onun qaz istehlakına görə ödədiyi məbləğin 50%-i (əlli faizi) qanunsuz olaraq ondan tutulur. Ona görə də, qaz istehlakına görə ödədiyi məbləğin yalnız geriyə qalan hissəni (50%) istifadə etmək mükündür. Həmin Akt onun iştirakı olmadan qanunsuz olaraq tərtib edildiyinə görə həmin aktın tərtib edilməsindən, təxminən 1 (bir) il keçdikdən sonra cərimə tətbiq edilməsi əsassız və qanunsuzdur. Bundan başqa, qaz sayğacı həyətin küçəyə çıxışında divarın çöl tərəfində, elə yerdə yerləşir ki, o sırf qaz sayğacı üçün darvazadan çölə maşın yoluna çıxsa, onu görə və ona nəzarət edə bilər. Eyni zamanda, qaz sayğacının quraşdırıldığı yer darvazadan çölə, küçəyə və dolayısı ilə ictimaiyyətə açıq məkandır. Yəni, kim istəsə, qaz sayğacına maneəsiz olaraq zərər vura bilər və bundan da heç kimin xəbəri olmaz. Halbuki, qaz sayğacı elə yerdə quraşdırılmalı idi ki, o ona asanlıqla çata və nəzarət edə bilsin. Artıq, təxminən 1 (bir) ildir ki, qaz sayğacının qutusunun qapağı onun xəbəri olmadan qırılmasına və qaz idarəsinə dəfələrlə bu barədə məlumat verməyinə baxmayaraq onlar bunu gözardı ediblər və bu məsələnin həlli istiqamətində heç bir addım atmayıblar. Yeni qaz sayğacı üçün yenə də qutu quraşdırmayıblar. Həmin Akt əsasında ona cərimə tətbiq edilib, lakin cərimə ilə bağlı ona heç bir rəsmi bildiriş verilməyib. Abonentin saldosundan da göründüyü kimi onun adına 2023-cü ilin Mart ayından etibarən 1555.2 manat borc məbləği yazılıb. Lakin yalnız 2023cü ilin oktyabr ayından etibarən, faktiki olaraq ona cərimə tətbiq edilməkdədir. Bunun nəticəsində, o qoşmaya əlavə etdiyi borc məbləğinin əks olunduğu telefondakı mobil tətbiqdən əldə etdiyi ekran görüntüsündən də açıqca görünür ki, hazırda onun qalıq borc məbləği 1500,7 manat qeyd olunub. Dolayısı ilə, bugünki tarix etibarilə ona bu qanunsuz akt və cərimə ucbatından təxminən, 50 (əlli) manat məbləğində zərər dəyib. Bu isə o deməkdir ki, bu hal davam edərsə, hər keçən gün qaz istehlakı üçün ödədiyi məbləğdən cərimə üçün tutmalar artacaq. Onun aylıq məvacibi 333 manatdır. Ailəsində yalnız o işləyir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdəfiə etdi və iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materialında olan Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* №-li aktdan görünür ki, MSK 14-2-2/3-5-3172-5 saylı rəyə əsasən sayğaca kənar müdaxilə aşkarlanmışdır. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* №-li nömrəli akta əsasən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6x24x90=12960 kub metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********08990) 1555,20 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda İddiaçı 27,50 manat ödəniş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 1555,20 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1555,20 manat borc silinməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən həmin borca silinmiş 50 (əlli) manat məbləğində pulun iddiaçının abonent hesabına qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhz 50 manat pulun borcun silinməsinə xərclənməsi sübuta yetirilməsə də, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 1555,20 manat borc hesablandıqdan sonra iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə pul ödənişləri həyata keçirilmişdir. Hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 1555,20 manat cərimənin silinməsi, özü-özlüyündə, cərimə üçün ödənilmiş 50 manat pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etmir və izah edir ki, həmin məbləğ iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, tələbnamə iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1555,20 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən **********08990 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar