Məhkəmə qərarları › İş №2(012)-1904/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1904/2023

21.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1904/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı protokolun ləğvi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı protokolun ləğvi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən tərtib olunmuş Rİ 051143 (akt-protokol 009133) saylı aktın ləğv edilərək əsassız hesablanmış 571.39 manat borcdan qalıq qalan 317.39 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 35.1 maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 53.2. maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Qanunun tələblərindən göründüyü kimi, filial hüquqi şəxs sayılmadığı halda, iddiaçı cavabdeh qismində "xxxx" ASC-nin Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsini qoymuş və həmin filialın ünvanını iddia ərizəsinə qeyd etməklə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib iddia ərizəsini qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Abşeron rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı protokolun ləğvi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar