Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1905/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı X1, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh «xxxx» ASC-nə qarşı «elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına qanunsuz hesablanmış 1817 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında ailəsiylə birlikdə 2004-ci ildən yaşayır. Bu illər ərzində yay ayları 18-20 manat, qış ayları 35-45 manat bank hesabı ilə vaxtı-vaxtında işıq pulu ödəmişlər və heç zaman borcları olmamışdır. Bir neçə gün bundan öncə işıq idarəsinin nümayəndələri qapını döyüb şifahi bildiriş vermişlər ki, onların dövlətə 1817 manat məbləğində işıq pulu borcları var. O, dərhal qaynar xəttə zəng etmişdir. Ona bildirdilər ki, o, birbaşa işıq idarəsinə müraciət etməlidir. İşıq idarəsinə gedib problemi araşdırmağa çalışmışdır. Əvvəl ona bildirdilər ki, problem sayğacın nasazlığından irəli gəlmişdir, sonra idarənin rəis müavini ilə görüşmüş amma tutarlı bir cavab ala bilməmişdir, əksinə onu təhqir etdi, ərazi nəzarətçisi ilə əl-bir olduğumu sayğacda göstərici düz göstərməməsini bildirib qondarma borcun ödəməsini onlardan tələb etdi. O, Abşeron rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və müvafiq cavabı almışdır. 07.08.2015-ci ildən 13.12.2020-ci ilədək 1879 manat ödəniş etmişdir. Hesab edir ki, 1817 manat məbləğində işıq pulu ona qanunsuz hesablandığından silinməlidir. Cavabdeh şirkət ona nə akt nə də başqa bir sənəd təqdim etməmiş və etməkdən də imtina etmiş, həmçinin onun ünvanına verilən elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq etdilər ki, bu da qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, akta əsasən hesablanan borc sayğacın borcudur. İddiaçı mütəmadi olaraq ödənişlər etsə də, sayğac düzgün oxunmadığından bu qədər borc hesablanmışdır. Baxış keçirilən zaman sayğaca müdaxilə olduğu və 1913 manat borcu olduğu aşkarlanmışdır. İşıq sərfiyyatı üçün borc 1 m3-i 7 qəpikdən, sayğac limitdən artırdıqdırsa, 1m3-i 10 qəpikdən hesablanır. O, iddiaçının 1879 manat ödəniş etdiyini qəbul edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 05.04.2021-ci il tarixli abunə haqqında cədvəldən görünür ki, **********14617 saylı Abunə kodu üzrə 07.08.2015-ci il tarixdən 03.12.2020ci il tarixədək sərf olunan elektirik enerjisinə görə abonentin 1913,41 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə **********14617 №-li abonent koduna hesablanmış 1817 manat məbləğində borc silinməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi abonentə hesablanmış 1913 manat borcun akta əsasən hesablanan sayğac borcu olduğunu, sayğac düzgün oxunmadığından, sayğaca müdaxilə olduğundan bu qədər borc hesablandığını bildirmiş, lakin etirazlarının əsasları ilə bağlı hər hansı bir sübuta istinad etməmiş, yalnız özünün formal mülahizəsinə əsaslanmış, əksinə olaraq məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, **********14617 saylı Abunə kodu üzrə illər və aylar üzrə mütəmadi olaraq stabil ödənişlər aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.33-cü bəndinə əsasən Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonent və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalmaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin, yuxarıda qeyd olunduğu kimi cavabdeh təşkilat Nazirlər Kabinetinin sözügedən qərarından irəli gələn tələblərə əməl olunması ilə bağlı hər hansı bir sübuta istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. «xxxx» ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisinə görə qanunsuz hesablanmış 1817 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1905/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1905/2021
26.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver