Məhkəmə qərarları › İş №2(012)-1836/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1836/2022

20.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1836/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı – xx.xx.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il təvəllüdlü X4 anadangəlmə oliqofreniya kəskin təzahür edən debillik xəstəliyindən əziyyət çəkir. Qızı onun himayəsində olmuşdur. Hazırda isə 2 saylı sağlamlıq imkanı məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində yaşayır və müalicə alır. 2012-ci ildən o, həyat yoldaşından boşanmış və bu tarixdən qızı onun himayəsində qalmışdır. O, qızının adına olan sənədləşmə işlərində iştirak etməsi üçün onun qəyyumu təyin edilməlidir. Onun özünün düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb-gətirməsi qeyri-mümkündür. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Abşeron rayon İH Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkil-nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş materiallarında olan AZE 13529367 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X4 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur və Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatdadır. İşdə olan 322755 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 anası Ərizəçi, atası X5r. Mülki iş materiallarında olan AZ-İ 134452 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasındakı nikah 13 iyul 2012-ci il tarixdə ləğv edilmişdir. İşdə olan ƏƏSMN SXA 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi PHŞ-nin xx.xx.2022-ci il tarixli, 39 saylı arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X4 xx.xx.2013-cü ildən hazıradək Müəssisədə oliqofreniya kəskin təzahür edən debillik dərəcəsi diaqnozu ilə yaşayır. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X1 xx.xx.2022-ci il tarixli, 1927 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1.3-cü maddəsinə görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. Onun daimi qulluğa ehtiyacı var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar