Məhkəmə qərarları › İş №2(012)-1768/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1768/2022

06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1768/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2656.8 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı 12 il bundan əvvəl vəfat etmiş, həmin evdə də o qızı ilə birlikdə yaşayır. Onun xəbəri olmadan barəsində 30.12.2020-ci il tarixli ******* saylı və 21.04.2021-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara görə guya mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Nəticədə, ona 2656.8 manat cərimə yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamış, daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutulmalar olduğunu görmüş, ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Orada tərtib edilmiş aktlar əsasında ona 2656.8 manat cərimə hesablandığı bəlli olmuşdur. Həmçinin, qeyd edir ki, o, birinci qrup əlil olmaqla artıq 12 ildir ki, əlillik arabasına məhkum olunmuşdur. Bu səbəbdən də, onun qaz sayğacına müdaxilə etməsi belə mümkün deyildir. Lakin sonradan ona qaz sayğacına kürəkəni tərəfindən qanunsuz olaraq bir ay müddətində qoşulması məlum olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 2656.80 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********10001 saylı abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Aşkar olunmuş qanunazidd fakt dərhal Birliyin əməkdaşları tərəfindən aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Bu qanunazidd hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. Yuxarıda qeyd olunmuş qanunazidd hərəkətlə bağlı 30.12.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Beləliklə, iddiaçı tərəfin qanunazidd hərəkətləri nəticəsində 30.12.2020-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş təbii qazın həcmi 26568 m3 miqdarında ölçülmüş, hesablanmış dəymiş ziyan isə 2656.80 manat təşkil etmişdir. Hesablanmış dəymiş ziyan 2021-ci ilin may ayından abonentin koduna könüllü ödənilməsi üçün yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmiş və bununla da ziyan vurmaqla məşğul olmuşdur. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Belə ki, iddia tələbinin əsasını iddiaçının dili ilə deyilsə, ona “qanunsuz və əsassız olaraq 2656.80 manat cərimə borcu hesablanmış və onun bu borcdan və aktlardan xəbəri olmamışdır”. Bu uydurma fikrə dair qeyd edir ki, iddiaçının qanunazidd hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib edilən aktdan xəbəri olmuş, onu imzalamaqdan imtina etmiş, həmçinin də ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllərini təkrarlamışdır. Həmçinin, iddia ərizəsində yazılmış fikirlərin uydurma, yalnış olduğunu Gasrepdə yer almış məlumatlar da təsdiqləyir. Belə ki, əgər həmin sənədə nəzər salınsa görünər ki, abonentdən 2021-ci ilin iyun ayından başlayaraq bu günə qədər Smart karta yüklədiyi balans məbləğdən tutulmalar olmuşdur. Bu hal isə bir daha abonentin qanunazidd hərəkətləri nəticəsində qazpaylayıcı şirkətə təbii qazın talan edilməsi nəticəsində vurduğu ziyanın onun ödənişlərindən tutulmasına razı olmasının göstəricisidir. Bir daha bildirir ki, **********10001 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.12.2020-ci tarixli ******* saylı və 29.01.2021-ci tarixli ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt abonent tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin nümayəndələri S.Baxşiyevin, P.Quliyevin, M.Mahmudovun imzaları ilə təsdiq edilmiş 30.12.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyindən təbii qaz təchizatı dayandırılmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. -Azəriqaz İB-nin 30.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 26568 m3 ödənilməsi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 30.12.2020-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********10001 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 7C saylı evdə 07.05.2018-ci il tarixdə Smart G-4 İtron Diafraqma tipli 1802AZ**********77 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), aktlara əsasən abonentin 2021-ci ilə aid olan borcu 2656.80 manat göstərilmişdir. -Gasrep GPG18015577 smart sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10001 olan, İddiaçı adına olan sayğaca görə yükləmələr və tutulmalara əsasən müəyyən edilmişdir ki, abonent 30.04.2018-ci il tarixdən etibarən sayğaca pul yükləmiş və borca görə tutulmalar 11.05.2021-ci il tarixdən başlanmaqla 08.03.2022-ci il tarixinədək cəmi 63.3 manat olmaqla tutulmuşdur. -25.07.2019-cu il tarixli 020953 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumi xəstəlik səbəbindən İ qrup əlillik verilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 28.11.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 7C saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). X8 tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş tədqiq edilmiş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 30.12.2020-ci tarixli ******* saylı və 29.01.2021-ci tarixli ******* saylı aktlar ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 2656.80 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, həmin aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində 30.12.2020-ci tarixli ******* saylı və 29.01.2021-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin aktlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, iddiaçı 30.12.2020-ci tarixli ******* saylı və 29.01.2021-ci tarixli ******* saylı aktları qəbul edərək, qaz xəttinə qanunsuz olaraq 1 ay müddətində qoşulma halının olduğunu səmimi şəkildə etiraf etmişdir. Bu səbəbdən də, iddiaçının həmin aktları inkar edərək qaz xəttinə qanunsuz olaraq qoşulma halının olmasını gizlətməsi istisna edilmədiyi halda, bir ay müddətində qoşulma olmasını etiraf etməsini məhkəmə səmimi şəkildə qəbul etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatı əsasında həmin ünvanda yaşayan şəxs tərəfindən 1 (bir) ay müddətində qaz xəttinə qanunsuz olaraq qoşulması müəyyən edilmişdir. Kənar şəxsin qanunsuz olaraq qoşulması mənzil sahibini həmin borcun ödənilməsindən azad edən hal deyildir. Baxmayaraq ki, mülki iş materiallarına əlavə olunmuş abunə müqaviləsindən göründüyü kimi, mənzilə qaz xəttinin verilməsinə dair müqavilə məhz İddiaçı ilə bağlandığı halda, nəzarət də eyni zamanda, iddiaçının üzərinə düşür. Məhkəmə tərəflərin izahatı əsasında müəyyən etmişdir ki, mübahisəli akt əsasında hesablanmış 2656.8 manat pul məbləği abonentə 270 gün ərzində qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə qaz xəttinə kənar xətt yolu ilə bir ay müddətində qoşulmaqla qazdan istifadə qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə 30.12.2020-ci tarixli ******* saylı və 29.01.2021ci tarixli ******* saylı akt əsasında 270 gün müddətində hesablanmış 2656.8 manat pul vəsaitinin, 30 gün müddətinə hesablanmaqla sadə riyazi hesablama qaydasına riayət edərək, (30 x 2656.8 / 270 = 295.2; 2656.8 - 295.2 = 2361.6). hesablamışdır. Beləliklə də, qaz xəttinə qanunsuz olaraq qoşulma nəticəsində 295.2 manat zərərin dəydiyi müəyyən edilmişdir ki, həmin məbləğin ödənilməsi də abonentin vəzifəsidir, 270 gün müddət üçün hesablanmış 2656.8 manat pul vəsaitindən 1 ay müddət üçün hesablanmış 295.2 manat pul məbəği çıxılmaqla qalan 2361.6 manat pul vəsaiti iddiaçıya məxsus olan abonent hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, X5 tərəfindən əsassız olaraq hesablanmış 2361.6 manat borc abonent kodu **********10001 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X5 tərəfindən əsassız olaraq hesablanmış 2361.6 (iki min üç yüz altmış bir manat altmış qəpik) manat borc abonent kodu **********10001 olan İddiaçı məxsus abunə hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar