Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1849/2023 13.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesablanmış 703,05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır. Özü hərbi xidmət dövründə travma almışdır. O, 29 dekabr 2017-ci il tarixdə “Azəriqaz İB” ilə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında yaşadığı ünvanda qaz sayğacı quraşdırılmışdır. 26 mart 2021-ci il tarixdə isə “Azəriqaz İB”-nin nümayəndələri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi, sayğaca baxış keçirilmiş və Cavabdeh İB-nin əməkdaşları tərəfindən sızma aradan qaldırılmış, sayğac işlək vəziyyətə gətirilmişdir. Bu akt tərtib edilərkən şəxsən özü də iştirak edərək imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən də göründüyü kimi hər zaman ödənişləri vaxtı-vaxtında etmişdir. Bununla belə, 08 fevral 2023-cü il tarixdə “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 703,05 manat borc hesablanmışdır. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən o, ümumiyyətlə evdə olmamışdır. Bununla bağlı heç bir məlumatı olmamışdır. Halbuki, müqavilə Cavabdeh İB ilə onun arasında bağlanmışdır. Hətta iştirak etməməsinə baxmayaraq, “Azərqaz” İB qanunvericiliyin tələblərini pozaraq hüquqlarını pozmuş və aktda iştirak etdiyini göstərərək yetkinlik yaşına çatmayan övladına onun adından imza çəkdirmişdir. Sənədlərə nəzər salarkən aşkar şəkildə görünür ki, 26 mart 2021-ci il tarixdə tərtib edilmiş və 08 fevral 2023-cü il tarixdə tərtib edilmiş aktlarda olan imzalar tamamilə fərqlidir. Göründüyü kimi, “Azəriqaz İB”nin nümayəndələri övladının yetkinlik yaşına çatmamasından istifadə etmişlər. Onun heç vaxt qazın istifadəsinə görə borcu olmayıb və sayğaca heç vaxt müdaxilə olunmamışdır. Bu vaxta kimi “Azəriqaz İB”-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilməmiş və sayğacın işlək vəziyyətdə olub-olmaması yoxlanılmamışdır. Bununla belə, 08 fevral 2023cü il tarixdə tərtib edilmiş aktda sayğacın quraşdırılma səbəbi kimi “əvəz edilmə” qeyd edilmiş, ətraflı olaraq səbəbləri göstərilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O bildirdi ki, abonentin borcu saldo üzrə cəmi 457,90 manat təşkil edir. Bu borc sayğacın mənfi tezliklə işləməsi nəticəsində istehlak edilmiş təbii qazın dəyəridir. Borc məbləği akta əsasən hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanındakı (abonent kodu: **********00016) qaz sayğacına baxış keçirilmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08 fevral 2023cü il tarixli, ******* saylı akt əsasında ona borc tətbiq edilməsi qərara alınmışdır. İstehlakçı İddiaçı adına olan **********00016 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayına kimi 457,90 manat borcu vardır. Qaz sərfiyyatına görə borc yoxdur. Hazırda İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesablanmış 703,05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli, ******* saylı aktla sayğacın mənfi rejimdə işləməsi müəyyən edilmişdir. Halbuki qüvvədə olan qanunvericiliyə görə fərdi yaşayış evindən kənada yerləşən sayğacın nazas vəziyyətdə olmasına görə abonent məsuliyyət daşımır. Bundan başqa, Cavabdeh abonentə tətbiq etdiyi bu məbləğdə cərimənin hansı əsasla yaranması barədə işdə hər hansı mötəbər sübut yoxdur. Bu hallara qiymət verərək məhkəmə hesab edir ki, Birlik tərəfindən iddiaçıya tətbiq edilmiş 457,90 manat cərimə əsassızdır və silinməlidir. İddiaçı ona bu məbləğdən artıq cərimə hesablanması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********00016) Abşeron rayonu, Hökməli qəsəbəsindəki fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 457,90 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1849/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1849/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver