Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1884/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X9, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X3 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.1972-ci il təvəllüdlü X6 onun (ərizəçinin) doğma qardaşıdır. X2 şizofreniya, paranoid forma dərin qüsur halı xəstəliklərindən əziyyət çəkir. O (ərizəçinin qardaşı) əvvəl valideynləri ilə birlikdə ərizəçinin yanında yaşamış, ərizəçi valideynlərinin də qayğısına qalmış, lakin xx.xx.2014-cü il tarixdə ataları Məmmədağa Kəlpalı oğlu, xx.xx.2017-ci il tarixdə isə anaları Nərgiz İsmayıl qızı vəfat etdikdən sonra qardaşı sadəcə ərizəçinin himayəsində qalmışdır. X6 xəstəliklərinə görə İİ qrup əlildir. Tək qalan zaman ətrafa və özünə ziyan yetirmə ehtimalı çox böyükdür. Ərizəçi qardaşı İİ qrup əlil olduğu üçün onun sözü və yazdığı yazının bir əhəmiyyəti olmadığından onun adından sənəd qəbul edə, imzalaya bilmir. Odur ki, göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında bildirmişdir ki, qardaşı X7 ərizəçidən yaşça böyükdür, uşaq vaxtı məktəbə normal şəkildə gedib-gəlsə də, 5-ci sinifdə oxuyarkən damdan yıxıldığı üçün travma almış, bu səbəbdən məktəbə getməyi dayandırmışdır. X3 həkimi vəziyyətin get-gedə daha da pisləşəcəyini bildirmişdir. Ərizəçinin səhhətində də bir sıra problemləri var, sinir xəstəsidir, daim yoldaşı ilə qardaşına baxmaq mövzusunda aralarında mübahisələr yaranır. Atası və anası rəhmətə getmişdir. Eyni zamanda ərizəçi qardaşının İ dərəcə əlilliyi olduğunu, Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi X12 məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X7 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon, Qobu qəsəbə soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli İ-ЖГ № 367431 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1972ci il tarixdə anadan olmuş, atası Məmmədağa Kəlpalı oğlu, anası Nərgiz İsmayıl qızıdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixatriya Xəstəxanası X15 tərəfindən verilmiş 092905 saylı çıxarışdan görünür ki, X1 Xəstəxanası X15ndə “şizofreniya sadə forma, psixi qüsur halı” (F20.6) diaqnozu ilə müalicə alır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1740 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 “şizofreniya sadə forma, psixi qüsur halı” (F20.6) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt Psixiatriya Xəstəxanası”nda müayinədə olması və onda “Şizofreniya sadə forma, dərin psixi qüsur halı, Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var F20.6” diaqnozunun qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda ‘Şizofreniya sadə forma, dərin psixi qüsur halı. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var" diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ Yekun hissə: xx.xx.1972-ci il təvəllüdlü X4 şizofreniya sadə forma, psixi qüsur halı xroniki psixi xəstəlik müəyyən edilir. X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. -Abşeron Rayon İHB-nin Qobu qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ 886469 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nərgiz İsmayıl qızı xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. -Abşeron Rayon İHB-nin Qobu qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş mart 2014-cü il tarixli, AZ-İ 670385 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədağa Kəlpalı oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1740 saylı rəyindən müəyyən olunur ki, X7 “şizofreniya sadə forma, psixi qüsur halı” (F20.6) psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2024-cü il tarixli, 1740 saylı rəydə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qardaşı - xx.xx.1972-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov