Məhkəmə qərarları › İş №2(012)-1909/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1909/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1909/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğinin silinməsi və qaz hesabından tutulan vəsaitlərin hesaba geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi ünvanında yerləşən abonent kodu **********52470 olan qaz sayğacına qanunsuz olaraq hesablanmış 777,60 manat borcun silinməsi və ödənilmiş 54,50 manat pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********52470 olan qaz sayğacından istifadə edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə abonent kodu **********52470 olan sayğaca ******* saylı akt tərtib edilmiş və ümumilikdə 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə sənaye və məişət qaz sayğaclarının kalibrləmə labaratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14- 2-2/3-5-6382/Q001 nömrəli aktına əsasən G-4 markalı **********8 nömrəli sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilib. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi qeyd edilmişdir. Köhnə mexaniki sayğac xx.xx.2023-cü il tarixdə yeni smart sayğac ilə əvəz olunmuşdur. Belə ki, sözügedən aktdan sayğac yenisi ilə əvəz edildikdən altı ay sonra karta ödədiyi pulun yarsının silinməsindən sonra xəbəri olmuşdur. Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədə G-4 markalı **********8 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilməsini, sayğacın hesablayım mexanizminin iş prinsipinə maneə törədilməsi qeyd etmişdir. Hansı ki, həmin plastmas qapağın alt hissəsini əzmək üçün sayğacın plombunu qırmaq və onun altına müdaxilə etmək mümkündür. Ancaq onun fərdi yaşayış evinə quraşdırılmış sayğacın plombu qırılmamış ona heç bir müdaxilə edilməmişdir. Bundan belə bir qənaətə gəlmək olur ki, yazılmış akt əsassız və qanunsuzdur. O, Azəriqaz istismar birliyinə yazılmış cərimənin silinməsi ilə bağlı şifahi müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdəfiə etdi və iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materialında olan Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* №-li aktdan görünür ki, MSK 14-2-2/3-5-6382/Q001 saylı rəyə əsasən çıxarılan sayğacda qaz itkisi və müdaxilə aşkarlanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* №-li nömrəli akta əsasən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6x12x90=6480 kub metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********52470) 777,60 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda İddiaçı 44,50 manat ödəniş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 777,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat borc silinməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 54,50 manat pulun iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhz 54,50 manat pulun borcun silinməsinə xərclənməsi sübuta yetirilməsə də, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya 777,60 manat borc hesablandıqdan sonra iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə müxtəlif məbləğlərdə pul ödənişləri həyata keçirilmişdir. Hazırda abonent tərəfindən hesaba ödənilmiş məbləğin geri qaytarılması mexanizmi mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 777,60 manat cərimənin silinməsi, özü-özlüyündə, cərimə üçün ödənilmiş 54,50 manat pulun abonent tərəfindən sonradan sayğaca əsasən istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsində nəzərə alınması üçün əsasdır. Bu səbəbdən də, məhkəmə iddianı həmin hissədə təmin etmir və izah edir ki, həmin məbləğ iddiaçının istifadə edəcəyi qazın dəyərinin ödənilməsində cavabdeh tərəfindən nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat məbləğində cərimə borcu Cavabdeh tərəfindən **********152470 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar