Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1907/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın qiymətləndirilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın qiymətləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 dekabr 2023-cü il tarixli əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilərək əmlakın qanuni qiymətinin torpaq sahəsində yerləşən ev nəzərə alınmaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4862/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar ona məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,10 ha torpaq sahəsi MMC-nin 14 dekabr 2023-cü il tarixli əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesabatı ilə 40000 manata dəyərləndirilmişdir. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evi, evin yerləşdiyi ərazi, şərait və coğrafi mövqe də daxil olmaqla heç bir amil nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh mübahisəli əmlakın dəyərini real bazar və likvid dəyərinə münasibətdə olduqca ucuz müəyyən etməklə, onun mülkiyyət hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Bu Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Əmlakın qiymətləndirilməsi ilə bağlı münasibətlər “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, icra icraatı zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən, borclunun əmlakının düzgün qiymətləndirilməməsindən məhkəməyə narazılıq müvafiq şəxs tərəfindən iddia ərizəsi vasitəsilə deyil, şikayət ərizəsi vasitəsilə bildirilir. Bu zaman tərəflər iddiaçı və ya cavabdeh kimi qeyd edilmir, mülki iş 8 indeksi ilə başlanır və yekunda məhkəmə mübahisə üzrə qərardad qəbul edir, şikayət ərizəsinin verilməsi üçün isə hər hansı dövlət rüsumunun ödənilməsi tələb edilmir. İddiaçı hazırki iddia ərizəsindən isə görünür ki, o, cavabdeh kimi qiymətləndirici təşkilatı qeyd etmiş, məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət ərizəsi deyil, iddia ərizəsi təqdim edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, İddiaçı ona məxsus əmlakın qiymətləndirici tərəfindən daha ucuz dəyərləndirilməsinə istinad etməklə məhkəmədə hazırki iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı hesabatın etibarsız hesab edilməsi və əmlakın qiymətləndirilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1907/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1907/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver