Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1851/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə1 Ağamməd oğlunun, Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı (üçüncü şəxslər Bakı şəhəri 23 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) alqı- satqı müqaviləsinin, reysterdən çıxarışın və kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı (üçüncü şəxslər Bakı şəhəri 23 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) cəlb edilməklə alqı- satqı müqaviləsinin, reysterdən çıxarışın və kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında, Bakı şəhər 23 saylı notariat ofisində, Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 2-ci döngə, ev 7-yə dair bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilməsi; Cavabdeh1 ilə onun arasında Bakı şəhər 11 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsi” etibarsız hesab edilməsi; dövlət rüsumuna ödədiyi 100 manat pul vəsaitinin əvəzi cavabdehdən alınaraq ona verilməsi, işin hallarına əsasən Cavabdeh1, X2 və digər şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılaraq müvafiq Prokurorluq orqanına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ona və ailə üzvlərinə qarşı pul tələbinə dair iddia tələbi təmin edilərək, cəmi 37029,64 ABŞ dollar pul vəsaitinin onlardan tutulması həmin məbləğin ona məxsus Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən sahəsi, 0,06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hərrac yolu ilə satışından əldə ediləcək pul vəsaitinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-98/2022 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsində dəyişiklik edilərək həmin daşınmaz əmlakın ilkin satış qiyməti 75000 manat müəyyən edilmişdir. Qətnamədən sonra o, cavabdeh “Access Bank“ Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayaraq qətnamə ilə ondan tutulmalı olan pulu cədvəl təyin etməklə hissə-hissə ödəməyinə imkan yaratmasını xahiş etmişdir. Lakin bank ona etiraz edərək təklif etdi ki, əgər banka 20000 manat pul ödəsə, o da əvəzində evini özünə qaytaracaq. Lakin həmin vaxt o qədər pulu olmadığından bankla razılaşa bilməmişdir. Belə olan halda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tələbi ilə Abşeron rayon İcra şöbəsinin icra məmurları, eləcə də onlarla gələn polis əməkdaşları evi boşaltmağı tələb edərək onlara təzyiqlər göstərməyə başladılar. Belə ki, “Bakı Hərrac Mərkəzində” keçirilmiş xx.xx.2023-cü il tarixli, 454/22 saylı hərrac protokoluna əsasən evi cavabdeh “Access Bank“ Qapalı Səhmdar Cəmiyyətinin özü tərəfindən 47812,50 AZN-ə alınmışdı. Artıq o, çarəsiz bir vəziyyətdə qalmışdır. Çünki, bank onu və ailə üzvlərini evdən çıxarsaydı küçədə qalacaqdı. Ona görə də o, məcbur olub, borca pul axtarmalı olmuşdur. Həmin vaxt bacısının qudasının qardaşı Zülfüqar ona bildirdi ki, onun tanışı Səxavət adlı şəxs ona köməklik edə bilər. O, Səxavətlə görüşüb banka borcunun olduğunu, əgər pulu ödəməsə evin əldən çıxacağını bildirmişdir. O, da onu Sənan adlı şəxslə tanış edib dedi ki, həmin şəxs sənə köməklik edə bilər. Sənan da Sürəyya adlı qadının ipoteka məsələləri ilə məşğul olduğunu və evin ipotekadan çıxarılma qaydalarını yaxşı bildiyini ona deyərək həmin qadınla onu tanış etdi. Sürəyya da öz növbəsində onu Sahib adlı şəxslə tanış etdi. Sahib dedi ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə danışıb həmin evi 48000 manata almaqla digər bank qarşısında ipotekaya qoyub yüksək məbləğdə pul götürəcək, əvəzində isə o, ona 3 ay müddətində 48000 manatın 4%-i hesabı ilə ümumilikdə 60000 manat pul ödədikdən sonra həmin evi onun adına keçirəcək. O, da onunla razılaşmışdır. Bu söhbətdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Sahibin anası Cavabdeh1 arasında Bakı şəhər 23 saylı notariat ofisində həmin evə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandı. Həmin evdə qeydiyyatda olduğu üçün Sahib onlardan evin satılmasına etiraz etməməyi barədə notarial qaydada təsdiq edilmiş ərizə də aldı. Cavabdeh1 evi aldıqdan sonra oğlu Sahib ondan tələb etdi ki, 60000 manat pulu ona verənə qədər aralarında evdən istifadəyə dair formal kirayə müqaviləsi bağlasınlar. O, Sahibə etibar edərək onun anası Cavabdeh1 ilə notarial qaydada kirayə müqaviləsi bağlamağa razılaşmış və onlar xx.xx.2023-cii il tarixdə Bakı şəhər 11 saylı notariat ofisində 1 il müddətinə kirayə müqaviləsi bağlamışlar. Müqaviləni Cavabdeh1 adından oğlu X4 etibarnamə əsasında imzaladı. Müqavilə bağlandıqdan sonra Sahib ona dedi ki, həmin evi banka ipotekaya qoyub yaxşı pul götürmək üçün gərək evi yaxşı təmir etdirəsən. O, da ona inanaraq evin təmirinə 14000 manat xərc çəkmişdir. Bundan bir müddət sonra o, 60000 manat toplayıb evi özünə qaytarmaq üçün Sahibə vermək istədikdə o, bildirdi ki, artıq evi 85000 manata satır. O, Sahibə demişdir ki, “axı biz evi 60000 manata danışmışıq.” Lakin o, dedi ki, fikrini dəyişib. Belə olan halda o, demişdir ki, 5000 manat da artıq pul verərəm. Lakin o, razılaşmamışdır. Sonuncu dəfə isə o, ona evi 105000 manata satmaq istədiyini bildirdi. Əks təqdirdə evdən çıxmağı tələb etdi. Hazırda Cavabdeh1 ona qarşı Abşeron Rayon Məhkəməsində kirayə müqaviləsinin ləğv edilməsi və evin boşaldılması barədə iddia qaldırmış və həmin iddia tələbi üzrə mülki iş hakim Məlahət Abbasovanm icraatındadır. Hesab edir ki, Cavabdeh1 və onun oğlu Sahib Vəlizadə onu aldadaraq, evin satılmasına razılıq ərizəsini əldə etdikdən sonra, evi onlara təmir etdirib, sonradan onlara baha qiymətə satmaq istəmişlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 Ağamməd oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, onları aldadıblar, yalandan imza çəkdiriblər və hər şeyin yaxşı olacağını bildiriblər. Amma sonradan evə sənəd gəldi ki, evdən çıxarılmalıyıq. Ona görə də, müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hərracda ev satılmadığı üçün bankın mülkiyyətinə keçmişdir. Müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Odur ki, iddia təmin edilməməlidir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 QSC məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsnin xx.xx.2022-ci il tarixli, 2(105)-98/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan banka təklif edilmiş, bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun bir hissəsi qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Daha sonra Bank tərəfindən həmin əmlak üçüncü şəxsə satılmışdır. Hazırda iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi xahiş edilsə də bunun üçün hüquqi əsaslar mövcud deyildir. O səbəbdən cavabdeh "xxxx" QSC-yə olan hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 23 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı 0.6 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 175,53 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 42 saylı vərəqində qeydiyyata alınmışdır. - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair “Bakı Hərrac Mərkəzinin” 01 fevral 2023-cü il tarixli, 454/22 saylı protokoldan görünür ki, ipoteka predmeti olan Sumqayıt Apellyasiya Məhkəməsinin №2( 105)-98/2022, xx.xx.2022 il tarixli icra sənədinə əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Fatmai kəndi, Cəlil Cavadov küçəsi, dalan 2-də yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi 47812,50 (qırx yeddi min səkkiz yüz on iki, 50 qəp.) manata "xxxx" QSC tərəfindən alınmışdır. Bu barədə məktubla icra qurumuna və icra icraatının tərəflərinə məlumat verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı 0.6 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 175,53 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - AN-İ № ******* nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin sürətindən görünür ki, "xxxx" QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı 0.6 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 175,53 kv.metr olan fərdi yaşayış evini ümumilikdə 48000 manata satmışdır. - Bakı şəhəri 11 saylı notariat ofisində kirayə verən Cavabdeh1 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən ƏMDKV-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə Cavabdeh1 verilmiş **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 175.133 kv.metr olan fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə yaşaması üçün bütünlüklə kirayəçiyə xx.xx.2024 il tarixədək kirayəçinin istifadəsinə vermiş, kirayəçi isə kirayə verənə aylıq 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən xüsusi təyinatlı 0.6 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 175,53 kv.metr olan fərdi yaşayış evi əvvəl İddiaçı mülkiyyətində olmuş, daha sonra məhkəmə qətnaməsinə əsasən tutulmalı olan 37029,64 ABŞ dolları borc mübahisəli əmlaka yönəldilməsi qət edilmişdir. Bundan sonra keçirilən hərracda mübahisəli əmlakı Cavabdeh2 QSC 47812,50 manata almışdır. Daha sonra mübahisəli əmlak bank tərəfindən digər Cavabdeh1 satılmış və hazırda xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən sonuncunun mülkiyyətindədir. Bundan başqa Cavabdeh1 mübahisəli əmlakı İddiaçı aylıq 300 manat kirayə haqqı ödənilməsi şərtilə kirayəyə vermişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı üçüncü şəxslər Bakı şəhəri 23 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə alqı satqı-müqaviləsinin, reysterdən çıxarışın və kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında, Bakı şəhər 23 saylı notariat ofisində, Abşeron rayonu, Fatmayı kəndi, Cəlil Cavadov küçəsi, 2-ci döngə, ev 7-yə dair bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilməsi; Cavabdeh1 ilə onun arasında Bakı şəhər 11 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsi” etibarsız hesab edilməsi; dövlət rüsumuna ödədiyi 100 manat pul vəsaitinin əvəzi cavabdehdən alınaraq ona verilməsi, işin hallarına əsasən Cavabdeh1, X2 və digər şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılaraq müvafiq Prokurorluq orqanına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman İddiaçı istinad edir ki, mübahisəli əmlakın alınması üçün Cavabdeh1 onun etibarından sui-istifadə edərək, onu aldatmış, evi ona 60000 manata satacağına söz versə də, vədinə əməl etməmişdir, buna görə də alqı-satqı müqaviləsi, cavabdehin adına verilmiş reyestrdən çıxarış, həmçinin onlar arasında başlanmış kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. İşdən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bakı şəhər 11 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli “Kirayə müqaviləsi” etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı kirayə müqaviləsinin də etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarını əsas götürən məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan müqavilələr tərəflərin iradə azadlığı ilə, forma və məzmuna uyğun olaraq, subyekt tərkibi nəzərə alınmaqla, habelə hər iki tərəfin anlaqlı vəziyyətdə, qarşılıqlı razılığı ilə bağlandığından etibarsız hesab edilə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı alqı satqı-müqaviləsinin, reysterdən çıxarışın və kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı alqı satqı-müqaviləsinin, reysterdən çıxarışın və kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1851/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1851/2025
02.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver