Məhkəmə qərarları › İş №2(012)-1816/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1816/2022

10.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1816/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı qeyri-qanuni yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 tərəfindən qanunsuz olaraq yazılmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Masazır kəndi Yeni Bakı yaşayış massivi bina D 44 saylı mənzildə yaşayır. Ona məxsus olan mənzilin qaz sayğacı (Smart-kart tipli G-4) 2021-ci ildə qaz paylayıcısı tərəfindən yenisi ilə (mexaniki sayğacla, G-4) əvəz olunmuşdur. Lakin bir müddət keçdikdən sonra, yəni 2021-ci ilin sonunda ona təqdim edilən bildirişdə 432 manat borcun olduğu göstərilmişdir. O, istifadə etdiyi qaza görə aylıq borclarını vaxtlı-vaxtında ödədiyi halda, həmin borcun hansı səbəbdən yarandığını bilmir. Cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq ona borc yazılmışdır. Ona məxsus olan sayğac onun mənzilindən kənarda, blokda quraşdırılmışdır. Sayğac dəyişiləndən sonra borc yazılmışdır ki, o da həmin borcu qanunsuz və əsassız hesab edir və düşünür ki, 432 manat borc məbləği silinməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, **********40440 saylı abonent kodu verilmiş ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın klapanının işlək olmadığı aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Daha sonra Azəriqaz İB-nin nümayəndələri tərəfindən yeni sayğac quraşdırılmışdır. Bu səbəbdən də iddiaçıya tərtib olunmuş akt əsasında 432 manat cərimə hesablanmış və həmin cərimə ödənişi də iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -10.09.2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron markalı G-4 tipli sayğaca baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlamasından keçirildiyindən Zenner G4 tipli **********5 nömrəli sayğacla əvəz olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.11.2021-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman MSK- 29/1710-042081 saylı rəyə əsasən 1302AZ**********20 saylı sayğacın klapanının işlək olmadığı, sayğacda istismar müddətində 04.09.2021-ci il tarixdə Alarm-1 rejiminin aşkar olunması müəyyən edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. -Azəriqaz İB-nin 30.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.11.2021-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********40440 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1ənzil ünvanına 10.09.2021-ci il tarixdə Zenner G-4 Mexanika tipli **********5 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış abonentin 2021-ci ilə aid olan borcu 432 manat göstərilmişdir. -"xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli 79 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də X9 MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarının 1D korpusundakı 3 otaqlı 44 saylı mənzildə qeydiyyatsız yaşayır. -Salyan RPŞ tərəfindən verilmiş 19.01.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Salyan rayonu Arbatan kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexanika tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 30.11.2021-ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 432 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 30.11.2021-ci tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, 30.11.2021-ci tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, X2 nümayəndələri tərəfindən istehlakçı barəsində 30.11.2021-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, 30.11.2021-ci tarixli ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, 30.11.2021-ci tarixli ******* saylı aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Azəriqaz İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.11.2021-ci tarixli ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, 30.11.2021-ci tarixli ******* saylı akt əsasında iddiaçı barəsində hesablanmış 432 manat pul vəsaiti dəymiş ziyan olaraq hesablanmışdır. Bu səbəbdən də məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, X5 tərəfindən əsassız olaraq hesablanmış 432 manat borc məbləğinin abonent kodu **********40440 olan İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X5 tərəfindən əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat borc abonent kodu **********40440 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar