Məhkəmə qərarları › İş №2(012)-1750/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1750/2025

30.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1750/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (abonent kodu: **********07380) qanunsuz və əsassız olaraq hesablanmış 2806,40 manat məbləğində borcun silinməsi və artıq ödənilmiş 304 manat məbləğində pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin aktın qeyd hissəsində sayğacın istismar müddətinin bitdiyi yazılmış, sayğacın quraşdırma səbəbi kimi əvəzetmə olduğu qeyd edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə akt tərtib edilmişdir. Eyni tarixdə, yəni xx.xx.2022-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-05022xx/xx-2022 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında onun yaşadığı fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. 19 aprel 2023-cü ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur. Aktın qeyd hissəsində qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir, buna görə tələb kimi dəymiş ziyan hesablansın və ödənilsin. 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın həcminin 12960 kub qaz həcmində müəyyən edildiyi qeyd olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən rəqəm həqiqəti əks etdirmir. Onun fərdi yaşayış evində istifadə etdiyi qaz bu rəqəmə uyğun qeyd olunmamışdır. Evdə yaşayan şəxslər tərəfindən sayğaca heç bir kənar müdaxilə olunmamışdır. Qaz xətti çəkildikdən sonra 2023-cü ilin aprel ayının 19-u tarixində 3110,40 manat borc yazılması reallığa uyğun deyildir. xx.xx.2022-ci il tarixdə bağlanan müqavilə ilə aktın qəbulu arasında cəmi 4 ay vardır. Düşünür ki, 4 aya cəmi 3110,40 azn borcun yazılması mümkün olan bir hadisə deyildir. Bildirir ki, kiçik ailə tərkibi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşayır. Həmçinin onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir və bunu cavabdeh təşkilatın özü də təsdiq edə bilər. Belə ki, Cavabdeh İB-nin əməkdaşları mexaniki sayğacı götürmüş və təbii qazı kəsmişdirlər. Sayğacın çıxarılmasına səbəb olaraq 3110,40 manat debitor borcunun mövcud olduğu, sayğacın quraşdırılma səbəbi kimi isə əvəzetmə olduğu göstərilmişdir. Göründüyü kimi sayğacın çıxarılma və quraşdırma səbəbləri belə uyğun gəlmir. Qeyd olunanlardan əlavə olaraq bildirir ki, 2023-cü ilin aprel ayında 3110,40 manat borc yazılmışdır. Həmçinin abonent saldosundan da göründüyü kimi onun tərəfindən 2023-cü ildə 106 manat, 2024-cü ildə 185 manat və 2025-ci ildə 13 manat məbləğində ödənişlər əsassız və qanunsuz olaraq hesablanmış borc məbləğindən çıxılmışdır. Bildirir ki, onun qardaşı vəfat etdiyindən bir müddət rayonda yaşamış və sözügedən evdə olmamış, daha sonra evi kirayəyə vermiş, məhz bu səbəbdən cavabdeh təşkilat tərəfindən ona yazılmış borc məbləğindən məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********07380) sayğaca baxış keçirilən zaman MSK-29/1710-04955-1 saylı rəyə əsasən 1202AQ**********2 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********07380) xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat məbləğində borc hesablanmış, daha sonra İddiaçı tərəfindən 2023-cü ildə 106 manat, 2024-cü ildə 185 manat və 2025-ci ildə 13 manat olmaqla, cəmi 304 manat ödənildiyindən hazırda İddiaçı 2806,40 manat borcu vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********07380) xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat məbləğində borc hesablanmış, daha sonra İddiaçı tərəfindən 2023-cü ildə 106 manat, 2024-cü ildə 185 manat və 2025-ci ildə 13 manat olmaqla, cəmi 304 manat ödənildiyindən hazırda İddiaçı 2806,40 manat borcu vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh təşkilat iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Abşeron rayonu, Atyalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 2806,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa iddiaçı iddia ərizəsində artıq ödənilmiş 304 manat məbləğində pul vəsaitinin Cavabdeh İB tərəfindən ona qaytarılmasını xahiş etsə də məhkəmə hesab edir ki, bununla bağlı mötəbər sübutlar müəyyən edilmədyindən rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 48,06 (qırx səkkiz manat, altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********07380) Abşeron rayonu, Atyalı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 2806,40 manat cərimə silinsin. İddia tələbi artıq ödənilmiş 304 manat məbləğində pul vəsaitinin Cavabdeh İB tərəfindən ona qaytarılması hissəsində rədd edilsin. Cavabdehndən 48,06 (qırx səkkiz manat, altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar