Məhkəmə qərarları › İş №2(012)-1909/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1909/2021

29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1909/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktların etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktların etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək anası X1 adına tərtib edilmiş 26.12.2019-cu il tarixli ******* saylı aktın və onun adına tərtib edilmiş 29.12.2019-cu il tarixli ******* saylı aktın etibarsız hesab edilmələrinə və həmin aktlara əsasən hesablanmış cəmi 432 manat (216+216=432 manat) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayon Xırdalan şəhərində yaşayır. 29.12.2019-cu il tarixdə onun və anasının adına olan qaz sayğacları dəyişilmiş, yeni sayğac qoyulmuşdur. Sayğaca onlar tərəfdən heç bir müdaxilə olunmamışdır ki, bu hal aktlarda da öz əksini tapmışdır. Belə ki, aktlarda sayğacların korroziyaya uğradığı qeyd olunmuşdur. Eyni zamanda onlara məxsus mənzilə quraşdırılmış sayğaclar mənzildən kənarda küçədə quraşdırılmışdır ki, zaman-zaman da yağışlı, küləkli havanın təsirinə məruz qalırdı. 2010-cu ildə quraşdırılmış sayğacların işləmə müddəti 5 ildir. Həmin ilin tamamında isə Azəriqaz İB nümayəndələri təmənnasız gəlib dəyişməli olmalarına baxmayaraq 9 ildən sonra sayğacı dəyişmiş, üstəlik də korroziya barədə yazaraq rəhmətlik anasının və onun adına olan sayğaclar üçün hər birinin adına 216 ( iki yüz on altı ) manat cərimə yazılmış və bir ilin tamamında onlara məlumat verilmişdir. Eyni zamanda, sayğaclar dəyişiləndə onların iştirakı olmamışdır. Maraqlı olan isə onun və rəhmətlik anasının adına yazılan cərimənin eyni olmasıdır. Belə ki, 216 manat onun adına, 216 manat da anasının adına yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Bundan başqa Cavabdeh İstehlak Birliyinin əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına hüquqverən müvafiq normativ hüquqi adların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin, sayğacdan istifadə etdiyi dövrlərdə hər ay pul ödəmiş və qazdan istifadə etmişdir. Göründüyü kimi mövcud qanunvericilik istehlakçı tərəfindən istehlak olunan təbii qazın dəyərinin düzgün hesablanmamasına görə mülkiyyətin bilavasitə paylayıcının üzərində olduğunu müəyyən etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı yaşadığı Abşeron rayon Xırdalan şəhərində yerləşən evdə quraşdırılmış sayğaclara dair tərtib olunmuş aktlardan da göründüyü kimi sayğaclara müdaxilə faktı aşkar edilmişdir. Bu müdaxilədən sonra sayğacın klapanı işləməmişdir. Sayğac evdən kənarda, həyətdə quraşdırılmışdır. Qeyd olunan müdaxilə də məhz plomb vurulmazdan əvvəl edilmişdir. Çünki plombun vurulmasından sonra müdaxilənin edilməsi mümkün deyildir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RPİ tərəfindən verilmiş AZE seriyalı ******** saylı 24.09.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.06.2020-ci il tarixli AZ-İİ № 092355 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 20.05.2020-ci il tarixdə serebral ateroskleroz xəstəliyindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 475 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -29.12.2019-cu il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, G-4 markalı MSR**********80 saylı rəyə əsasən 1202AQ********** saylı sayğacın klapanı işlək olmadığı və yivli birləşmələrin korroziyaya uğradığı müəyyən edilmiş və dəymiş ziyanın hesablanması tələb olunmuşdur. -29.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilmiş, 29.12.2019-cu il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (4x6x90=2160 m3) ödənilməsi qərara alınmışdır. -Abonent saldosundan görünür ki, X1 adına olan abonent kodu **********20000 olan, ailə tərkibi 4 nəfər olan - ünvan 3 ünvanında 26.07.2019-cu il tarixdə Smart G-4 X8 tip markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1).Samovar (1/1) Qızdırıcı radiator peçi (2/2), Dəmir peçi(3/3) abonentin borcu 216,00 manat hesablanmışdır. -26.12.2019-cu il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, G-4 markalı 1202AQ********** saylı sayğacın plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu müəyyən edilmişdir. Abonent saldosundan görünür ki, İddiaçı adına olan abonent kodu **********40630 olan, ailə tərkibi 3 nəfər olan - Abşeron rayonu, Quşçuluq massivi ünvanında 26.07.2019cu il tarixdə Smart G-4 X8 tip markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Kombi (1/1) abonentin borcu 216,00 manat hesablanmışdır. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, İddiaçı mərhum anası X1 adından Cavabdeh tərəfindən ünvan 1 ünvanına quraşdırılmış X1 adına tərtib edilmiş abonent kodu **********20000 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin silinməsinə dair iddia qaldırması anasının vərəsəsi olduğundan əsaslıdır və qanunauyğundur. Mülki Məcəllənin 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306. maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smartkart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miüddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanınadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; İş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçının evinə quraşdırılmış sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid evin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, akta əsasən sayğacın yararsız hala düşdüyü müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Göründüyü kimi bütün bunlar iddiaçının qaz sayğacına müdaxilə etməsini tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmiş, iddia tələbinə qarşı müdafiə hüquqlarını təşkil etməmişlər. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanına quraşdırılmış X1 adına tərtib edilmiş abonent kodu **********20000 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin tutulmasına dair tərtib edilmiş 29.12.2019-cu il tarixli ******* saylı və İddiaçı adına tərtib edilmiş abonent kodu **********40630 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin tutulmasına dair tərtib edilmiş 26.12.2019-cu il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsassız hesab edilərək ləğv edilməli, iddiaçı həmin Aktlar əsasında qanunsuz hesablanmış 432 manat (216+216=432 manat) cərimə məbləğinin ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360, 252–ci -cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanına quraşdırılmış X1 adına tərtib edilmiş abonent kodu **********20000 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin tutulmasına dair tərtib edilmiş 29.12.2019-cu il tarixli ******* saylı akt ləğv edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanına quraşdırılmış İddiaçı adına tərtib edilmiş abonent kodu **********40630 olan qaz sayğacına görə iddiaçıya hesablanmış 216 (iki yüz on altı) manat cərimənin tutulmasına dair tərtib edilmiş 26.12.2019-cu il tarixli ******* saylı akt ləğv edilsin. İddiaçı 29.12.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmiş 216 manat cərimə və 26.12.2019-cu il tarixli ******* saylı aktla əsasən hesablanmış 216 manat cərimə məbləğləri əsassız olduğundan hər iki abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar