Məhkəmə qərarları › İş №2(012)-183/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-183/2024

12.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-183/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada bölünməsi, torpaq sahəsinin istifadəyə verilməsi və torpaq sahəsindən istifadə üçün maneələrin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada bölünməsi, torpaq sahəsinin istifadəyə verilməsi və torpaq sahəsindən istifadə üçün maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********18 reyestr nömrəli çıxarışa əsasən mülkiyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin payına düşən hissədə naturada bölünməsi, torpaq sahəsinin istifadə və sahibliyinə verilməsi, torpaq sahəsindən istifadə və sahiblik etməyinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin 3/10 hissəsi xx.xx.2023-cü il tarixli, **********18 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin 3/10 hissəsi mülkiyyətində olsa da, həmin torpaq sahəsindən sahiblik və istifadə edə bilmir. Cavabdeh 0.4251 ha torpaq sahəsini mişar daşından hasara almış, oranın darvazasını kilidlə bağlamışdır və onun torpaq sahəsinə girməsinə, torpaq sahəsindən istifadə və sahiblik etməsinə imkan vermir. Dəfələrlə cavabdehə torpaq sahəsindən istifadə etməyi, torpağın naturada bölünməsini bildirsə də, o bundan yayınmışdır. Torpaq sahəsinə dair bölgü sxeminin təıtib edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də ərizəsinin icrasından 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-6488/2023 saylı bildiriş məktubu ilə imtina edilmişdir. İmtina üçün əsas kimi torpaq sahəsinə dair mübahisənin olduğu qeyd edilmişdir. İmtina barədə imtina bildirişində texniki baxışın keçirildiyi qeyd edilsə də faktiki olaraq torpaq sahəsinə baxış keçirilməsi üçün cavabdeh tərəfindən şərait yaradılmamışdır. Cavabdeh ümumiyyətlə torpaq sahəsinin onun sahiblik və istifadəsində olmasını istəmir və buna mane olur. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********18 reyestr nömrəli məhkəmə qətnaməsinə əsasən verilmişdir. Buna dair məhkəmə qətnaməsi iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilən səbəblərdən də o mülkiyyət hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətində qalmışdır və hesab edir ki, mülkiyyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz etmədiyini bildirmiş, cavabdehə qanunla müəyyən edilmiş payda torpaq sahəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz etmədiyini bildirmiş, cavabdehə qanunla müəyyən edilmiş payda torpaq sahəsinin verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.4251 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1244 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində İddiaçı 3/10 hissə payı qeydiyyata alınmışdır. -AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş JN-1672, KOD 30800118 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X4 və ailə üzvləri İddiaçı, Cavabdeh1, X1, X2 Abşeron rayonu AİK-nın xx.xx.1999-cu il tarixli 28 saylı qərarı və 01 aylı DNK-nun xx.xx.2002-ci il tarixli 3M/53 saylı alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0.43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satılmışdır. -Abşeron rayonu Novxanı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli –V- ЖТ № 471472 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X5 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 6488/2023 saylı məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində xx.xx.2023-cü il tarixdə **********18 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla (paylı) mülkiyyətdə olan 0.4251 ha torpaq sahəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastrı xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi mübahisə predmetidir. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-680/2022 saylı qərardadından görünür ki, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(012)- 456/2020 nömrəli qətnaməsi iddiaçının apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-2682/2021 saylı əlavə qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının qismən təmin olunması, 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın birgə mülkiyyətçisi kimi qeyd olunan mərhum X3 payından qanun üzrə vərəsə kimi İddiaçı düşən payın miqdarının 0,043 ha olmasının müəyyən olunması, İddiaçı iddiasının digər hissədə təmin olunmaması qət edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8989 nömrəli ekspert rəyinin surətindən görünür ki, məhkəmənin 2(012)-3682/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadda qoyulmuş sual üzrə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, faktiki istifadəsində olan (0.3831 ha) torpaq sahəsinin İddiaçı 3/10 hissədə payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 2/10 hissə, X1 2/10 hissə, X2 2/10 hissə, İddiaçı 3/10 hissə pay, 1/10 hissə isə açıq pay olaraq qeyd edilmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********18 reyestr nömrəli çıxarışa əsasən mülkiyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin payına düşən hissədə naturada bölünməsi, torpaq sahəsinin istifadə və sahibliyinə verilməsi, torpaq sahəsindən istifadə və sahiblik etməyinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8989 nömrəli ekspert rəyinə əsasən,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, faktiki istifadəsində olan (0.3831 ha) torpaq sahəsinin İddiaçı 3/10 hissədə payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edildiyindən məhkəmə ekspert rəyini Mülki prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.3831 ha torpaq sahəsinin 3/10 hissədə payına uyğun naturada bölgüsü aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddia tələbinin “torpaq sahəsinin iddiaçının sahiblik və istifadəsinə verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya aiddir. Həmin hüquq eyni zamanda ona torpaqdan istifadə və sahiblik hüququ yaradır. Yalnız mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaqdan istifadə və sahiblik edilməsinə maneə yaradıla bilər, ona görə də məhkəmə “torpaq sahəsinin iddiaçının sahiblik və istifadəsinə verilməsi” hissəsini əsassız hesab edərək təmin edilməməsi və iddia tələbinin “istifadə və sahiblik etməsinə törədilən maneələrin aradan qaldırılması” hissəsini əsaslı hesab edərək təmin olunması qənaətinə gəlir. Bu cavabdehlərin iddia tələbinə etiraz etməməsi ilə də iddianın həmin hissəsdə əsaslı olmasını təsdiq edir. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin 0.3831 ha olan hissəsində İddiaçı payına düşən 3/10 hissəsi naturada bölünməli, torpaq sahəsindən istifadə və sahiblik etməsinə törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4251 ha torpaq sahəsinin 0.3831 ha olan hissəsində İddiaçı payına düşən 3/10 hissəsi naturada bölünsün və cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadə və sahiblik etməsinə törədilən maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar