Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-186/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 01.10.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası olmasının müəyyən olunması, Cavabdeh onun xeyrinə 01.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun Cavabdeh ilə arasında 2014-cü ildə qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, həmin münasibətlərindən 01.10.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Onun cavabdehlə rəsmi nikahı olmamış, eyni zamanda cavabdeh cinayət əməli törətdiyindən həbsdə olduğuna görə onun azyaşlı uşağın atası olması müəyyən edilməmişdir. O, özü təkbaşına qeydiyyat şöbəsinə yaxınlaşaraq oğlu üçün doğum haqqında şəhadətnamə almışdır. O, cavabdehlə nikaha daxil olduqdan bir il sonra cavabdeh həbs olunmuşdur. Bu günə kimi oğlunu o, özü təkbaşına böyüdür, uşağın bütün xərclərini özü qarşılayır, hazırda da süpürgəçilik edərək, evləri təmizləməyə gedərək, oğluna baxmağa çalışır. 2019-cu ilin yanvar ayından onun cavabdehlə olan əlaqələri tamamilə kəsilmişdir. Cavabdeh isə öz həyatını yaşayır və qazandığı pulları pis vərdişlərinə xərcləyir. O, cavabdehdən bir ata kimi oğluna öz istəyi ilə aliment ödəməsini tələb etdikdə isə cavabdeh bundan boyun qaçırır və ödəməmək üçün müxtəlif bəhanələr gətirir. Övladı körpə olan zaman baldızı və ailənin digər üzvlərinin onunla olan münasibətləri çox yaxşı idi. Cavabdehlə münasibətləri pozulduqdan sonra həmin şəxslər də onunla əlaqəsini kəsmiş və bir dəfə də olsun onun oğlu ilə maraqlanmamışlar. Lakin cavabdehin qardaşı və onun həyat yoldaşı bu günə kimi onunla əlaqələrini kəsməmiş və cavabdehin qardaşı bir əmi kimi qardaşı oğlu ilə maraqlanır və mütəmadi olaraq əlaqə saxlayır. O, Naxçıvan Muxtar Respublikasında yaşadığı üçün, həmçinin maddi imkanı aşağı olduğundan məhkəmə iclasında şahid qismində iştirak edə bilmir. O, atalığın müəyyən edilməsi və cavabdehdən alimentin alınmasını başqa qaydada həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X10 İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. İddiaçı ilə Cavabdeh bir-birilərini işlədikləri supermarketdə görüb, tanış olmuş və bəyənmişlər. Qızı cavabdehə qoşulub qaçmış və 2015-ci ildə onların faktiki nikah münasibətlərindən 01.10.2015-ci il tarixdə X7 anadan olmuşdur. Bir müddət bir yerdə Bakı şəhəri Binəqədi rayonunda kirayədə yaşamışlar. Qızının cavabdehdən ayrılmasının başlıca səbəbi isə cavabdehin 3 ilə yaxın müddətə azadlıqdan məhrum edilməsi olmuşdur. Sonradan cavabdeh azadlığa çıxdıqdan sonra qızı ilə münasibətləri bərpa edilmiş, lakin cavabdehin bacısının nikahının pozulması ilə əlaqədar ata evinə qayıtması və onların ailə məsələlərinə qarışması qızının cavabdehlə münasibətlərinin tamamilə pozulmasına səbəb olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun vəkili-nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, işin digər materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.10.2015-ci il tarixli AZ-İİİ № 635450 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 01.10.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5415 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.07.2016cı il tarixli arayışdan görünür ki, X7 01.10.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5415 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır, ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.02.2020-ci il tarixli 614 və 615 saylı arayışlardan görünür ki, İddiaçı və X1 rayonu Masazır kəndi Masazır ərazi dairəsi Sarı Aşıq küçəsində qeydiyyatsız yaşayır. -Daşkəsən RPŞ tərəfindən verilmiş 10.08.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Daşkəsən rayonu Bayan kəndində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən 27.02.2020-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Abşeron rayonu Masazır kəndi Masazır ərazi dairəsi Sarı Aşıq küçəsinə 27.02.2021-ci il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 11.02.2020-ci il tarixli arayışdan görünür ki, Məmmədov X6 Muxtar Respublikası Naxçıvan şəhəri Azərbaycan küçəsi döngə 5, ev 8 ünvanında qeydiyyatdadır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotolardan cavabdehin azyaşlı oğlu ilə birlikdə münasibətdə olması öz əksini tapmışdır. Mülki Prosessual Məcəllənin: 87.1 maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Abşeron rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli 2(012)-1598/2020 saylı və 11.03.2021-ci il tarixli 2(012)-186/2021 saylı qərardadları ilə məhkəmə tibbi-bioloji ekspertizaları təyin edilmiş, lakin sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamış, müddət pozuntusuna yol verməmək üçün 2(012)-186/2021 saylı mülki iş bir cilddə və qərardad icra edilmədən geri qaytarılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin faktiki nikah münasibətlərindən 01.10.2015-ci il tarixdə bir oğlan övladları anadan olmuşdur. Övladları dünyaya gəldiyi zaman onların rəsmi nikahları olmamış, baxmayaraq ki, tərəflərin faktiki nikahlarından doğulmuş övladlarının doğum haqqında şəhadətnaməsində ata kimi iddiaçının ərizəsinə əsasən, cavabdehin adı qeyd olunmuşdur. Lakin həmin dövrdə cavabdehin həqiqətən də 01.10.2015-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilməmişdir. Tərəflər arasında münasibətlər pozulduğuna görə hazırda iddiaçı belə bir faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbi məhkəmə tərəfindən araşdırılarkən mübahisənin həll edilməsi məqsədilə məhkəmə tərəfindən tibbi-bioloji ekspertiza təyin edilmiş, lakin cavabdeh ekspertizanın keçirilməsi və bu barədə müvafiq rəy verilməsi üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq ekspertiza mərkəzinə gəlməmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və məhkəməyə təqdim olunmuş digər sübutları əlaqəli şəkildə qiymətləndirərək Mülki Prosesssual Məcəllənin 97.5. maddəsinə əsasən ekspertiza təyin edilən faktı təsdiq olunmuş hesab edir və Cavabdeh 01.10.2015-ci il təvəllüdlü X2 atası olması faktının təsdiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq): 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 48-ci maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi atalığın müəyyən olunması hissəsində tam əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, iddia ərizəsindən görünür ki, cavabdehin birgə nikahlarından 01.10.2015-ci il tarixdə doğulmuş uşağının atası olmasını müəyyən etməklə, ondan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat pul vəsaitinin tutulması tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən, nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini, həmçinin, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən alimentin iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan hesablanmasını nəzərə alaraq, yəni 02.03.2020-ci il tаriхdən bаşlаyаrаq Cavabdeh İddiaçı хеyrinə hər аy 170 mаnаt sаbit pul məbləğində аlimеnt tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilməsinə baxmayaraq iddia tələbində aliment 170 manat tələb edildiyindən məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmamalıdır. Mülki Prosessual Məcəllənin: 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh 01.10.2015-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilsin və bu barədə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılsın. Cavabdeh İddiaçı xeyrinə 01.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 02.03.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-186/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-186/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver