Məhkəmə qərarları › İş №2(012)-1753/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1753/2024

08.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1753/2024 08.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşadıqları fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 825,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2019-cu ildən bu ilin əvvəllərinə qədər Abşeron rayonu, Aşağı Güzdək kəndində bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evində 7 nəfər ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin evdə bütün kommunal xəttlər mövcuddur və evin hasarına onların hər biri üçün müvafiq hesablayıcı sayğaclar quraşdırılmışdır. Elektrik enerjisindən istifadəyə görə sözügedən evə abunə kodu açılmış, o, hər ay mütəmadi olaraq elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir və heç vaxt da borcu olmamışdır. Lakin cavabdeh təşkilatın əməkdaşları ona irad tutaraq bildirmişdirlər ki, guya həmin evə gələn elektrik enerjisi kabelinin üzərində açıq yer vardır və o, həmin yerə müdaxilə etməklə sayğacdan kənar elektrik enerjisindən qanunsuz istifadə etmişdir. O, sayğacdan kənar xətdən istifadə etdiyini etiraf edir, lakin o və ailə üzvləri tərəfindən sayğaca müdaxilə olunmamışdır. Sayğaca müdaxilə edilməsi faktını təsdiq edəcək hər hansı bir sübut və dəlil yoxdur, lakin xx.xx.2022-ci il tarixdə tərtib olunmuş akt əsasında onun üzərinə əsassız olaraq 825,50 manat məbləğində cərimə yazmışdırlar. Hazırda sözügedən evdə kirayəçilər yaşayır və çox güman, onlar sayğaca müdaxilə edə bilərlər. Hesab edir ki, sözügedən akt əsasında hesablanmış cərimə məbləği həddən artıq şişirdilmişdir. Məhz bu səbəbdən o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu ünvanda yerləşən evdə yaşadıqları müddət ərzində tərəflərindən elektrik enerjisindən istifadə qaydalarının pozulması, elektrik sayğacına kənar müdaxilə olunması və s. neqativ hallar müşahidə olunmamış və bu barədə onlara qarşı cavabdeh təşkilat tərəfindən hər hansı bir akt tərtib edilməmiş, cərimə yazılmamışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı adına olan sayğaca baxış keçirilmiş və sayğacdan kənar xəttdən istifadə edildiyi aşkar olunmuşdur. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş akt qanunidir. İddiaçı özü də etiraf edir ki, sayğacdan kənar xəttdən istifadə etmişdirlər. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli, NDM 029290 nömrəli aktdan görünür ki, elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın giriş xəttini zədələməklə, kənar xətt götürməklə elektrik enerjisindən istifadə olunduğu aşkar edilmiş və kənar xəttin ləğv edilməsi tələb edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********00882 olan sayğac üzrə abonentin xx.xx.2022-ci il tarixinə borcu 825,5 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus abonent kodu **********00882 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən elektrik sayğacındakı qüsur səbəbi ilə 05 iyul 2022-ci il tarixli, NDM 029290 nömrəli akt tərtib edilmiş, elektrik sayğacının giriş xəttini zədələməklə, kənar xətt götürməklə elektrik enerjisindən istifadə olunduğu aşkar edilmiş, kənar xəttin ləğv edilməsi tələb edilmiş və iddiaçıya 825,5 manat cərimə hesablanmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********00882 olan fərdi yaşayış evindəki sayğac, fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir. Məhkəmə iclasında İddiaçı izahatında sayğacdan kənar xəttdən istifadə edilməsini etiraf etmişdir. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldə abonent kodu **********00882 olan sayğac üzrə abonentin xx.xx.2022-ci il tarixinə borcu 825,5 manat təşkil etdiyi göstərilmiş, lakin məhkəmədə həmin borcun 6 ay müddətin əsas götürülməklə cərimə hesablanması haqqında "xxxx" ASC tərəfindən hər hansı bir mötəbər hala istinad olunmamışdır. Ona görə də məhkəmə qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, abonent kodu **********00882 olan İddiaçı 6 aylıq müddət ərzində sayğacdan kənar xəttdən istifadə edildiyinə görə hesablanmış 550,5 manat silinməli və 2 aylıq dövr üçün abonentin 275 manat borcunun qalması müəyyən edilməlidir. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.10- cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Abşeron rayonu, Aşağı Güzdək kəndində yerləşən yaşayış evinə quraşdırılmış abonent kodu **********00882 olan sayğac üzrə 05 iyul 2022-ci il tarixli, NDM 029290 nömrəli akta görə İddiaçı hesablanmış 550,5 manat silinsin və abonentin 275 manat borcunun qalması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar