Məhkəmə qərarları › İş №2(012)-1886/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1886/2024

19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1886/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 1555,20 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivində yerləşən 5 sot torpaq üzərində tikilmiş, ona məxsus iki fərdi yaşayış evi eyni həyətdə yerləşir və həmin evlərdən birinə quraşdırılmış sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona xəbər verilmədən sökülüb aparılmışdır. O, bir müddət sonra öyrənmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən 28 fevral 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və MSK-14-2-2/3-5-1815-1 nömrəli rəyinə əsasən G-4 markalı, 1602AZ**********82 №-li sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Qeyd edir ki, onun aktın tərtib edilməsi barədə, ümumiyyətlə, məlumatı olmamışdır. O, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Bununla belə qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən 28 fevral 2023cü il tarixində “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 1555,20 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB onun iştirakını təmin etməli olduğu halda təmin etməmiş, hətta buna təşəbbüs belə göstərməmişdir. Qanunsuz tərtib edilmiş aktdan da göründüyü kimi aktın yekun hissəsində onun ad və soyadı qeyd edilsə də qarşısında heç bir məlumat qeyd olunmamışdır. Buradan da məlum olur ki, akt tamamilə qanunsuz və heç bir əsas göstərilmədən tərtib olunmuşdur. Qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri sayğaca ildə bir dəfədən az olmayaraq yoxlama keçirməli olduğu halda, heç bir yoxlanış keçirilməmişdir. Dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, Cavabdeh İBnin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Cavabdeh aktda sayğacda çıxış plastmas borusunun deşilməsini qeyd etsə də bu halı araşdırmaq zərurətini görməmiş, hətta bu nəticəyə gələrkən onun iştirakını təmin etməmiş, qanunsuz olaraq heç bir əsas olmadığı halda sayğaca onun tərəfindən ziyan vurulduğu qənaətinə gəlmişdir. Bu da onu göstərir ki, burada heç bir araşdırmadan söz belə gedə bilməz və Cavabdeh İB tərəfindən tərtib edilmiş akt saxtadır. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Daimi olaraq sayğacı tərəflərindən nəzarətdə saxlamaq qeyrimümkündür. Başqasının təqsirinə görə qanunsuz olaraq ona borc yazılmışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Heç bir sübut və əsas olmadığı halda ona borc yazılmış, həmçinin sayğaca baxış keçirilərkən onun iştirakı təmin olunmamış, hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində akt tərtib edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona məxsus evə quraşdırılmış sayğac dəyişdirildikdən sonra əvvəlki sayğaca münasibətdə indiki sayğac üzrə təbii qaz sərfiyyatının həcmində heç bir dəyişiklik olmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********41950) Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-1815-1 nömrəli rəyə əsasən 1602AZ**********82 №-li sayğacın plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivində yerləşən evə (abonent kodu: **********41950) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə (abonent kodu: **********41950) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********41950) Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********41950) 28 fevral 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar