Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1916/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 350 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent kodu ona 2023-cü ilin sentyabr ayında "xxxx" ASC tərəfindən açılıb. Sözügedən yaşayış evi yeni tikilib və oraya sayğac yeni quraşdırılıb. Sayğac xx.xx.2023-cü il tarixdə qoyulub. 170 manat sayğacın dəyərini ödəməyə razıdır, lakin 350 manata gücü çatmır. Bir neçə dəfə “Azərişıq ASC-yə müraciət etsə də, həmin borcun yalnız məhkəmə qərarı ilə silinməli olduğunu və onların səlahiyyətində olmadıqlarını bildirmişlər. Bunun üçün də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuzdur. Sayğac çöldə yerləşir və sayğaca cavabdehliyi o daşmır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinadən iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 035089 saylı akta əsasən ona hesablanmış 520,55 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2023-cü il tarixli, 035089 saylı aktdan görünür ki, abonent İddiaçı məxsus evdəki sayğaca baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzildə elektrik enerjisi sayğacsız və qeydiyyatsız istehlak edilir. İş materiallarında olan **********04548 saylı abonentin saldosundan görünür ki, İddiaçı borcu elektrik enerjisinə görə sayğac üzrə 29,60 manat, aktlar üzrə 520,55 manat, ödəmələr 20 manat, sayğac quraşdırılan tarixə borc 530,15 manat, Paud sayğaca yazılan akt 520,55 manat olmaqla, cəmi borc 520,55 manat təşkil edir. Saldodan görünür ki, EİQnin pozulmasına görə xx.xx.2023-cü il tarixli aktla abonentə ümumilikdə 520,55 manat cərimə tətbiq olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Abonentin saldosundan görünür ki, abonent 2023-cü ilin oktyabr ayından başlayaraq olduqca az miqdarda elektrik enerjisindən istifadə etmişdir (157, 231 və 370 kvt). Mübahisəli akt isə abonentə xx.xx.2023-cü ildə tərtib edilmişdir. İddiaçının (abonentin) bir müddət elektrik enerjisindən sayğacdankənar qaydada istifadə etdiyi nəzərə alınarsa, mübahisəli akt üzrə hesablanmış cərimələr abonentin hesabından tam olaraq silinə bilməz. Lakin abonent həmin akt əsasında ona tətbiq edilmiş cərimə məbləğinin yüksək olmasından narazı olduğundan məhkəmə hesab edir ki, həmin cərimə məbləği abonentdən azaldılaraq tutulmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, abonentə qış-payız mövsümü üçün gün ərzində 10 saat, yaz-yay mövsümü üçün isə 6 saat olmaqla 3 aylıq sərfiyyat həddində, yəni xx.xx.2023-cü il tarixli akt üzrə 180,18 manat (2,2 x 10 x 0,7 x 90 gün = 1386 kvts x 0,13 = 180,18) cərimə tətbiq edilməsi daha ədalətlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “a” yarımbəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 1 aylıq qiymət 0,13 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən abonentə cərimə tətbiq edilərkən artıq hesablama aparılmış və yüksək məbləğdə cərimə hesablanmışdır. Bu hallara qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tətbiq edilmiş 340,37 manat (520,55-180,18) cərimə silinməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********04548 saylı abonent kodu üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı hesablanmış 340,37 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1916/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1916/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver