Məhkəmə qərarları › İş №2(012)-1856/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1856/2022

28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1856/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 30.07.2019-cu il tarixli ******* saylı akta görə hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30 iyul 2019-cu il tarixli akt əsasında onun adına ümumilikdə 486 manat məbləğində cərimə yazılmışdır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb sayğacın yivli birləşmələri deformasiyaya uğramış, sayğacda 29 04.2017-ci il tarixində Alarm- 1 rejimi aşkar olunmuşdur. O həm cərimə, həm də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30 iyul 2019-cu il tarixli aktda qeyd edilənlərlə qəti şəkildə razılaşmır, çünki həmin aktın tərtib edilməsi qanun pozuntusudur. Ona heç bir məlumat verilmədən necə ola bilər ki, özbaşına, vəzifə səlahiyyətlərindən istifadə edərək, abonenti xəbərdar etmədən cərimə ilə yüklü edirlər və üstəlik 2019-cu ildə tərtib edilmiş akta görə cərimə pulunu ondan 2022-ci ildə tələb edirlər? Bu 3 il müddətində nə üçün ona heç bir xəbər verilməmişdir? O sərf etdiyi təbii qaza görə hər ay ödənişləri edir və akt barədə bu günə kimi heç bir məlumatı olmamışdır. Bu məsələ ilə bağlı o, məhkəməyə müraciət etmədən öncə Bakı Regional Qazın Satışı Departamentinə rəsmi şəkildə ərizə ilə müraciət etmiş, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona 19 avqust 2020-ci il tarixli müraciətə baxılması barədə məktub göndərilərək aktda qeyd edilənlər təsdiq edilmiş və 486 manat məbləğində cərimə edildiyi bildirilmişdir. Onun evinə quraşdırılmış sayğac yol kənarındadır və həmin yolu müxtəlif insanlar istifadə edirlər. O, hər an sayğacın nə vəziyyətdə olmasına görə ora baş çəkə bilmir. Sayğac onun müdaxiləsi ilə yox, hər hansı bir kənar təsir səbəbdən də zərər görə bilər. Ona görə də aktda qeyd edilənlər həqiqətə uyğun deyil. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: - ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evində quraşdırılmış Elster G-4 markalı, 1502AZ**********174 saylı sayğaca baxış keçirilmiş, Azəriqaz İB-nin əməkdaşları tərəfindən çıxarılaraq, əvəzində yeni sayğac quraşdırılmışdır. - Azəriqaz İB-nin 30.07.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4860 m3 ödənilməsi qərara alınmışdır. Əsas 30.07.2019-cu il tarixli ******* saylı akt olmuşdur. Cavabdeh əməkdaşları tərəfindən 30.07.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, abonent kodu **********43880 olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, C.Novruz küçəsində yerləşən 73 saylı evə baxış keçirilən zaman “MSK-nın 29/1710- 01186-2 saylı rəyinə əsasən 1502AZ**********174 saylı sayğacın yivli birləşmələrinin deformasiya və korroziyaya uğraması müəyyən edilib. Sayğacda 29.04.2017-ci il tarixdə ALARM 1 rejimi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1-ə aid abonent kodu **********43880 olan abonentin saldosundan görünür ki, 2019-cu ilin iyul ayına abonentə 486 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 486 manat borc silinməli, iddia təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********43880) dair hesablanmış 486 manat məbləğində borc silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar