Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1899/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən həmin şirkətin verdiyi zəmanət əsasında aldığı soyuducuya görə ödədiyi 969 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.12.2017-ci tarixində cavabdeh Maxi.az məişət texnikası və elektronika mağazasından “Samsung” RT35K5440S8/WT modelində soyuducu almışdır. Alındığı vaxtdan soyuducunun dondurucusu işlədiyi halda digər bölməsi işləməmişdir. İddiaçı bu vəziyyəti təxminən 1 ay ərzində müşahidə etmiş və mağaza ilə əlaqə saxlayaraq şikayətini bildirmişdir. Cavabda 14 gün keçdiyinə görə artıq mağazadan soyuducuya cavabdeh olmadıqlarını bildirmişlər. Lakin soyuducu alınarkən ona heç bir müqavilə təqdim olunmamışdır. Bu səbəbdən də iddiaçı texniki servisə müraciət etmişdir. Servis işçiləri tərəfindən baxış keçirildikdən və servisin Rusiyadakı nümayəndəliyi tərəfindən evə zəng daxil olduqdan sonra 05.03.2018-ci il tarixində soyuducuya aid plata və 3 yol adlı hissələr dəyişdirilmişdir. Nəticə olmadığı üçün sonra soyuducuya qaz vurulmuşdur. Bundan sonra soyuducu müxtəlif səslərlə və ətrafı həddidən artıq qızaraq bir neçə ay işləmişdir. Bu narahatlıq üzündən yenidən servisə müraciət etsə də, usta bu halın qazın normadan artıq vurulması səbəbindən baş verdiyini və zamanla keçəcəyini bildirmişdir. Lakin bu hal davam etmiş və artıq dondurucunun da soyutma qabiliyyəti azalmışdır. 2018-ci ilin oktyabr ayında iddiaçının servisə müraciəti əsasında usta tərəfindən baxış keçirilərək soyuducuda qazsızma olduğu və servisə aparılmasının vacibliyi qeyd edilmişdir. Həmin vaxtda həmin soyuducu təmir olunmaq məqsədi ilə servisə aparılmışdır. 18.01.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 11.12.2018-ci il tarixli müraciəti tərəflərindən araşdırılmışdır. Araşdırma nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İddiaçı ilə əlaqə saxlamış və İddiaçı ona verdiyi məlumata əsasən 17.12.2018-ci il tarixdə Maxi.az mağazasından soyuducu alması, noyabr 2018-ci il tarixdə soyuducuda qüsur meydana gəlməsi müəyyən edilmişdir. Soyuducu Baku Service Company servis Mərkəzində təmir olunmuş, lakin iddiaçı soyuducunu geri götürməkdən imtina edir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 7-ci maddəsinə əsasən malda qüsur yarandığı halda istehlakçıların aşağıdakı hüquqlarının mövcud olması: lazımi keyfiyyətli mala dəyişdirmək; satış qiymətini uyğun məbləğdə azaltmaq; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılması və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsi; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsi; müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi nəzərə çatdırılmışdır. Göründüyü kimi istehlakçı kimi hüquqlarından biri də malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasıdır. İddiaçı da bu hüquqdan istifadə etmişdir. Belə ki, malda yarana biləcək qüsura dair zəmanət verən tərəf iddiaçının verdiyi məlumata əsasən malı təmir etmişdir. Müraciətdə soyuducuya dair (model, seriya nömrəsi) qeyd edilmədiyindən müraciətə cavab əməkdaşlarla arasında olan danışıq zamanı iddiaçı tərəfindən verilən məlumatlara əsaslanıb tərtib edilmişdir. Hazırda cavabdeh iddiaçıya satılan soyuducunun həqiqətən də yararsız olduğunu bildiyi halda, satılan soyuducunu yenisi ilə əvəz etməkdən imtina edir. Ona görə də iddiaçı məcbur qalaraq soyuducuya görə ödədiyi 969 manat pulun cavabdehdən geri alınması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, o, qarantiya müddətinin bitməsinə 1 (bir) ay qalmış soyuducunun düzgün işləməməsi barədə müraciət etmişdir. Təxminən 2018-ci ilin əvvəlində, ildən 15-20 gün keçmiş soyuducu ilə bağlı zəng edərək soyuducunun düzgün işləməməsi barədə müraciət etmişdir. Sözügedən soyuducu təmirə gedəndə ona əvəzedici soyuducu vermişlər. Onun özünə məxsus soyuducunu geri götürməməsinə səbəb həmin soyuducunun 3-4 dəfə xarab olması və düzəldilməsi ilə bağlıdır. Aldığı soyuducu özünü doğrultmamışdır. O, soyuducunu 2018-ci ilin noyabr ayında dəyişdirməyə vermişdir. Hazırda cavabdeh təşkilat tərəfindən eyni marka və modeldə soyuducunun ona verilməsinə etiraz etmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbi tam əsassızdır.Belə ki, həqiqətən də İddiaçı 29.12.2017-ci tarixində cavabdeh Maxi.az məişət texnikası və elektronika mağazasından “Samsung” markalı soyuducu almışdır. Soyuducuya verilən zəmanət onlara məxsus deyildir. İddiaçı 18.03.2018-ci il tarixində əvvəl zəmanət üzrə servisə müraciət etmiş və qüsur müəyyən olunmamışdır. Daha sonra iddiaçı 2018-ci ilin noyabr ayında qeyd olunan soyuducunu servis xidmətinə vermişdir. Digər tərəfdən iddiaçının məhkəməyə müraciəti əsasında soyuducuya görə MAXİ.AZ Şirkətindən 969 manat məbləğində pul tutulmuş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamə vardır, dəymiş ziyan müəyyən edilmiş və iddiaçının xeyrinə tutulmuşdur. Lakin iddiaçı dəymiş ziyanın tutulmasını baxmayaraq, təmsil etdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən də qeyd olunan məbləğdə ziyanın tutulmasını tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 29 dekabr 2017-ci il tarixli 87163 nömrəli hesabfakturadan və 29 dekabr 2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Maxi.az məişət texnikası və elektronika mağazasına 1 (bir) ədəd “Samsung” RT35K5440S8/WT modelində soyuducuya görə 969 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş “Samsung” RT35K5440S8/WT modelli soyuducuya aid kitabçadan görünür ki, 05.03.2018-ci il tarixində soyuducuya aid plata və 3 yol adlı hissələr dəyişdirilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2019-cu il tarixli 97/İ nömrəli məktubdan görünür ki, İddiaçı 11.12.2018-ci il tarixli müraciəti araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İddiaçı ilə əlaqə saxlamış və İddiaçı ona verdiyi məlumata əsasən 17.12.2018-ci il tarixdə Maxi.az mağazasından soyuducu almış, noyabr 2018-ci il tarixdə soyuducuda qüsur meydana gəlmişdir. Soyuducu Baku Service Company servis mərkəzində təmir olunmuşdur. Lakin İddiaçı soyuducunu geri götürməkdən imtina etmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 7-ci maddəsinə əsasən malda qüsur yarandığı halda istehlakçıların aşağıdakı hüquqları mövcuddur: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Göründüyü kimi istehlakçı kimi İddiaçı hüquqlarından biri də malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasıdır. İddiaçı da bu hüququndan istifadə etmişdir. Belə ki, malda yarana biləcək qüsura dair zəmanət verən tərəf İddiaçı verdiyi məlumata əsasən malı təmir etmişdir. Müraciətdə soyuducuya dair (model, seriya nömrəsi) qeyd edilmədiyindən müraciətə cavab "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı ilə İddiaçı arasında olan danışıq zamanı İddiaçı verdiyi məlumatlara əsaslanıb tərtib etmişlər. İş materiallarında olan iddia ərizəsi və Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Maxi.az Şirkətinə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Maxi.az Şirkətindən dəymiş maddi zərərə görə 969 manat (doqquz yüz altmış doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı Nəzifə Zülfüqarovanın Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilərək qeyd edilən qətnamədə cavabdehin “Maxi.az”şirkəti deyil, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mağazası“Maxi.az” kimi başa düşülməsi qərara alınmışdır.Həmin qərardaddan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi şikayəti Abşeron rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli Qərardadı ilə təmin edilmiş, Abşeron rayon məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 623.1.maddəsinə görə əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2.maddəsinə görə alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, fasonuna, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, həmçinin mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, istehlakçının malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı uyğun mala dəyişmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir; 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, işdə olan sənədlərdən, işin faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, İddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Maxi.az mağazalar şəbəkəsindən 29 dekabr 2017-ci il tarixdə 1 (bir) ədəd 969 manat dəyərində “Samsung” RT35K5440S8/WT modelli soyuducu alınmışdır. Daha sonra, soyuducu qüsurlu çıxdığına görə bir dəfə 2018-ci ildə cavabdeh tərəfindən təmir olunmuş, təkrar həmin qüsur askar edildiyindən iddiaçı soyuduğunu 2018-ci ildə yenidən geri qaytarmış, bu zaman iddiaçı iddia edir ki, əslində soyuducu başqa bir soyuducu ilə dəyişdirilməli idi, hələ də dəyişdirilməmişdir, ona müvəqqəti istifadə üçün başqa bir soyuducu verilmişdir.Cavabdeh tərəf isə buna etiraz olaraq əslində soyuducunun təmir üçün qəbul olunduğunu, təmir olunduğunu ,lakin iddiaçı tərəfindən götürülmədiyini bildirir.İş materiallarından göründüyü kimi iddiaçının dəlilləri təsdiq olunmur, bu barədə işdə hər hansı sübut yoxdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maxi.az Şirkətinə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Maxi.az Şirkətindən dəymiş maddi zərərə görə 969 manat (doqquz yüz altmış doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilsə də, həmin qətnamə iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından icra olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1899/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1899/2021
21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver