Məhkəmə qərarları › İş №2(012)-173/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-173/2023

18.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-173/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X6 cavabdehlər Cavabdeh1 qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında NEZ-ə məxsus Dş-300 mm-lik yerüstü aviakerosin boru kəmərinin 28-ci km-də, kəmərdən təqribən 44 metr aralı olan məsafədə, 3-cü sırada yerləşən torpaq sahəsində aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, cavabdehin həmin tikilidən çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik idarəsi tərəfindən Heydər Əliyev adına X5 (NEZ) ünvanlanmış NEZ-ə məxsus boru kəmərlərinin mühafizəsi zonasında aşkarlanmış qanunazidd hərəkətlər və hadisələr barədə məlumat cədvəlində göstərilmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Nizami Gəncəvi küçəsinin yaxınlığında, NEZ-ə məxsus Dş-300 mm-lik yerüstü aviakerosin boru kəmərinin 28-ci km-də, kəmərdən təqribən 44 metr aralı olan məsafədə, 3-cü sırada köhnədən olan hasarın 2.5 metr hündürlüyündə 2.5 metr uzunluğunda olan hissəsinin sökülərək yenidən tikilməsi, xx.xx.2022-ci il tarixdə həmin əraziyə təkrar baxış keçirilən zaman köhnədən mövcud olan 4 tərəfi hündür hasarla əhatə olunmuş yaşayış evinin qarşısında yeni tikintinin aparıldığı müəyyən olunmuşdur. Bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Həmin məlumat əsasında NEZ-in əməkdaşları tərəfindən sözügedən ünvana təkrar baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əslində özbaşına tikili Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşir və həmin tikintinin xx.xx.1974-cü ildə Gədəbəy rayonu Əmiraslanlı kəndində anadan olan və həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 tərəfindən aparıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İddiaçı sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında NEZ-ə məxsus Dş-300 mm-lik yerüstü aviakerosin boru kəmərinin 28-ci km-də, kəmərdən təqribən 44 metr aralı olan məsafədə, 3-cü sırada yerləşən torpaq sahəsində aparılan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, cavabdehin həmin tikilidən çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini və ərizə ilə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş arayışdan müəyyən edilir ki, Heydər Əliyev adına X2 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2 saylı qarovulun 2-ci iş Tövbəsində saat 21:30-da 36 saylı (H Əliyev adına NFZ-nin nafta xettinin 22-28.5 km-də zavoda məxsus paralel kəmərlərin mühafizəsi avtomobildə, səyyar) postun ərazisində Abşeron rayonu Xırdalan şəhəri Nizami Gəncəvi küçəsinin yaxınlığında , NEZ-Ə məxsus DŞ-300 mm-lik yerüstü aviakerosin boru kəmərinin 26-ci km-də. Kəmərdən təqribən 44 metr aralı olan məsafədə, 3-cü sırada, xəttə perpendikulyar köhnədən mövcud olan 4 tərəfli hündür hasarla əhatə olunmuş. yaşayış evinin qarşısında 5x5xx4 5m ölçüdə yeni tikili aşkarlanmışdır. 36 saylı postun atıcısı E.K Piriyev və xidmətdə atan NEZ-in mühafizəsi üzrə Polis İdarəsinin polis serjantı X3 qeyd olunan tikilinin qanunazidd olması barədə kimliyi haqqında məlumat verməyən, özünü ev sahibi kimi təqdim edən şəxsə izah etməyə çalışsalarda, həmin şəxs əmakdaşlarla kobud rəftar edərək onları təhqir etmişdir. Hasarın hündür olması və ev sahibinin əməkdaşları həyətə buraxmaması səbəbindən tikiliyə müdaxilə etmək mümkün olmamışdır Qeyd olunan yaşayış evinin hasarının hündür olması səbəbindən yem tikilinin ilkin mərhələsinin əvvəlcədən aşkar olunması mümkün olmamışdır. Faktla bağlı Tİ-nin növbə rəisinə, NEZ-in növbətçisinə və MT.MM və HS şöbəsinin rəisi Zaur Əliyevə. NEZ-in 13 saylı «sahənin rəisi Azər Əsədova və NEZ-in mühafızəsi üzrə Polis da rəisinin rəis müavini Polis mayoru Rəşid Nəcəfova məlumat verilmişdir. Mülki işin materiallarından olan Heydər Əliyev adına X4 14 yanvar 2022-ci il tarixli SOCAR**********00040020A00019 saylı əmri ilə yaradılmış "Heydər Əliyev adına X4 (NEZ) obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyri-qanuni tikililərə qarşı mübarizə aparılması üçün daimi fəaliyyət göstərən monitorinq komissiyasının’’ üzvləri İstehsalatın planlaşdırılması üzrə mühəndisi Şahid Şəmilov, Mühafizənin təşkili üzrə aparıcı mütəxəssis Mehdi İsmayılzadə və böyük hüquq məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsində vətəndaş Cavabdeh1 tərəfindən özbaşına tikinti aparılmış əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, özbaşına tikinti işləri aparılmış torpaq sahəsi ilə Heydər Əliyev adına X5 məxsus neft boru kəmərləri arasındakı məsafə təxminən 44 metr təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 10/7475 nömrəli rəyindən müəyyən edilir ki, cavabdeh tərəfindən inşa olunduğu iddia olunan fərdi yaşayış evinin NEZ-ə məxsus Dş-300 mm-lik yerüstü aviakerosin boru kəmərindən 44,2 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin təqdim olunmuş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iş üzrə alınmış ekspert rəyindən də göründüyü kimi Cavabdeh1 tərəfindən inşa olunduğu iddia olunan fərdi yaşayış evi NEZ-ə məxsus Dş-300 mm-lik yerüstü aviakerosin boru kəmərindən 44,2 metr məsafədə yerləşməklə, həmin kəmərin 50 metrlik mühafizə zolağının daxilinə düşməklə, həmin tikili tam yox, həmin tikilinin boru kəmərinə paralel mühafizə zonasına düşən 5,8m. (50-44,2= 5,8) metr olan hissəsi özbaşına tikili olmaqla, cavabdehlərinin hesabına sökülməli, cavabdehlər həmin tikilidən çıxarılmalıdırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmçinin, məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. İddia qismən təmin edildiyindən 100 manat dövlət rüsumunun 80 manat hissəsi də bəraər qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında NEZ-ə məxsus Dş-300 mm-lik yerüstü aviakerosin boru kəmərinin 28-ci km-də, 3-cü sırada yerləşən kəmərdən təqribən 44 metr aralı, kəmərin 50 m.-lik mühafizə zolağında həmin boru kəməri ilə paralel 5.8 m hissəsi özbaşına tikili olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına sökülsün və onlar həmin ərazidən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 manat məbləğində pul vəsaiti məhkəmə xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 40 manat, cəmi 80 manat dövlət rüsumuna görə pul tutulub Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar