Məhkəmə qərarları › İş №2(012)-1860/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1860/2024

17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1860/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən daşınmaz əmlaka aid **********01891 kodlu sayğaca qanunsuz tətbiq edilmiş 508,34 manat borcun silinməsi və həmin borca görə onun hesabından çıxılmış pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ev Abşeron rayonu, Nübar qəsəbəsində yerləşir. Ona məxsus işıq sayğacının kodu **********01891-dir. Cavabdeh ona qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Qanunsuz yazılmış işıq borcunun məbləği 508,34 manatdır. Hazırda işıqdan istifadə etdiyindən həmin məbləğ hissə-hissə onun hesabından çıxılır. Belə ki, onun evində yalnız soyuducu və televizor vardır, başqa heç bir məişət avadanlığı yoxdur.elektrik enerjisindən çox az istifadə edirlər, məcburi köçkünlər üçün ayrılmış limitləri də var. Özü Laçın rayonundan məcburi köçkündür və İ Qarabağ Müharibəsi veteranıdır. 22 il ölkə Prezidentinin Mühafizə Xidmətində sürücü işləmişdir. "xxxx" ASC-nin əməkdaşları sayğacın plombunu qırıb saxlamaq üçün ona vermişlər. Bunun səbəbini soruşanda isə bildirdilər ki, narahat olmasın, heç bir problem olmayacaq. Ardınca isə "xxxx" ASC-nin əməkdaşları gəlib sayğaca müdaxilə etmək adı ilə ona 400 manat cərimə yazmışlar. Həmin cərimənin 200 manatını özləri ödəmiş, yerdə qalan 200 manatını isə ona ödətdirmişlər. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 508,34 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********01891 nömrəli, ünvan 1 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2024-cü ilədək ona cəmi 3071,50 manat borc hesablanmışdır. O cümlədən, sayğac oxuması 3237,61 manat, aktlar üzrə borc - 178,54, ödəmələr 3071,50 manat, sayğac quraşdırılma tarixinə borc 138,53 manat, sayğac quraşdırılandan sonra ödəmə 1564 manat, karta yüklənən məbləğ 1047, borcdan ödəmə 517 manat, borc 0,47 manatdır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, **********01891 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, Məcbüri köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılmış limitin hər ay ailə tərkibinə uyğun olaraq, borcdan azaldığı müəyyən edilmişdir. Lakin orta aylıq enerji sərfiyyatı müəyyən edilmiş limitdən artıq olduğu üçün xx.xx.2016-cı il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə 508,34 manat məbləğində borc yaranmışdır. Qeyd edilən borc istehlak edilmiş, lakin ödənilməmiş elektrik enerjisinin dəyəridir və ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. xx.xx.2024-cü il tarixinə elektrik enerji sərfinə görə ödənişi tələb edilən borc 0,47 manat təşkil edir. Mülki Məcəllənin 551.2. və 551.2.1-ci maddəsinə görə aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 4.2-ci bəndinə görə istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı silinməsini xahiş etdiyi borc tələb edilməyən borc kateqoriyasına aiddir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin abonentə hesabladığı məbləğ tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc öz növbəsində əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda şərh edilən işin hallarına əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan silinməsini xahiş etdiyi məbləğdə, yəni 508,34 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********01891 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 508,34 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar