Məhkəmə qərarları › İş №2(012)-1918/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1918/2024

23.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1918/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunaraq, 1702,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən onun barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması və hesablanmış 1555,20 məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********05890 olan qaz sayğacı ona məxsusdur. Qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus fərdi yaşayış evinin qaz sayğacına baxış keçirilmiş, guya sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 29/1710- 05001-1 №-li aktına əsasən G-4 markalı, 12533688 №-li sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli, ******* saylı akt və dəymiş ziyanın bərpasına dair itirilmiş 12960 m3 qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması barədə tələbnamə tərtib olunmuşdur. Qeyd edir ki, sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi, nə də şifahi olaraq heç bir rəsmi məlumat verilməmişdir. Ümumiyyətlə, sayğaca baxış keçirilərkən o və ailə üzvləri evdə olmamışdırlar. Baxış keçirilərkən Cavabdeh əməkdaşları tərəfindən sayğaca qəsdən müdaxilə olunmuşdur. Həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır və heç bir həqiqəti əks etdirmir. Yaşadıqları fərdi yaşayış evinə məxsus qaz sayğacı evin həyətyanı sahəsindən xaricdə, xeyli uzaq məsafədə quraşdırıldığına görə ətrafından hər gün yüzlərlə insan keçir. Sayğaca o yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə, sayğaca toxunmamışdırlar. Onun barəsində əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 12960 m3 qaza görə ümumilikdə, 1555,20 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Cavabdeh tərəfindən qeyd edilmiş nöqsan, tərtib edilmiş akt və yazılmış cərimə tamamilə əsassızdır. Bu səbəbdən də barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması və 1702,20 məbləğində cərimə borcunun silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğac həyətdə oynayan uşaqlar tərəfindən zədələnmişdir, lakin sayğacın plombuna deyil, ekranına zərər dəymiş, ekran şüşəsi sındırılmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********05890 olan sayğaca baxış keçirilən zaman MSK-29/1710-05001-1 saylı rəyinə əsasən 12533688 saylı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********05890) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə (abonent kodu: **********05890) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Səfərov X1 rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşici alətlə deşilmiş vəziyyətdə olması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması hissəsinin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 35.6 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu cavabdeh təşkilatdan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********05890) quraşdırılmış qaz sayğacına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat cərimə silinsin. Cavabdehndən 35.6 (otuz beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar