Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1828/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış cərimənin silinməsi və qaz hesabından tutulan vəsaitin hesaba geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış cərimənin silinməsi və qaz hesabından tutulan vəsaitin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 fərdi yaşayış evində qazdan istifadəyə görə əsassız hesablanmış 740 manat 10 qəpik qalıq borc məbləğinin silinməsi və iddiaçıdan tutulmuş 322 manat 50 qəpik pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Fərdi yaşayış evində Azəriqaz İB ilə abonent müqaviləsi əsasında qaz təchizatı mövcuddur. Qaz sərfiyyatına görə o ödənişi hər zaman vaxtıvaxtında ödəmiş, heç vaxt sayğacdan kənar qoşulma və ya digər hər hansı pozuntuya yol verməmişdir. Evin qaz sərfiyyatının müəyyənləşdirilməsi üçün quraşdırılmış sayğac smartkart tipli olmuşdur. Qaz sərfiyyatı smartkarta ödənilmiş məbləğə uyğun olaraq istifadə edilmişdir. 2023-cü ilin avqust ayında "Azəriqaz” İB-in əməkdaşları sayğaca baxış keçirmiş, sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməli olduğunu bildirmiş və sayğacı yeni smartkart tipli sayğacla əvəzləmişlər. Bundan sonra ona yeni kart verilərək, Abşeron qaz idarəsinə getməsini və verilmiş kartı aktiv etməyi bildirmişlər. Kart verilən gün iddiaçıya Abşeron qaz idarəsi tərəfindən sayğacın borca işlədiyini və 60 manat borcun yarandığını bildirmişlər. İddiaçı kartda pul qurtaran zaman qazın kəsildiyini, belə hal baş verməyinin qeyri-mümkün olduğunu bildirsədə, idarə 60 manatın ödənilmədiyi halda kartı aktiv etməyəcəklərini bildirmişlər. İddiaçı daha sonra 60 manat pul ödəmiş və smartkatı aktiv etmişdir. Bir müddət sonra karta pul vurulan zaman həmin pulun 50 faizinin tutulduğunu görmüş və bu barədə Azəriqaza müraciət etdikdə isə ona əvvəlki qaz sayğacına müdaxilə edildiyi üçün 740 (yeddi yüz qırx) manat cərimə olunduğunu bildirmişlər. İddiaçı dəfələrlə qaz idarəsinə gedərək borcun heç bir əsas olmadan yazıldğını bildirsədə, ona hər dəfəsində araşdırlacağını demişlər. Sonradan iddiaçı məhkəməyə müraciət etmək üçün Azəriqaz İB-dən barəsində tərtib olunmuş sənədlərin verilməsini xahiş etmişdir. Ona xx.xx.2023-cü il tarixli, ******* NQ-İi Akt təqdim edilmişdir. Tərtib olunan aktda çıxarılan və yeni qoyulan sayğacların sərfiyyat məlumatları və digər texniki göstəriciləri qeyd olunmamışdır. Aktda, həmçinin, çıxarılan sayğacın üzərindəki, "Azəriqaz” İB əməkdaşları tərəfindən qırılan plombun nömrəsi və s. göstərilməmişdir. Çıxarılan sayğacı "Azəriqaz” İB əməkdaşları, hər hansı formada qablaşdırmadan, özləri ilə aparmışlar. Cavabdeh tərəfindən qalıq borc məbləğinin araşdırılmasını tələb etdikdə, hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. 2025-ci ilin yanvar ayında xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB BRQSD-nin rəis müavini Nemət Haqverdiyev və digər 3 əməkdaş - Vüsal Davudov, İbadət Nəsirov və Salman İsmayılov tərəfindən tərtib olunmuş, imzalanmış aktın və digər sənədlərin surətini Azəriqazdan ala bilməmişdir. Həmin aktın qeyd hissəsində yazılmışdır ki, ”MSKİ 4-2-2/3-5-8691 rəyə əsasən sayğacda qaz itkisi və müdaxilə aşkarlandı." İddiaçı hesab edir ki, fərdi yaşayış evində qaz sərfiyyatına görə "Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli "Bildiriş xəbərdarlıq”da qalıq borc məbləği kimi 740 manat 10 qəpik yazılması və iddiaçıdan ödənilməsinin tələb olunması cavabdeh tərəfindən onun istehlakçı kimi hüquqlarının, o cümlədən, tələb olunan pul ödənişi ilə bağlı olduğundan əmlak hüququnun pozulması ilə nəticələnir. "Azəriqaz” İB-in müvafiq əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il aktdan iddiaçının məlumatı olmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə əvəz edilən sayğacın aparılması zamanı hər hansı formada xüsusi qablaşdırma edilməmişdir ki, bu da sayğacın "Azəriqaz” İB əməkdaşları tərəfindən aparılması və ya xx.xx.2023-cü il tarixdən naməlum şəraitdə saxlanılması zamanı hər hansı qüsurun yaranmasında iddiaçının məsuliyyətinin olmadığına dəlalət edir. Beləliklə, cavabdeh "Azəriqaz” İB tərəfindən təqdim olunan 740 manat 10 qəpik qalıq borcun tələb olunması əsassız və qanunsuz olmaqla hüquqlarının pozulması ilə nəticələnir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, abonent koduna hesablanmış 777.60 manat borcun silinməsi və tutulmuş 322.50 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdəfiə etdi və onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, sayğac tam işlək vəziyyətdə olmuş və Azəriqaz İB-nin əməkdaşları tərəfindən akt tərtib olunanda evdə olmamışdır. Cavabdeh İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsinin məhkəmdə iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materialında olan Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* №-li aktdan görünür ki, sayğaca baxış keçirilən zaman sayğacda qaz itkisi və müdaxilə olduğu aşkarlanmışdır. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* №-li nömrəli akta əsasən 6480 kub metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan **********47690 abonent kodlu abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, N 3763, Masazır kəndi, ev 0004, 7690 saylı mənzilinə 777,60 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 777,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini iddiaçıdan tələb etməsi yolverilməzdir. Bundan əlavə yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat borc silinməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin kartdan tutulan borcun geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən kartdan pulun silinib-silinməməsi sübuta yetirilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 777,60 manat cərimənin silinməsi, özüözlüyündə, cərimə üçün ödənilmiş pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etmir və izah edir ki, həmin məbləğ iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında abonent kodu **********47690 olan sayğaca itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat məbləğində cərimə silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən **********47690 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1828/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1828/2025
02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver