Məhkəmə qərarları › İş №2(012)-1766/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1766/2020

11.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1766/2020 11.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh3 MMC-nin təsisçisi X1, Cavabdeh1 nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması tələbinə dairiddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan dəyəri 1.575 000 manat olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 arasında bağlanmışxx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan dəyəri 1,575 000 manat olan qeyri-yaşayış sahəsinə dair MMC ilə Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixdə “Kooperativ binada qeyri-yaşayış sahəsinin” alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlandığı zaman Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında “xxxxxxxxxxxxxxxxxxxx”də bağlanmışdır. Həmçinin, müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin dəyərinin ilkin olaraq 300 000 manat, qalan hissəsi isə tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq ödənilməli idi. Müqavilənin digər şərti yalnız qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra həmin sahə alıcının istifadəsinə verilir. Həmin razılaşmada nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən ödəniş tam yetirilmədiyi təqdirdə tərəflər arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi və tam ödəmə haqqında verilmiş maliyyə arayışı öz hüquqi qüvvəsini itirmiş hesab olunur. xx xxx 2019-cu il tarixdə Cavabdeh2 Cavabdeh3 MMC-yə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr ümumi dəyəri 1.575 000 manat olan qeyri-yaşayış sahəsini Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 ərizəsi tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxxxxx”nin şərtləri nəzərə alınmaqla xx xxx 2019-cu il tarixində MMC ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr ümumi dəyəri 1.575 000 manat olan qeyri-yaşayış sahəsinə dair “Kooperativ binada qeyri-yaşayış sahəsi”nin alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər arasında alqısatqı predmeti olan qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisinə dair xx xxx 2017-ci il tarixdə Cavabdeh3 MMC ilə iddiaçının arasında xxxxxxxxxxxxxxxxxxxx bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 630 kv.metr sahənin 2/1 hissəsi iddiaçıya məxsus olmuşdur. Tərəflər alqı-satqı müqaviləsi bağlayarkən faktiki halı bildikləri halda bunu nəzərə almamışlar. Odur ki, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan dəyəri 1.575 000 manat olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 arasında bağlanmışxx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vərərək əlavə olaraq bildirdi ki, fiziki şəxs kimi onunla Cavabdeh3 MMCnin direktoru X4 arasında xx xxx 2017-ci il tarixdə Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq olunmuş “xxxxxxxxxxxxxxxxxxxx”nin 1.5 və 1.6-cı bəndlərinə görə gələcəkdə obyektin satışını onun şifahi və ya yazılı razılığı ilə Cavabdeh3 MMC-nin həyata keçirməsi nəzərdə tutulduğu halda, göstərilən şərtlərə cavabdeh tərəfindən əməl olunmadığından və bundan əlavə 2019cu ilin 20, 27 may tarixlərində Cavabdeh3 MMC və digər cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin notariat orqanlarında təsdiqlənmədiyindən bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının vəkili X7 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında cavabdeh “Cavabdeh3 MMC-nin təsisçisi X4 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, Cavabdeh3 MMC-nin təsisçisi və direktoru kimi fiziki şəxs İddiaçı ilə xx xxx 2017-ci il tarixdə notariat orqanlarında rəsmiləşdirilməklə “xxxxxxxxxxxxxxxxxxxx” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr iki mərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı razılaşmış, tərəflər bərabər hissədə vəsait qoymaqla öz üzərilərinə öhdəlik götürmüş, qeyri-yaşayış sahəsinin 2/1 hissəsinə pay hüququna malik olmuş, gələcəkdə qeyriyaşayış sahəsinin satışının tərəflərin yazılı və şifahi razılığı ilə “Cavabdeh3 MMC-nin həyata keçirilməsinə razılaşmışlar. Qeyri-yaşayış sahəsinin satışı zamanı alıcı müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda, alqı-satqının keçirilməsinə razılıq vermiş tərəf müqavilənin mübahisələndirilməsi hüququnun özünün həyata keçirdiyini şərtləndirdiklərinə baxmayaraq, qeyd olunan tələblərə MMC-nin direktoru və təsisçisi kimi əməl etməmişdir. Nəticədə, sonradan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli və Cavabdeh1 arasında bağlanmışxx xxx 2019-cu il tarixli tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr bağlansa da, bir manat belə vəsait ödənilmədiyindən, həmçinin həmin müqavilələr qanunvericiliyin tələbinə dair heç bir orqanda rəsmiləşdirilmədiyindən bağlandığı andan etibarsız hesab olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə baxışında digər Cavabdeh1 nümayəndəsi-vəkili X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi Cavabdeh1 xx xxx 2019-cu il tarixdə Cavabdeh3 MMC ilə aralarında bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr iki mərtəbəli qeyri-yaşayış sahəsinin ümumi dəyəri ******* manat məbləğində pulu tam ödəmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Cavabdeh3 MMC həmin qeyri-yaşayış sahəsini Cavabdeh1 təhvil vermədiyindən sonuncu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qeyri-yaşayış sahəsinin təhvil verilməsi və istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Qarşı tərəf həmin qətnamədən apelyasiya şikayəti vermiş, şikayət təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sonda vəkil Pənah Məmmədov qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq və proses iştirakçılarının rəyini nəzərə alaraq məhkəmə, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan “xxxxxxxxxx” MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış xx xxx 2017ci il tarixli “Razılaşma” müqaviləsinin notarial qaydad təsdiq edilmiş surətindən görünür ki, “xxxxxxxxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında tikinti planına uyğun olaraq ümumi sahəsi 630 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisinə razılaşmışlar. Həmin müqavilənin 1.4-cü bəndindən görünür ki, müqavilə tərəfləri 630 kv.metr olan qeyriyaşayış sahəsinin 2/1 hissəsinə pay hüququna malikdirlər. Həmin müqavilənin 1.5-ci bəndindən görünür ki, gələcəkdə qeyri-yaşayış sahəsinin satışını digər tərəfin (İddiaçı) şifahi və ya yazılı razılığı ilə “xxxxxxxxxx” MMC həyata keçirir. Həmin müqavilənin 1.6-cı bəndindən görünür ki, obyektin satışı zamanı alıcı müqavilə öhdəliklərini yerinə yetirmədiyi halda alqı-satqının həyata keçirilməsinə tazılıq vermiş tərəf müqavilənin mübahisələndirilməsi hüququnu özü həyata keçirə bilər. İşdə olan “MMC” “xxxxxxxxxx” MMC ilə “alıcı” Cavabdeh2 arasında bağlanmış xx xxx 2019cu il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilənin əslindən görünür ki, Cavabdeh2 Cavabdeh3 MMC-nin ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən alıcı tərəfindən qeyri-yaşayış sahəsinin ümumi dəyərinin müəyyən məbləği ilkin ödəniş edir, alıcı pulun qalan hissəsini bərabər hissələrlə olmaqla hər ay ödəməyi öhdəsinə götürür. İşdə olan xx xxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyriyaşayış sahəsinin ümumi dəyəri ******* manat məbləğində alıcı Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. İşdə olan “MMC” “xxxxxxxxxx” MMC ilə “alıcı” Cavabdeh1 arasında bağlanmış xx xxx 2019cu il tarixli Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında müqavilənin əslindən görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-yə məxsus ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. İşdə olan “xxxxxxxxxx” MMC ilə “alıcı” Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli “Razılaşma” müqaviləsinin surətindən görünür ki, qeyri-yaşayış sahəsi ******* manat qiymətləndirilmiş, ilkin olaraq 300000 manat, qalıq ******* manat isə hissə-hissə olmaqla 2019-cu ilin iyun ayında 400000 manat, iyul ayında 450000 manat və avqust ayında 425000 manat tam ödənilməlidir. Qalıq məbləğ müqavilədə şərtləşdirilmiş qaydada ödənildikdən sonra qeyri-yaşayış sahəsi üzrə alqı-satqı qanuni qüvvəsini alır. Müqavilə üzrə öhdəlik yerinə yetirilənədək qeyriyaşayış sahəsinin Cavabdeh2 tərəfindən kimə satılmasından asılı olmayaraq alqı-satqı müqaviləsi və maliyyə arayışının hüquqi qüvvəsi olmayacaqdır. İşdə olan xx xxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyriyaşayış sahəsinin ümumi dəyəri ******* manat məbləğində alıcı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. İşdə olan “xxxxxxxxxx” MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixdə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqaviləsi və Cavabdeh3 MMC ilə alıcı Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqaviləsi xx xxxx 2019-cu il tarixdən bir tərəfli qaydada ləğv edilmiş və həmin müqavilə üzrə verilmiş maliyyə arayışı hüquqi əhəmiyyət kəsb etmir. İşdə olan “xxxxxxxxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış məktubundan görünür ki, “xxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli “Razılaşma” müqaviləsi əsasında ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin müştərək tikintisi barədə razılıq əldə edilmiş, razılaşmaya uyğun tikinti başa çatdırılmış, MMC-nin əvvəlki rəhbərliyi ilə Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə bağlanmış müqavilənin şərtləri üzrə nəzərdə tutulmuş 1.575 000 manat Cavabdeh1 tərəfindən ödənilmədiyi üçün qeyri-yaşayış sahəsi sonuncuya təhvil verilməmiş və müqavilə hüquqi qüvvəsini itirmişmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6409/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2649/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6409/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş və şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində, Cavabdeh1 arasında bağlanmışxx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsində və maliyyə arayışında imzalar ona məxsusdur. O, həmin imzaları heç bir təsir altında imzalamamış və alqı-satqıda şəxsən iştirak etmişdir. O, Cavabdeh1 ümumiyyətlə görməmiş, Cavabdeh2 isə görmüşdür. Ödənişlərin olubolmadığını görməmiş, lakin müqaviləyə əsasən hissə-hissə ödənişlərin olması barədə məlumatı olmuş, lakin, nə Cavabdeh2, nə də Cavabdeh1 ödəniş etmədiyi üçün MMC tərəfindən bununla bağlı onlara teleqram vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia ərizəsinin tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, “xxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli xxxxxxxxxxxxxxxxxxxxnə əsasən müqavilə tərəfləri ünvan 1 ünvanında inşa olunan ümumi sahəsi 630 kv.metr olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisinə razılaşmış, tərəflər həmin qeyri-yaşayış sahəsinin 2/1 hissəsinə pay hüququna malikdir. Qeyri-yaşayış sahəsinin satışını digər tərəfin (İddiaçı) şifahi və ya yazılı razılığı ilə “xxxxxxxxxx” MMC həyata keçirə bilər. “xxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh3 MMCnin ünvan 1 ünvanında inşa olunan 630 kv.metr olan qeyri-yaşayış sahəsini satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və müəyyənləşdirilmiş haqqını ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli alqısatqısı müqaviləsinə əsasən Cavabdeh1 mübahisələndirilən qeyri-yaşayış sahəsini almağa və müəyyənləşdirilmiş haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış həmin müqavilələri xx xxxx 2019-cu il tarixdən bir tərəfli qaydada ləğv etmiş və həmin müqavilə üzrə verilmiş maliyyə arayışı hüquqi əhəmiyyət kəsb etməmişdir. Daha sonra, Əliyev X5 Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etmiş və həmin tələb üzrə qətnamə qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmışdır. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 arasında bağlanmışxx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etmiş, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi aldadılaraq, qeyri-yaşayış sahəsinin satışının onun razılığı olmadan aparılması və müqavilələrin notariat orqanında təsdiqlənməməsi ilə əsaslandırılmışdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddələrinin ümumi məzmununa görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, “xxxxxxxxxx” MMC ilə İddiaçı arasında mübahisəli 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair xxxxxxxxxxxxxxxxxxxx bağlanarkən həmin qeyri-yaşayış sahəsinin müştərək qaydada tikintisi barədə razılaşmış, müqavilənin tərəfi olan İddiaçı qeyri-yaşayış sahəsində 2/1 hissəsinə pay hüququna malikdir. Mübahisələndirilən qeyri-yaşayış sahəsi İddiaçı şifahi və ya yazılı razılığı olmadan “xxxxxxxxxx” MMC tərəfindən xx xxx 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 və xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin müqavilədə göstərilmiş şərtlərlə satılmışdır. Habelə, həmin müqavilələr notariat qaydasında təsdiqlənməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatı və iş materialarını araşdıraraq bu qənaətə gəlir ki, Cavabdeh3 MMC ilə Cavabdeh2 Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair razılaşma aparılan zaman, İddiaçı həmin qeyri-yaşayış sahəsində pay hüququnun olması və satışına dair hər hansı bir razılığı nəzərə alınmamışdır. Nəticədə, iddiaçının mənafeyini ciddi şəkildə pozaraq sonuncuya məxsus qeyri-yaşayış sahəsindəki pay hüququ cavabdehlərin adına keçirilməsinə nail olmuşdur. Bunun əsasında Cavabdeh3 MMC tərəfindən cavabdehlərlə mübahisəli mənzillərə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Nəticə etibarilə, iddiaçı aldadılmış tərəf kimi haqlı olaraq həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilən hallar həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadəsində də öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixdə bağlanmış müqavilə və Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə bağlanmışmüqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh2 və Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr etibarsız hesab edildiyindən, tərəflər ilkin vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbi təmin edilməli, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx xxx 2019cu il tarixdə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqavilə və Cavabdeh3 MMC ilə alıcı Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqavilə etibarsız hesab edilməli və tərəflər ilkin vəziyyətə qaytarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 10 manat pul vəsaitinin əvəzi cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx xxx 2019-cu il tarixdə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqavilə və Cavabdeh3 MMC ilə alıcı Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə bağlanmış “Kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında” alqı-satqı müqavilə etibarsız hesab edilsin. Tərəflər ilkin vəziyyətə qaytarılsın. İş üzrə dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar