Məhkəmə qərarları › İş №2(012)-1744/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1744/2025

20.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1744/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus, abonent kodu **********06149 olan işıq sayğacına qanunsuz olaraq hesablanmış 74 (yetmiş dörd) manat işıq borcunun silinməsi və borcun silinməsinin cavabdeh "xxxx" ASC-yə həvalə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun, ünvan 1 ünvanında iki yaşayış evi olmaqla, iki işıq sayğacı quraşdırılmışdır. Ev şəxsi mülkiyyət hüququ əsasında Süleymanzadə Murada məxsusdur. İddiaçının adına, abonent kodu **********06149 olan işıq sayğacına əlavə elektrik enerjisi işıq sərfiyyatı yazılmışdır. İddiaçı bildirir ki, 2012-ci ildən bu günə kimi həmin ünvanda yaşanılmayıb və işıqdan istifadə olunmamışdır. Çünki, həmin işığın aidiyyatı olan ev birmərtəbəli evdir və evin arxa tərəfində "Birlik-7” MTK tərəfindən tikilmiş, 14 mərtəbəli bina evinin 2 metrliyinda tikilmiş və tikintidən tökülən daş, qum kisəsi, taxta və s. kimi şeylər evi yararsız hala salmış, evdə yaşamaq mümkün olmamışdır. Son vaxtlar isə iddiaçıya davamlı olaraq "xxxx" ASC-dən sms bildirişlər göndərilərək borcunun ödənilməsi bildirilir. İddiaçı sonuncu dəfə dekabr ayında "xxxx" ASC-nə yazılı müraciət edərək, əsassız olaraq yazılmış borcun silinməsini xahiş etmiş, lakin heç bir nəticə olmamışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, 2014-cü ildən evin yararsız olması ilə əlaqədar yaşayışın olmadığını bildirdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, bildirmişdir ki, İddiaçı 03 mart 2025-ci il tarixinə "xxxx" ASC qarşısında 51.52 manat debitor borcu vardır. İddiaçının silinməsi tələb etdiyi pul məbləği isə elektrik enerjisindən istifadə əsasında hesablanmış pul məbləğidir. Bundan başqa, iddiaçı bu günə qədər istifadə etdiyi elektrik enerjisinə görə yalnız 24 may 2015-ci il tarixində 1 manat pul ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-B-16821-5/2024 saylı məktubuna əsasən, **********06149 nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 22 manat məbləğində borc, xx.xx.2024-cü il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi bildirilmişdir. - Abonent kodu **********06149 nömrəli, Abşeron rayonu, Xırdalan şəhəri, ev (bina) 0010, 6149 saylı mənzildə yaşayan İddiaçınun saldosundan görünür ki, sayğac oxunması (debitor) üzrə 46.92 manat, akt üzrə 5.60 manat, ödəmə üzrə 1 manat olmaqla, cəmi 51.52 manat borc vardır. - Abşeron Rayon Məhkəməsinin 2(012)-4753/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus abonent kodu **********01290 olan sayğacla bağlı “Azəriqaz” İB tərəfindən hesablanmış 234,70 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 5,60 manat borc hesablanmışdır. Belə ki, həmin borcun nəyə əsasən yazıldığı da müəyyən edilmir. Eyni zamanda “İnteqrasiya Dövr borcu” adı altında iddiaçıya əvvəllər hesablanmış borc hazırda cavabdeh tərəfindən tələb edilmir və bu öz əksini iddiaçıya məxsus abonent saldosunda da göstərir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan sonuncu abonent saldosundan inteqrasiya borcunun olmadığı, yalnız abonent koduna hesablanmış borcun (46.92 manat) və akta əsasən yazılmış borcun (5.60 manat) olduğu görünür. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi yerdə qalan 46,92 manat borc isə elektrik enerjisinin sərfiyatı üçün hesablanmış borc olduğundan iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, **********06149 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 5,60 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********06149 saylı abonent kodu üzrə "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 5,60 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar