Məhkəmə qərarları › İş №2(012)-1803/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1803/2020

23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1803/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı Mədəd qızının nümayəndəsi, vəkili X1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, vəkili Sarıyev Əjdər Hakim oğlunun, Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Mədəd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Mədəd qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı Cavabdeh2 ilə satıcı İddiaçı Mədəd qızı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və iddiaçının əvəzindən aldığı 30.000 manat məbləğində maliyyə vəsaitinin Abşeron rayon 1 saylı Notariat Ofisinin depozit hesabına geri qaytarması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, əsas iddia tələbinə əlavə olaraq Cavabdeh1 verdiyi mülkiyyətində olan fərdi yaşayış evinə dair xx xxx 2015-ci il tarixli baş etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mədəd qızı Cavabdeh1 borclu olduğu üçün borcunun təminatı olaraq ona xx xxx 2015-ci il tarixli mülkiyyətində olan fərdi yaşayış evinə dair baş etibarnamə vermişdir. İddiaçı borcunu bir ay müddətinə ödəyəcəyinə söz verdiyi üçün etibarnamə bir ay müddətinə qüvvədə olmuşdur. Həmin etibarnamə əsasında cavabdeh İbayeva X6 rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrə ilə qeyd edilən alıcı Cavabdeh2 ilə satıcı olaraq İddiaçı Mədəd qızının arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini sonuncunun adından imzalamışdır. Lakin, cavabdeh bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Cavabdeh1 iddiaçının ona olan borcunu ödəyə bilmədikdə onunla həmin evin 70.000 manata satıb, satdıqdan sonra borcu götürüb qalan pulu iddiaçıya qaytaracağı barədə razılığa gəlmişlər. Həmin vaxtdan bu günə qədər ev onun faktiki istifadəsində olmuşdur. Sözü gedən müqavilə Abşeron rayonu Xırdalan şəhərində bağlanmışdır. İddiaçı Cavabdeh1 2012-ci ildə sələmə borc almış və faktiki olaraq ona borclu idi. Bu səbəbdən evi və sənədlərini ondan tələb edə bilməmişdir. Hətta Cavabdeh1 iddiaçıya ev üçün verilən etibarnamənin müddətinin bitdiyini, evi sata bilmədiyini, bu səbəbdən borcun təminatı kimi notarial qaydada təsdiq edilmiş borc müqaviləsi imzalamağı təklif etmiş, iddiaçı da məcbur olaraq onunla xx xxxx 2015-ci il tarixində notarial qaydada təsdiq edilmiş formal şəkildə borc müqaviləsi imzalamışdır. Ötən il aralarında olan borca görə Cavabdeh1 iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərəfədə Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək iddiaçıya məxsus evin Cavabdeh2 dəyərindən qat-qat aşağı qiymətə, yəni 30.000 manata satması haqqında şifahi məlumat almışdır. Bununla bağlı iddiaçı Abşeron rayon 1 saylı Notariat Ofisinə sorğu ilə müraciət edərək müqavilənin və digər sənədlərin surətini əldə etmişdir. Sözü gedən alqı-satqı müqaviləsi iddiaçının etibarından sui-istifadə edilərək bağlanmış, fərdi yaşayış evi real dəyərindən qat-qat ucuz qiymətə satılmışdır. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan iddiaçının qanuni maraqları təmin edilməlidir. Mübahisəli evə dair etibarnamə verilərkən təmsil olunan təmsil edənə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsil edənin özünün maraqları daxilində deyil, təmsil olunana maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Cavabdeh ilə etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət etməmiş, iddiaçının deyil, öz maraqları çərçivəsində hərəkət etmişdir. Bu hal üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. tətbiq edilməlidir. Cavabdehin adına sözügedən etibarnaməni nəyə görə verilməsini, daşınmaz əmlaklara dair alqı-satqı müqavilələrinin nəyə görə təmsilçi kimi cavabdehin vasitəsi ilə bağlanmasını, alqı-satqı müqavilələri üzrə ödənilmiş pul vəsaitlərinin kimin tərəfindən, hansı qaydada ödənilməsini və alınmasını, etibarnamə üzrə təmsilçi kimi cavabdehin tapşırıq müqaviləsinin icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirib keçirməməsini, aldığı pul vəsaitlərini tam məbləğdə təyinatı üzrə xərcləyib-xərcləməməsini, onun öz borcunu yerinə yetiribyetirməməsini, alıcının vicdanlı alıcı olub olmamasını və sair hallardan görünür ki, Cavabdeh2 iddiaçının vəziyyətindən sui-istifadə edərək real dəyərindən qat-qat ucuz qiymətə daşınmaz əmlakını alqı-satqı ilə müqaviləsi əsasında əldə etmiş, digər Cavabdeh1 isə bunun müqabilində 30.000 manat pulu əldə edərək mənimsəmişdir. Odur ki, Abşeron rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı Cavabdeh2 ilə satıcı İddiaçı Mədəd qızı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və iddiaçının əvəzindən aldığı aldığı 30.000 manat maliyyə vəsaitinin Abşeron rayon 1 saylı Notariat Ofisinin depozit hesabına geri qaytarması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili X3 iddia ərizəsinə və iddia ərizəsinə əlavə barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək Cavabdeh2 nümayəndəsi, vəkilinin qeyd etdikləri ilə eyni məzmunda izahat verərək iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 nümayəndəsi, vəkil Sarıyev Əjdər Hakim oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Mədəd qızı hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddia tələbi əsassız və qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin buraxılması ilə verildiyi üçün rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh1 pul borclu olmuş, bunun müqabilində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bir aylıq müddətinə baş etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 ona məxsus evi Gülnaz Məmmədağa qızına dəyərindən qat-qat aşağı qiymətə satmışdır. Onun borcu olduğu üçün Cavabdeh1 evin sənədlərini geri tələb edə bilməmişdir. Hətta Cavabdeh1 ev üçün verilən etibarnamənin müddətinin bitdiyini, evi sata bilmədiyi üçün borcun təminatı kimi notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamağı təklif etmiş, o da məcbur qalıb xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamışdır. Keçən il aralarında olan borca görə Cavabdeh1 ona qarşı məhkəməyə iddia ərizəsi vermiş, həmin ərəfədə Cavabdeh1 ona məxsus olan evi satması barədə məlumat əldə etmişdir. İddiaçının qeyd edilən evlə faktiki olaraq hər hansı bir əlaqəsi olmamış, həmin ev Cavabdeh1 anasına məxsus olmuşdur. Formal olaraq onun adına sənədləşdirilmişdir. Ev satıldığı gün iddiaçı şəxsən orada iştirak etmiş və ona şirinlik kimi pul verilmişdir. Bu barədə tərəflər arasında gedən başqa məhkəmə proseslərində iddiaçı özü bilavasitə bildirmişdir. Həqiqətən də, iddiaçının Cavabdeh1 borcu olmuş, iddiaçı borcunu qaytarmadığı üçün sonuncu onun barəsində Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısının qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ərizəçiyə aralarında olan mübahisə mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir. Bundan sonra, Cavabdeh1 2018-ci ilin may ayında İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Məhkəmənin 2(012)-3173/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin qanuni qüvvəsini almasına maneə yaratmaq məqsədi ilə İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə ayrıca iddia qaldıraraq, qeyd edilən qətnamədən verilmiş apelyasiya şikayəti üzrə məhkəmədə vəsatət qaldıraraq iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Verilmiş vəsatət təmin edilərək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra, iddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldıraraq borclu olduğu pul vəsaitini qaytarmaqdan dolayısı ilə boyun qaçırmağa cəhd etmişdir. Odur ki, İddiaçı Mədəd qızının Cavabdeh1 və Cavabdeh2 qarşı Abşeron rayon 1 saylı Notariat ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci il tarixli, reyestrdə 4Ə-№ 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı Cavabdeh2 ilə satıcı İddiaçı Mədəd qızı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi və əvəzindən aldığı 30.000 manat maliyyə vəsaitinin Abşeron rayon 1 saylı Notariat ofisinin depozit hesabına geri qaytarılması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan, həmçinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, proses iştirakçılarının rəylərini nəzərə alaraq məhkəmə işə maraqlı şəxs Abşeron rayon 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işdə olan Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu B.İslamov tərəfindən təsdiq edilmiş xx xxx 2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Mədəd qızı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı və digər hərəkətləri etməsinə dair baş etibarnamə vermişdir. Etibarnamə bir ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. İşdə olan 1 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş AN-İ № ******* nömrəli, xx xxx 2015-ci tarixli, reyestrdə 4Ə 1549 nömrə ilə qeyd edilən daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” İddiaçı Mədəd qızı nümayəndəsi Cavabdeh2, “Alıcı” Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107,6 kv. metr, yaşayış sahəsi 33,4 kv. metr, yardımçı sahəsi 74,2 kv. metr olan fərdi yaşayış evini (107,6 kv. metr 2 otaq) 30000 (otuz min) manata satmışdır. İşdə olan Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu B.İslamov tərəfindən “xxxxxxxxxxxxxx” ASC-nin Abşeron filialına verilmiş 639 saylı, xx xxx 2015-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənməli 30000 (otuz min) manat təsdiq edildikdən sonra Cavabdeh1 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 93 saylı ev və 0,018 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə İddiaçı Mədəd qızının adına qeydiyyata alınmışdır. İşdə olan Abşeron 1 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İbayeva X5 Səidə Mədəd qızına 19000 (on doqquz min) manat borc pul verməyi, İddiaçı Mədəd qızı həmin məbləği Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İşdə olan Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X9 xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı Mədəd qızından 19000 (on doqquz min) manat məbləğində borc pulun, 1000 manat məbləğində ziyanın, 20 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20.020 manat (iyirmi min iyirmi) manat məbləğində pulun alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4036/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mədəd qızının Cavabdeh1 qarşı qeyri-qanuni, əsassız və yalan bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Məһkəmə qətnaməsi һaqqında” Azərbaycan Respublikası Ali Məһkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məһkəmə qətnaməsi mülki və iqtisadi mübaһisələrdən irəli gələn işlər üzrə ədalət müһakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübaһisəli һüquq münasibətlərlərində müəyyənlik yaranmalı, pozulmuş və mübaһisə edilən һüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni norma Azərbaycan Respublikası Mülki Məcəlləsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, İddiaçı Mədəd qızı RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olmuş Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 93 saylı ev və 0,018 ha torpaq sahəsinə dair sərəncam vermək və satmaq da daxil olmaqla bir sıra hərəkətləri etməsinə dair xx xxx 2015-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 etibarnamə əsasında İddiaçı Mədəd qızı tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından etibarnamə üzrə nümayəndəsi kimi digər Cavabdeh2 ilə xx xxx 2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı Mədəd qızı onun tərəfindən Cavabdeh1 xx xxx 2015-ci il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh2 iddiaçının vəziyyətindən sui-istifadə edərək real dəyərindən ucuz qiymətə, digər Cavabdeh1 isə bunun müqabilində 30.000 manat pulu əldə edərək mənimsədiyini əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Hazırki mübahisə üzrə Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək, alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, İddiaçı Mədəd qızı tərəfindən Cavabdeh1 Ağayar qızına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsinə verilmiş etibarnamədə həmin əmlakısatmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti xx xxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni xx xxx 2015-ci il tarixdə etibarnamə qüvvəsində olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasənfiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, İddiaçı Mədəd qızı alqı-satqı müqaviləsi bağlandıqdan sonra notariat orqanına müraciət edərək Cavabdeh1 verdiyi etibarnamədən imtina etməsi barədə ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi, Cavabdeh1 qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh2 nümayəndəsi, vəkili Sarıyev Əjdər Hakim oğlu məhkəməyə ərizə təqdim edərək, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 373.1-ci və 372.2-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün hüququn məhkəmədə müdafiə olunmasının bəzi qaydaları, habelə iddia müddətlərinin tətbiqi məsələləri xüsusi əhəmiyyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2005-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2007-ci il tarixli, “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli qərarı). Müddət məsələsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də öz münasibətini bildirmişdir. Belə ki, Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə qəbul etdiyi qərarlarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır (bax, Miragall Escolano and others v. Spain, no. 38366/97, 38688/97, 40777/98, 40843/98, 41015/98, 41400/98, 41445/98, 41484/98, 414487/xx xxx xxxx9/98, § 33, xx xxxxxx 2000-ci il) “Stanyo Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi müəyyən etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (bax, Affaire Stagno c. Belgique, no. 1062/07, § 26, xx xxxx 2009-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki halda qətnamənin təsviri hissəsində şərh edilmiş digər əsaslarla yanaşı, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar vermək üçün əsas mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, məhkəmə müdafiəsi yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. İddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 6 ildən çox vaxt keçməsinə baxmayaraq, bu dövrdə məhkəməyə müraciət etməməsini əsaslandıran üzrlü səbəblər məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddianı əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaiti onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar