Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1956/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin iki otağından çıxarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7000 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında qeydiyyatdadır. O, 2004-cü il tarixindən bu ünvanda yaşamışdır. Bu ünvanda ona məxsus iki mənzil vardır. 2016-cı il tarixində o özünə məxsus 3 otaqlı evin 1 otağını Cavabdeh 11000 manata satmışdır. Qeyd edilmiş ünvandakı mənzilin çıxarışı olmadığına görə alqı-satqı öz aralarındakı razılaşma əsasında olmuşdur. O həmin mənzilin iki otağını isə bağlamışdır. Onun həmin torpaq sahəsində digər mənzili də olduğuna görə bir otağı satmağa razılaşmışdır. 2021-ci ilin sonunda ona məlum olmuşdur ki, Cavabdeh satılmış bir otaqlı mənzilin divarını sökərək, iki otağı da öz evinə birləşdirmişdir. Cavabdeh onun iki otaqda yerləşən əşyalarını atmış, təmiri söküb yenidən özü etmişdir. O və atası bu barədə cavabdehlə aralarındakı problem həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Buna görə də onun tərəfindən Daxili İşlər Nazirliyi 102 xidmətinə müraciət olunmuşdur. Cavabdeh Abşeron Rayon Polis İdarəsində verdiyi izahatda həqiqətən qeyd edilmiş ünvanda yaşadığını, bu evi 2016-cı il tarixində ondan 11000 manata aldığını bildirmişdir. Lakin evi qeyd edərkən bir otaqlı deyil, üç otaqlı kimi yazmışdır. Polis bu məsələdə cinayət tərkibi olmadığı nəticəsinə gəldiyi üçün mülki qaydada məhkəməyə müraciət etmişdir. Odur ki, əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddiaçının izahatıyla eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, o, iddianı qəbul etmir və hesab edir ki, iddia aşağıda istinad edilmiş maddi və maddi prossesual hüquq normaların tələblərinə uyğun olaraq rədd edilməlidir. "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokoluna əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir və heç kes öz mülkiyyətindən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinin tələblərinə görə respublikada hər bir vətəndaşın mülkiyyət hüquqları toxunulmazdır və dövlət tərəfindən qorunur və müdafiə olunur. AR MM-nin 139-cu maddəsinin tələblərinə əsasən mülkiyyət hüquqları və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəyə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. AR MM-nin 146.2-ci maddəyə görə isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər iizrə qeydiyyatı tarixindən əmələ gəlir. Nəhayət AR MM-nin 152.1-ci maddəyə görə hər bir mülkiyyətçi ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Həmin Məcəllənin 157.1-ci maddəyə görə isə hər bir mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri iiçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2, 180.3 və 180.4-cü maddələrinin tələblərinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyalı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki işin materiallarından məlum olur ki, iddiaçının mübahisə predmeli olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə dair hər hansı bir hüquqları dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin mənzilin ona məxsus olması təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bu əsasla da hesab edir ki, iddiaçının dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa edilmiş tikilidən onu ailə üzvləriylə birlikdə çıxarılmasına dair tələbi əsassız və qanunsuz hesab edilməklə təmin edilməməlidir. Əslində iddiaçı 2016-cı ildə heç bir hüquqi əsası olmayan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin yaşayışa yararsız vəziyyətdə olan 3 otağını 2016-cı ildə aralarında tərtib edilmiş qəbz əsasında 11000 manata ona satmış, həmin ildə də tikilini tam təmir etdikdən sonra ailə üzvləriylə köçüb həmin ünvana qeydiyyata düşməklə yaşayır. Etiraz ərizəsinə əlavə etdiyi həmin qəbzdən də görünür ki, İddiaçı özünə məxsus olan evi 11000 manata ona satmış və əvəzində ondan 11000 manat pul aldığına dair qəbzi imzalamışdır. AR MPM-nin 77.1-ci maddənin tələblərinə görə tərəflər istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən və iddiaya əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, mübahisənin predmeti olan mənzilin iddiaçıya məxsus olduğunu, 2016-cı ildə həmin mənzilin 1 otağını ona satdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının AR MM-nin 152-ci və 152.5-ci maddələrinə düzgün istinad etmədən ona qarşı qaldırdığı tələb qanunsuz və əsassız hesab edilməlidir. Həmçinin iddiaçının tikilinin onun tərəfindən zəbt edilərək sökülməsi nəticəsində iddiçıya 7000 manat dəyərində maddi ziyan vurulduğuna dair tələb AR MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinin tələblərinə zidd olaraq qaldırıldığından təmin edilməməlidir. Belə ki, AR MM-nin 21.1-ci maddəyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək iiçiiu çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədəl əriməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MM-nin 21.3-cü maddəsinə görə isə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı ona qarşı qaldırdığı iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış imzalanmış və Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, İddiaçı özünə məxsus olan evini Cavabdeh satmış, Cavabdeh isə bunun əvəzində İddiaçı 11000 manat pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1215 №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” Massivi, 11-ci küçədə yerləşən evdə İddiaçı qeydiyyatdadır. İş materiallarında olan Asan 3 tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh 20 dekabr 2021-ci il tarixdən ünvan 1 ünvanında X2, X1 və X4 ilə birlikdə qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə işin mübahisə edilməyən hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında yerləşən 3 otaqdan ibarət özbaşına tikili olan fərdi yaşayış evi 2004-cü il tarixindən İddiaçı faktiki istifadəsində olmuş və İddiaçı həmin ünvanda rəsmi qeydiyyatdadır. 2016-cı il tarixində İddiaçı özbaşına tikili olan 3 otaqlı evin 1 otağını Cavabdeh qeyri-rəsmi olaraq 11000 manata satmış,evin həqiqətən də 11000 manata satılması məhkəmədə mübahisə predmeti olmamış,hər iki tərəfin izahatı və iş materiallarında olan iddiaçı tərəfindən yazılmış və imzalanmış imzası ilə tam təstiq olunur. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin bir otağının 11000 manata satıldığını,digər otaqlarının cavabdeh tərəfindən zəbt edilməsini göstərmiş, cavabdeh isə 11000 manata fərdi yaşayış evinin bütövlükdə üç otağını aldığını bildirmişdir.İddiaçı məhkəmədə satılan bir otağın digər iki otaqdan təcrid olunmuş formada,yəni satılan və satılmayan otaqlara ayrıca giriş-çıxış qapılarının olduğunu bildirmiş, cavabdeh isə mübahisəli fərdi yaşayış evinin bir giriş qapısının olması, bir otaqdan digər otağa giriş qapısının mövcud olduğu və iddiaçının iddia etdiyi otaqlarda iddiaçıya aid heç bir əşyanın mövcud olmadığını bildirilmişdir.Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilərkən fərdi yaşayış evinin otaqların yerlşmə vəziyyəti barədə iddiaçının iddia ərizəsndə və məhkəmədə göstərdikləri təstiqini tapmış,cavabdehin göstərdikləri isə inkar olunmuşdur.Belə ki, yerli baxış zamanı həqiqətən də özbaşına tikili olan 3 otaqlı fərdi yaşayış evin əvvəllər bir otağının və digər iki otağının bir birindən təcrid olnmuş formada, hər ikisinin girişçıxış qapısının ayrıca olması, iki otağa giriş qapısının sökülməsi, yarıya kimi hörülməsi,hörgünün üzərinə pəncərə qoyulması, bir otaqdan digər iki otağa giriş-çıxışı təmin etmək üçün otaqlar arasında olan ara divarının qapı qoyulmadan oyulması açıq gözlə müşahidə olunmuş və iddiaçını iddia etdiyi otaqların birində iddiaçıya məxsus köhnə paltar şkafı müəyyən edilmişdir.İddiaçının izahatı yerli baxışla təstiqin tapdığından,bunları inkar edən cavabdehin izahatından başqa digər sübut müəyyən edilmədiyindən, məhkəmə iddiaçının izahatının həqiqəti əks etdirdiyi nəticəsinə gəlmiş, cavabdehin göstərdikləri isə yerlibaxışla inkar olunduğundan, məhkəmə cavabdehin izahatına tənqidi yanaşmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11ci küçə ünvanda yerləşən İddiaçı qeydiyyatda olduğu özbaşına tikili olan fərdi yaşayış evinin iki otağının cavabdeh tərəfindən tutulması iddiaçının hüququnun pozulması ilə nəticələnir. Vəkil2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki,məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanda yerləşən fərdi yaşayış evinin iki otağına dair “qanuni gözləntiyə” malik hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanda yerləşən fərdi yaşayış evinin iki otağınbı zəbt edərək cavabdehin hüquqdan suiistifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məhkəmə iddia tələbinin cavabdehin ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin iki otağından çıxarılması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olan 7000 manatın Cavabdeh onun xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki,cavabdehlərin ailə üzvlərin adı və soyadı göstərilmədiyindən, yəni tələb konkret və aydın olmadığından,bu hal qətnamənin icrasını mümkünsüz etdiyindən, dəymiş maddi zərərin ödənilməsi ilə bağlı isə sübutlar təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin iki otağından çıxarılsın. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1956/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1956/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver